YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaliforniya ravvinləri Pol Rayana müraciətdə Azərbaycanın əhəmiyyətini vurğulayıblar

Amerika yəhudilərinin nəşri olan “Jewish Journal” qəzetində Los-ancelesli ravvin Yon Bukstaynın ABŞ Nümayəndələr Palatasının sədri Pol Rayana müraciəti dərc olunub. Müraciəti ABŞ-ın nüfuzlu ravvinləri Devid Uolp, Simça Qrimm, İzrail Baruk və İtzak Lazri də imzalayıblar. Müraciətdə konqresmen Kristofer Smitin Nümayəndələr Palatasında müzakirəyə təqdim etdiyi “Azərbaycanda demokratiya aktı” deyilən qanun layihəsindən danışılır. Məktub müəllifi yazır ki, belə sənəd ABŞ ilə Azərbaycan arasında münasibətlərə xələl gətirə bilər.

O qeyd edir ki, 2015-ci ilin mayında Azərbaycanda multikulturalizm və tolerantlıq üzrə beynəlxalq konfransda çıxış edib. Bir çox insanlarla, başqa millətlərin və dinlərin nümayəndələri, o cümlədən əhalisinin 95 faizi müsəlman olan bir ölkədə sülh və əmin-amanlıq şəraitində dinc yanaşı yaşayan yəhudilər, xristianlar və müsəlmanlarla tanış olub. Müəllif vurğulayır ki, başqa müsəlman ölkələrində yəhudilərə münasibətdə tolerantlığın olmadığı bir vaxtda Bakıda Azərbaycan rəhbərliyinin tapşırığı ilə yəhudi məktəbləri və sinaqoqlar inşa edilir, Bakı-Təl-Əviv birbaşa reysləri həyata keçirilir. Ravvin qeyd edir ki, ABŞ-ın Azərbaycana münasibətdə siyasəti şübhələrə və uzaqlaşmağa deyil, dostluğa, əlaqələrin möhkəmlənməsinə və dəstəyə əsaslanmalıdır. ABŞ-ın Əfqanıstan və İraqda səylərini dəstəkləyən bir ölkə, Avrasiyada Amerikanın sadiq müttəfiqi olan Azərbaycan Birləşmiş Ştatların güclü tərəfdaşı və dostu kimi özünü təsdiqləyib.

Ravvin Bukstayn müraciətində yazır ki, Yaxın Şərqin təlatümlər içində olduğu, dinlərarası münaqişələrin gücləndiyi və dövlətlər arasında siyasi əlaqələrin pozulduğu bir dövrdə terrorizm və ekstremizmə qarşı mübarizədə Amerika və İsrail ilə bir cərgədə dayanmağa davam edən Azərbaycan kimi müttəfiqləri dəstəkləmək ABŞ üçün əhəmiyyətlidir.

Müraciət konqresmenlər Ed Roys, Kris Smit, Bob Qudlatt və Ceb Hensarlinqə də göndərilib.