YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

Aprelin 7-də Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak ediblər.

Nazir Elmar Məmmədyarov bu formatda keçirilən görüşlərin ölkələrimiz arasında ikitərəfli və üçtərəfli əsasda münasibətlərin daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. O, xüsusilə dövlətlərimiz arasında “Şimal-Cənub” layihəsinin inkişafı, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Bildirilib ki, görüşdə nazirlər digər sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişafı məsələlərini də müzakirə ediblər.

Elmar Məmmədyarov, eyni zamanda, həmkarlarını son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı məlumatlandırıb. Qeyd edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə qoşunların təmas xəttində təxribatlar törətməklə, dinc əhalini hədəfə almaqla vəziyyətin gərginləşməsinə, münaqişənin siyasi yolla həllinin çətinləşdirilməsinə çalışır. Ermənistan bu günədək irəli sürülən bütün təkliflərin icrasına maneə olmağa çalışıb.

Nazir bir daha vurğulayıb ki, danışıqlar konstruktiv məcrada davam etdirilməlidir. Ermənistan tərəfi də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır. Münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.