YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV Qlobal Bakı Forumu işini davam etdirir Növbəti sessiyada İran, Əfqanıstan, Xəzər regionu və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri müzakirə olunub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Bakı Qlobal Forumu martın 11-də işini sessiya və panel iclaslarla davam etdirib.

“İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyinin və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusunda sessiyaya İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini moderatorluq edib. O bildirib ki, Yaxın və Orta Şərqdə sülhün və təhlükəsizliyin təmin olunmasında inteqrasiya ən vacib amillərdəndir.

Franko Frattini İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra regionda yeni mənzərənin yarandığını diqqətə çatdırıb. O, ölkələr arasında mövcud problemlərin dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb.

Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili regiondakı mürəkkəb vəziyyətdən danışıb. O, region ölkələrində təhlükəsizliyin təmin olunması üçün əməkdaşlığın vacib olduğunu diqqətə çatdırıb. Eka Tkeşelaşvili regional əməkdaşlığın Əfqanıstanın inkişafı üçün çox önəmli olduğunu vurğulayıb. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələrinə də toxunan Eka Tkeşelaşvili bu layihələrin region ölkələri üçün əlverişli şərait yaradacağını deyib. O, Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri nəticəsində gələcəkdə Xəzər hövzəsində müsbət dəyişikliklər baş verəcəyini diqqətə çatdırıb.

Livanın sabiq Baş naziri Fouad Siniora çıxışında region ölkələrindəki mövcud problemlərdən və onların qonşu dövlətlərə təsirindən danışıb. O, dünyada dini radikalizmin qarşısının alınması üçün səylərin birləşdirilməsinin vacibliyi məsələsinə toxunub.

Pakistanın sabiq Baş naziri Şaukat Aziz isə çıxışında bildirib ki, müasir dünyada təcrid etmək yox, daha çox cəlb etmək üsulu ilə hərəkət etmək lazımdır. “Regiondakı dövlətlər bir-biri ilə sıx əməkdaşlıq qursalar bundan çox faydalanarlar”, - deyə o vurğulayıb.

Sessiya işini müzakirələrlə davam etdirib. Müzakirələrdə regionda inkişafın perspektivlərindən, problemlərin həlli yollarından söhbət açılıb.