YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın energetika naziri Dohada neft hasilatçısı ölkələrin görüşündə iştirak edəcək

Aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçısı ölkələrin görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Energetika Nazirliyindən bildirilib ki, Qətər dövlətinin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada tərəfindən ünvanlanmış məktubda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv bütün ölkələrin, o cümlədən təşkilata üzv olmayan, lakin əsas neft istehsalçıları sayılan dövlətlərin iştirakı ilə keçiriləcək bu toplantıda Azərbaycanın da iştirakının vacibliyi qeyd edilib.

“Neft hasilatçısı və ixracatçısı kimi Azərbaycanın bununla bağlı mövqeyi bundan ibarətdir ki, dünya bazarında neftin qiymətinin iqtisadi səbəblərdən çox, siyasi amillərin təsiri ilə kəskin şəkildə, 3-4 dəfə aşağı düşməsi uzunmüddətli prosesə çevrilməklə nə istehsalçı, nə də istehlakçı dövlətlərin maraqlarına cavab verir. Dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklif Azərbaycan tərəfindən də məqbul hesab edilir. Çünki yaranmış indiki vəziyyətdə heç bir neft hasilatçısı və investor üçün neft hasilatı cəlbedici deyil. Digər tərəfdən, neft tükənən sərvət olduğundan, hasilatı artırmaqla gəlirləri artırmaq sərfəli deyil. Neft bazarında balansın yaradılması məqsədilə bütün ölkələrin maraqlarına uyğun qərarın qəbulunda Azərbaycan da yaxından iştirak edəcək”, - deyə nazirliyin məlumatında deyilir.

Azərbaycanın mövqeyini yüksək qiymətləndirən OPEC öz tədbirlərinə müşahidəçi qismində Azərbaycanı da dəvət etməklə ölkəmizin mövqeyini nəzərə alır.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ilk neft hasilatından bəri ümumilikdə 393,5 milyon ton xam neft hasil edilib. Azərbaycanda neft hasilatı üzrə ən yüksək göstərici 2010-cu ildə 50,8 milyon ton olub. Bu ilin 1-ci rübündə respublikada 10 milyon 496 min ton neft hasil edilib. Hazırda Azərbaycanda gündəlik 115 min ton neft hasil olunur.

Xatırladaq ki, OPEC və qeyri-OPEC neft istehsalçıları aprelin 17-də Qətərin paytaxtı Dohada toplaşaraq hasilatın həcmini “dondurmaq” barədə qərar qəbul etməyi nəzərdə tuturlar. Rusiya və OPEC-ə üzv bəzi ölkələrin - Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın enerji nazirləri isə fevralda Dohada toplaşmış və digər böyük hasilatçılarının da qatılması şərti ilə xam neft istehsalının miqdarlarını yanvardakı səviyyəsində “donduracaq”larını açıqlamışdılar.

 

DİGƏR Xəbərlər Arxiv