YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Bu gün Azərbaycan xalqı tamamilə qələbə xəbərlərinə köklənib

«Azərbaycan ordusunun cəbhə xəttində qazandığı uğurlar, əsgərlərimizin apardıqları əməliyyatlar, düşmənə vurulan sarsıdıcı zərbələr hər birimizi hədsiz dərəcədə sevindirir və qürurlandırır. Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti, cəmiyyətimiz ictimai fikir tamamilə qələbə xəbərlərinə köklənib. Çox böyük fəxrdir ki, bu gün Azərbaycan xalqının hər bir fərdində Ordumuza, dövlətimizə, cənab Ali Baş Komandana böyük inam var. Biz bunu sosial şəbəkələrdə də, yolda insanlarla ünsiyyətlərimizdə də, seçicilərimizin bizə ünvanlanan müraciətlərində də aydın şəkildə görürük». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu gün Azərbaycan cəmiyyəti bir məqsəd, bir amal uğrunda səfərbərdir – İşğal altındakı torpaqlarımızı mütləq azad edəcəyik. Onun sözlərinə görə, aprelin 2-də cəbhədə baş vermiş hadisələr, bundan öncə də ermənilərin təxribatlarına verilən layiqli cavablar Azərbaycan ordusunun Qarabağı erməni işğalından azad edəcəyi günün uzaqda olmadığını göstərir.

«Bir məqamı da qeyd etmək istəyirəm. Ermənilər həmişəki xislətlərinə sadiq qalaraq, öz havadarlarının da köməyi ilə beynəlxalq ictimaiyyətdə yalnış rəy formalaşdırmağa çalışır. Xüsusilə, erməni diasporuna yaxın media və siyasətçilər Azərbaycana qarşı qara piar kampaniyası aparır, ermənilərin cəbhə xəttindəki təxribatlarını, mülki əhalini hədəf almasını pərdələmək üçün Azərbaycan Ordusunun öz hüququndan istifadə edib tamamilə haqlı cavab zərbələrini qeyri-adekvat təqdim etməyə çalışır. Bu məsələdə hamımız daha diqqətli olmalı, əvvəlkindən də ayıq sayıq davranmalıyıq. Bütün güc və imkanlarımızla həm də beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq ki, ermənilərin bu hiyləsi baş tutmasın. Mən Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri kimi avropalı həmkarlarıma məlumat verirəm. Çünki bu kimi məsələlər bu komitənin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Yeri gəlmişkən, AŞPA prezidenti cənab Aqramuntun verdiyi bəyanatı da təqdir edirəm. O, tam haqlı olaraq, erməniləri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmağa və BMT-nin məlum qətnamələrini yerinə yetirməyə çağırıb. Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq və düşmənə bundan sonra da layiqli cavab veriləcək. Çünki Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusudur, orduda intizam, ruh yüksəkliyi, texniki təchizat, müharibə şəraitində hazırlığı ən yüksək səviyyədədir. Bununla yanaşı, bizim əsgərlərimiz öz vətənlərini uğrunda döyüşürlər, bu müqəddəs amal uğrunda canlarından keçirlər. Mən bir daha Vətən uğrunda şəhid olan bütün vətən övladlarına rəhmət diləyirəm. Onların əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaq»- deyə, S.Qafarova qeyd edib.