YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhəboyu zonada iki yeni hərbi hissə istifadəyə verilib

Martın 11-də cəbhəboyu zonada Müdafiə Nazirliyinin yeni inşa edilmiş iki hərbi hissəsinin açılışı olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissələrin ərazisindəki qərargahlar, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərcikləri, sıra meydanları, tibb məntəqələri, camaşırxana-qazanxana kompleksləri və digər inzibati obyektlər ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, yeni hərbi hissələrin açılış mərasimində çıxış edən nazir Silahlı Qüvvələrin daim xalqımızın və Ali Baş Komandan İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Z.Həsənov orduda bütün istiqamətlər üzrə həyata keçirilən islahatların mərhələli surətdə uğurla davam etdiyini, silahlanmaya ən müasir silah-sursatın, digər texniki döyüş vasitələrinin qəbul edildiyini, şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin yüksəldiyini vurğulayıb.

“Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, onun texniki imkanlarının genişləndirilməsi ilə bağlı qarşıda icra edəcəyimiz tapşırıqlar var. Silahlı Qüvvələrimizin ən başlıca vəzifəsi xalqımızın və dövlətimizin etimadını doğrultmaq, işğal altındakı torpaqlarımızın azad olunmasını təmin etməkdir. Hər bir əsgər və zabit bu məqsədə çatmaq üçün düşmənə qarşı qisas hissi ilə yaşamalıdır”, - deyə general-polkovnik Z.Həsənov bildirib.

Son günlər cəbhədə düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edildiyini xatırladan müdafiə naziri bundan sonra da müxtəlif istiqamətlərdə qarşı tərəfə sarsıdıcı zərbələrin vurulacağını qeyd edib.

Qarşıdan gələn Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edən nazir hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Sonra müdafiə naziri Silahlı Qüvvələrin tələblərinə cavab verən ən müasir tibbi avadanlıqla təchiz edilmiş və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalının fəaliyyəti ilə tanış olub.

Tibb xidməti personalı ilə görüşən nazir hospitaldakı çeşidləmə, diaqnostika, əməliyyat, reanimasiya, müayinə, komanda-idarəetmə və rabitə bölmələrinə baş çəkib, eləcə də onların fəaliyyəti ilə maraqlanıb.

Həmin gün Z.Həsənov xəttində yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüş hazırlığı, müdafiə zolağının daha da təkmilləşdirilməsi, düşmənin istənilən fəaliyyətinin aşkarlanaraq qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.