YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Dövlətimizə, millətimizə, ərazi bütövlüyümüzə qarşı olan bütün hədələrə layiqli cavab verməyə gücümüz var

«Hər il 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün dövlət səviyyəsində qeyd edilməsinin böyük əhəmiyyəti var. Xalqımıza qarşı soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız müstəqillik qazandıqdan sonra  Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünya ictimai fikrinə çatdırılmağa başlanılıb. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir». Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi ən dəhşətli qətliamlar sırasında 31 mart soyqırımı xüsusi qeyd olunmalıdır. Onun sözlərinə görə, 1918-ci ildə baş vermiş bu qanlı hadisə, demək olar ki, Azərbaycanın bütün  ərazisini əhatə edib.

«Əslində, bu mənfur siyasətin arxasında Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifik “Böyük Ermənistan” dövləti yaratmaq ideyası dayanırdı.  XIX yüzillikdə ermənilərin kütləvi və məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi siyasəti də məhz bu mənfur ideyanın həyata keçirilməsinə hazırlıq prosesi sayıla bilərdi. Məhz bu yolla azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaq, işğala məruz qoymaq olardı ki, ermənilər bu üsuldan istifadə etdilər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən soyqırımı aktları, zorakılıq halları çirkin və məkrli niyyətləri reallaşdırmaq üçün başlanan siyasətin tərkib hissəsi idi. Azərbaycan xalqı illərlə, bəlkə də, əsrlərlə haqsızlıqlarla üzləşib. Amma bu gün ölkəmizə, millətimizə, ərazi bütövlüyümüzə qarşı olan bütün hədələrə layiqli cavab verməyə gücümüz var. Bu gücün əsasında isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, yalnız milli mənafeyə xidmət edən siyasət dayanır. Ölkə Prezidentinin həyata keçirdiyi hücum diplomatiyası bəhrəsini verməkdədir. Xocalı soyqırımının ardından artıq dünya ictimaiyyəti 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyır, bununla bağlı müvafiq qətnamələr qəbul olunur. Məhz Prezident İlham Əliyevin fəaliyyəti sayəsində dünyanın əksər ölkələrində 31 mart soyqırımı haqqında həqiqətlər yayılır, insanlar dünya erməniliyinin xisləti ilə daha yaxından tanış olurlar»- deyə, F.İbrahimli qeyd edib.