YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Minlə görüşüb

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Kommunist Partiyasının dəvəti ilə bu ölkədə səfərdədir.

 YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində bu gün Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Minlə görüşüb.

Görüşdə Azərbaycan ilə Çin, eləcə də YAP ilə Çin Kommunist Partiyası arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub, partiyalar arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. YAP nümayəndə heyətinin rəhbəri Arif Rəhimzadə qeyd edib ki, hazırda Çin-Azərbaycan əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir və ölkələrimiz arasındakı qarşılıqlı siyasi anlaşma getdikcə daha da dərinləşir. Arif Rəhimzadə xüsusilə vurğulayıb ki, Çin-Azərbaycan münasibətlərinin təməli partiyamızın qurucusu, Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə bu ölkəyə səfəri ilə qoyulub.  Bu tarixi səfərdən ötən müddət ərzində ölkələrimiz, eyni zamanda, YAP ilə Çin Komunist Partiyası arasında münasibətlərin inkişafında müsbət tendensiya müşahidə olunub.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Min hələ 1999-cu ildə Yeni Azərbaycan Partiyasının ilk qurultayında iştirak etmək üçün ölkəmizə səfər etdiyini xatırladaraq o vaxtdan bəri həm ölkəmizin dinamik inkişafını, həm də YAP-ın Azərbaycanın ictimai - siyasi həyatında mövqeyinin və rolunun artmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki partiya arasında əməkdaşlığın inkişaf etdirilməsi eyni zamanda iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verir. Van Min ümid etdiyini bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və partiyalar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq.

Görüşün sonunda aparılan müzakirələrdən məmnunluq ifadə olunub, bu tipli səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Aprelin 6-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən sonra Şanxay və Çendu şəhərlərində yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək, sənaye obyektlərinin fəaliyyəti ilə tanış olacaq.