YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: YAP İCAPP-da ən nüfuzlu və aparıcı partiyalardan biridir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı 11-14 mart tarixlərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) insan alverinə qarşı mübarizə ilə əlaqədar təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün Pakistanın paytaxtı İslamabad şəhərində səfərdə olub.

Konfrans haqqında yap.org.az saytına məlumat verən M.İbrahimqızı bildirib ki, insan alverinə qarşı mübarizə bütün dünyada aktual məsələdir. Çünki insan alveri beynəlxalq miqyasda ən təhlükəli transmilli cinayətlərdən hesab olunur. «Silah qaçaqmalçılığı, narkotik dövriyyəsi və insan alveri ən təhlükəli transmilli cinayətlər hesab olunur. Bu məsələnin aktuallığını nəzərə alaraq İCAPP belə bir beynəlxalq konfrans keçirdi. Mən konfrasda çıxış edərək Azərbaycanda insan alverinə qarşı mübarizə ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdim. Qeyd etdim ki, Azərbaycanda bu yöndə ciddi problem yoxdur. Çünki Azərbaycanda intellektual cəmiyyət mövcuddur. İnsan alverinə qarşı mübarizə ilə əlaqədar dövlət tərəfindən ciddi  tədbirlər görülür, bu yöndə güclü qanunvericilik bazası yaradılıb, Daxili İşlər Nazirliyi və digər strukturlar üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirirlər. Həmçinin, Azərbaycan  BMT-nin müvafiq konvensiyasına əlavə edilən Palermo protokolunu ratifikasiya edib. Eyni zamanda, ölkəmizin ərazisindən insan alveri məqsədilə tranzit kimi istifadə olunmasının qarşısı da qətiyyətlə alınır və bu yöndə Dövlət Miqrasiya Xidməti ilə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti xüsusi qeyd olunmalıdır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Tədbirin Pakistan Senatında təşkil olunduğunu deyən M.İbrahimqızı bildirib ki, Senatda təmsil olunan hər üç partiya bu konfransa ev sahibliyi edirdi. Səfər çərçivəsində Pakistan Senatının sədri cənab Rəbbanə, Senatın üzvü Müşahid Hüseyn Səid və digər partiyaların nümayəndələri ilə görüşdüyünü söyləyən M.İbrahimqızı qeyd edib ki,  görüşlərdə Azərbaycanla Pakistanın strateji müttəfiq olduğu, Prezident İlham Əliyevin bu ölkə ilə əlaqələrə böyük önəm verdiyi xüsusi  vurğulanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi layihələr təqdir olunub.

M.İbrahimqızı bildirib ki, YAP  İCAPP-da ən nüfuzlu və aparıcı partiyalardan biridir. Onun sözlərinə görə, partiyamızın fəaliyyəti bu təşkilatın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.   

DİGƏR Xəbərlər Arxiv