YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Son vaxtlarda güclənən mənfi xarici iqtisadi təsirlərin minimallaşdırılması üçün Azərbaycanda uğurlu islahatlar həyata keçirilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tarixin qədim çağlarından xalqımızın həyatında mühüm yer tutan Novruz bayramının təbiətə bağlılığı, gələcəyə inamı, birlik və mehribanlığı, milli ruhu və ümumbəşəri dəyərləri təcəssüm etdirən gözəl bir bayram olduğunu vurğulayıb.

Məlumatı Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Nazir bildirib ki, Novruzun milli özünüdərkin inkişafında və cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında rolunu yüksək dəyərləndirən Ümummilli liderimiz Heydər Əliyev həmişə bu əziz bayramın ölkəmizdə layiqli səviyyədə keçirilməsinə xüsusi diqqət və qayğı göstərib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Novruzun rəsmi bayram statusu alması və ölkəmizdə ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Möhtərəm dövlət başçımızın və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNECKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü işlər nəticəsində milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və dünyada geniş təbliği yönündə mühüm addımlar atılır. Novruz bayramı artıq YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT tərəfindən isə mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub”.

S.Müslümov dünyada yaşanan hərbi-siyasi gərginliklərə, böhran proseslərinə baxmayaraq, Azərbaycanın sabitlik və inkişaf məkanı olduğunu, son vaxtlarda güclənən mənfi xarici iqtisadi təsirlərin də minimallaşdırılması üçün uğurlu islahatların həyata keçirildiyini diqqətə çatdırıb: “Cari ilin yanvar ayında cənab Prezidentin imzaladığı Fərman və Sərəncamlarla əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, əmək haqlarının artırılması təmin olundu. Bu və bütün sosial proqramların uğurla davam etdirilməsi dövlət başçısının hər bir vətəndaşın  etibarlı sosial müdafiəsini təmin edən güclü sosial siyasət kursunun növbəti təsdiqi oldu. Cari ilin dövlət büdcəsində dəyişikliklər edilərkən də sosialyönümlü xərclərin xüsusi çəkisi artırıldı ki, bu da sosial sahənin prioritetliyinin qorunub saxlandığını göstərir”.

2016-cı ilin elə ilk aylarından nazirliyin daha iki fəaliyyət sahəsində mühüm islahatın həyata keçirildiyini qeyd edən S.Müslümov bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni Əsasnamə ilə cari ilin yanvar ayında həmin vaxtadək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti 5 ilədək uzadılmaqla, birinci dərəcə əlillik müddətsiz müəyyən  edilib: “Bu da müvafiq sahədə məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azalmasına səbəb olub. Ötən ayın 15-dən isə ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) işə salındı. Bununla da biz ünvanlı sosial yardım sahəsində məmur müdaxiləsi mümkün olmayan, müasir və şəffaf xidmət sisteminin qurulmasını təmin etdik. Yəni 2016-cı ilin ilk ayları nazirlik üçün çox uğurlu, səmərəli işlər görülüb. Nazirlik Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən vəzifələrin icrası istiqamətində qarşıdakı dövrdə də səylərini daim artıracaqdır”.

S.Müslümov nazirliyin bütün kollektivini Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını ifadə edib.