YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə anım mərasimi keçirib

Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov mərasimdə iştirak edib

 

Bu gün Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirib.

Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov mərasimdə iştirak edib.

Tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Görüşdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bugünlər Azərbaycan xalqının 24 il əvvəl baş verən Xocalı soyqırımında qətlə yetirilən insanların xatirəsini dərin ehtiramla yad etdiyini, bu məqsədlə ölkəmizdə və dünyada tədbirlərin keçirildiyini bildirib. Onun fikrincə, bütün bunlar soyqırımın unudulmaması üçün atılan addımlardan biridir, eləcə də, Xocalı faciəsinin dünyaya təqdim edilməsi məqsədi daşıyır.

«Şübhəsiz ki, Xocalı qətliamı  tariximizdə üzləşdiyimiz ən böyük faciələrdən biridir. Yüzlərlə dinc insanın bu cür qətlə yetirilməsinə dünya tarixində nadir hallarda rast gəlmək olur. Həqiqətən, insanlığa böyük ləkə gətirən bu faciə uşaq, qadın, qoca qətli ilə yaddaşlarda yaşayır. Hər şeydən əvvəl, Xocalı faciəsi erməni separaçılarının və terrorçularının Dağlıq Qarabağın azərbaycanlılardan təmizlənməsi istiqamətində məkrli addımlarının nəticəsidir. Təəssüf ki, ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün ondan da qat-qat çirkin olan üsul seçdilər. Bu da bir şəhərin bütünlüklə yer üzərindən silinməsi, orda yaşayan bütün insanların xüsusi qəddarlıqla qətlə yetirilməsidir. Erməni separatçıları və terrorçuları Azərbaycan xalqına qarşı bu niyyətlərini təkbaşına həyata keçirə bilməzdilər. Onlara havadarları kömək edib, torpaqlarımızın işğalında da üçüncü qüvvənin rolu olub. Bunun da başlıca səbəbi Qafqazda nüfuz və mövqenin qorunmasıdır. Müəyyən xarici qüvvələr öz məqsədləri naminə bu hadisələrin baş verməsinə dəstək göstəriblər»-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov təəssüflə qeyd edib ki, dünya birliyi Xocalı faciəsinə layiqli hüquqi-siyasi qiymət verməyib. Bunun ikili standartların nəticəsi olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, ikili standartların olması, Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik azərbaycanlıları ruhdan salmamalıdır və bu faciəni dünyada tanıtmaq istiqamətində qüvvələrimizi daha ciddi və qətiyyətlə səfərbər etməliyik.

«Biz Xocalı soyqırımının dəhşətli nəticələrini geniş təbliğ etməklə bu faciəni milli düşüncənin bir elementi kimi gələcək nəsillərə çatdırmalıyıq. Əsas məqsədimiz odur ki, gələcək nəsillər bunu bilsin və tarixdən dərs alaraq Azərbaycana qarşı belə faciələr törətmək istəyənlərin qarşısını alsınlar. Dövlətimizin əsas məqsədi erməni separatçılarının və terrorçularının  Xocalıda törətdikləri kütləvi qətl hadisəsini dünyaya azərbaycanlıların soyqırımı kimi tanıtmaqdan ibarətdir. İstər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları və vətəndaşlarımız yorulmadan Xocalı soyqırımını dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərməlidirlər. Biz beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinə nail olmalıyıq. Bu istiqamətdə bir sıra uğurlu addımlar atılıb, bir sıra dövlətlər, o cümlədən, ABŞ-ın bəzi ştatları Xocalı soyqrımını tanıyıblar. Hesab edirəm ki, bundan sonrakı səylərimiz də nəticəsiz qalmayacaqdır. Eyni zamanda,  Azərbaycan cəmiyyəti və bütövlükdə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə səylərini artırmalıdır»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

YAP Gənclər Birliyinin böyük bir ordu olduğunu deyən Əli Əhmədov qeyd edib ki, partiyanın gəncləri soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində öz töhfələrini verirlər. O, gənclərə bu prosesdə daha da fəal olmağı tövsiyə edib.

Baş nazirin müavini qeyd edib ki, dövlətimizin və xalqımızın qarşısında dayanan ən mühüm vəzifə torpaqlarımızın işğaldan azad olunmasıdır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasını lazımi səviyyədə yerinə yetirmir. Ona görə də, Azərbaycan cəmiyyətinin həmsədrlərin fəaliyyətinə inamı əhəmiyyətli dərəcədə azalıb. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu deyən Əli Əhmədov danışıqlar prosesinin nəticə verməyəcəyi təqdirdə Ordumuzun bu missiyanı yerinə yetirəcəyini diqqətə çatdırıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Ordumuz xeyli güclənib, Azərbaycan inkişaf baxımından işğalçı Ermənistanı müqayisəolunmaz dərəcədə üstələyir.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirib, gənclərə tövsiyələrini veriblər.