YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil rəssamın fərdi yaradıcılıq sərgisi keçirilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəssamlar İttifaqının dəstəyi ilə V.Səmədova adına Sərgi salonunda (Bakı şəhəri, Xaqani küçəsi, 43) Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsinin rəngkarlıq və qrafika nominasiyası üzrə qalibi olmuş rəssam, II qrup əlil Paşa Rəhimovun fərdi yaradıcılıq sərgisini keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, üç gün davam edəcək sərginin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağəli İbrahimov iştirak ediblər. Tədbirdə vurğulanıb ki, nazirliyin əlilliyi olan şəxslərlə bağlı həyata keçirdiyi tədbirlərin bir istiqaməti də həmin insanlar üçün cəmiyyətin həyatında bərabər iştirak imkanlarının yaradılması, onların cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılması, istedadlarının aşkara çıxarılması və dəstəklənməsidir. Bu istiqamətdə mühüm tədbirlərdən biri kimi, ötən ilin noyabrında Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilib. 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın əl işlərinin nümayiş etdirildiyi həmin sərgi-müsabiqənin qaliblərindən biri də 50 ildir ki, rəssamlıqla məşğul olan ikinci qrup əlil Paşa Rəhimov olub.

P.Rəhimovun rəngkarlıq və qrafika növlərində özünəməxsus üslubda hazırladığı əl işləri maraqla qarşılanıb və nazirliyin təşəbbüsü ilə onun fərdi yaradıcılıq sərgisinin keçirilməsi qərara alınıb. Bildirilib ki, bu, Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsində qalib olmuş əlilliyi olan şəxsin fərdi yaradıcılıq sərgisinin təşkili sahəsində ilk tədbirdir və gələcəkdə belə tədbirlər bir ənənəyə çevriləcəkdir.

P.Rəhimov əlilliyi olan şəxslərin yaradıcılıq potensiallarını cəmiyyətə təqdim edə bilmələrinə, onların istedad və qabiliyyətlərinin dəstəklənməsinə daha geniş şərait yaradılması üçün təşkil olunan tədbirlərə görə minnətdarlığını ifadə edib. Sərgidə müəllifin Azərbaycanın əsrarəngiz təbiətini, adət-ənənələrini, mənəvi dəyərlərini,  görkəmli tarixi şəxsiyyətlərini əks etdirən əsərləri təqdim olunur.