YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə “Dayaq” mentorluq proqramı çərçivəsində tədbir keçirilmişdir

Aprelin 21-də Azərbaycan Respublikası Milli Məclisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dayaq” Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün mentorluq proqramı çərçivəsində tədbir keçirilmişdir. 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında oynadığı roldan danışmışdır. O demişdir ki, gündən-günə yerli siyasətdə qadınların təmsilçiliyi daha da artır və bu, bizi çox sevindirir.

Hicran Hüseynova qeyd etmişdir ki, Azərbaycanda qadın siyasəti artıq dövlət siyasətinin bir hissəsinə çevrilmişdir. Son illərdə Azərbaycanda müşahidə edilən sürətli inkişaf, makroiqtisadi sabitliyə nail olunması həm də qadınların və kişilərin bütün sahələrdə hüquq bərabərliyindən irəli gəlir. Cəmiyyətin hər sahəsinin uğurlu inkişafında digər amillərlə yanaşı, gender elementinin nəzərə alınması və adekvat qiymətləndirilməsi olduqca önəmlidir. Məlumdur ki, qadınların seçki orqanlarında iştirakı bərabərhüquqlu cəmiyyət yaradır. Bir çox ölkələrdə Azərbaycanda qadınların bu hüququ hələ 1918-ci ildə qazandıqlarını deyəndə bu, çox təəccüblə qarşılanır. Çünki həmin vaxt qadınlar dünyanın çox az ölkəsində bu hüquqları qazanmışdılar. Diqqətə çatdırılmışdır ki, əgər 1990-cı ildə Azərbaycan parlamentində bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, bu gün qanunverici orqanda qadınların xüsusi çəkisi 16 faizə çatmışdır. Son bələdiyyə seçkilərində qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artmışdır. Bələdiyyə üzvləri arasında qadınların xüsusi çəkisi 26,7 faiz olmuşdur. Əvvəlki bələdiyyə seçkilərində isə bu göstərici 4 faiz təşkil edirdi. Nailiyyətlərimizdən biri də budur ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə icra strukturlarında qadınların müavin səviyyəsində təmsil olunmaları ilə bağlı faizlər son iki ildə əvvəlki illərə nisbətən daha çox artmışdır.

Bildirilmişdir ki, “Dayaq” Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün mentorluq proqramının əsas məqsədi qadınların ictimai həyatda iştirakını gücləndirmək, eləcə də yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir.

Proqram çərçivəsində yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi mövzusunda üç konfrans, bələdiyyədə təmsil olunan qadın iştirakçıların bilik və bacarıqlarının artırılması məqsədilə silsilə təlimlər keçirilmiş, kiçik qrant layihələri bələdiyyəyə üzv qadınlar tərəfindən uğurla reallaşdırılmışdır. Layihə iştirakçıları Almaniyanın Berlin, Frankfurt, Mainz şəhərlərində qadınların yerli idarəetmədə fəallığının gücləndirilməsi və ailədaxili zorakılığa qarşı mübarizə mövzularında təcrübə mübadiləsi və görüşlərdə iştirak etmişlər.

Sonra Milli Məclisin sədr müavini Bahar Muradova “Qadınlar idarəetmədə” mövzusunda məruzə ilə çıxış etmişdir. O, Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından danışmış, Azərbaycan qadınlarının ölkənin yerli idarəetmə orqanlarında fəaliyyəti haqqında məlumat vermişdir. Bahar Muradova ictimaiyyətdə uğur qazanmış qadınların təcrübəsindən yerlərdə də istifadə olunması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd etmişdir.

Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və proqram haqqında ümumi məlumat vermişdir. Bildirilmişdir ki, GİZ-in Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramı Milli Məclisin qadın üzvlərini yerli özünüidarəetmə sahəsini təmsil edən fəal qadınların şəbəkəsi olan “Dayaq” proqramını dəstəkləməyə dəvət edir. Bugünkü görüşün əsas məqsədi də bələdiyyələrdə təmsil olunan qadınların yerli siyasətdə fəallığını gücləndirmək üçün “Dayaq” mentorluq proqramını təqdim və təşviq etməkdir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etmişdir.

DİGƏR Xəbərlər Arxiv