YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib

Fevralın 19-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya “Challenge” kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçı ölkələrin bayrağı arenanın mərkəzinə gətirilib. Sonra iştirakçı ölkələr təqdim olunub.

Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançıları Bakıda salamlamaqdan məmnun olduğunu diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, ölkəmizdə idman sürətlə inkişaf edir. Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları da bunları nəzərə alaraq belə tədbirləri ölkəmizə tərəddüdsüz həvalə edirlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra idmanın bu növünün daha da inkişaf etdiyini diqqətə çatdıran İsmayıl İsmayılov deyib: “Ölkəmiz gimnastikanın növləri üzrə böyük statuslu yarışlara müvəffəqiyyətlə ev sahibliyi edib. Bugünkü yarış da öz möhtəşəmliyi ilə seçilir. Dünyanın 19 ölkəsindən ən güclü atletlər Milli Gimnastika Arenasında birincilik uğrunda mübarizə aparırlar”.

Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti və Olimpiya çempionu Nelli Kim yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Nelli Kim deyib: “Azərbaycan Gimnastika Federasiyasının ölkədə idmanın bu növünü inkişaf etdirmək istiqamətində gördüyü işlər bu gün artıq öz bəhrəsini verməkdədir. Bakı ilk dəfədir ki, əhəmiyyətli yarışların təşkili üçün bütün lazımi şəraiti olan arenada idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edir. Bu möhtəşəm yarış Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları ərəfəsində idman gimnastlarına öz proqramlarını təkmilləşdirməyə imkan verəcək”.

Qonaq yarışların gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdırıb, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb.

İştirakçıları salamlayan Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov qonaqlara turnirə ev sahibliyi edən Milli Gimnastika Arenası barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu arenada bədii gimnastika üzrə Avropa çempionatı, həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə yarışlar keçirilib. Ölkədə güclü gimnastların yetişdirilməsi üçün hər bir şərait yaradılıb. Artıq Azərbaycan millisinin heyətində idman gimnastikasında dünya çempionatının mükafatçıları yer alır. Oleq Stepko paralel qollarda mundialın bürünc medalına sahib olub. Bütün bu uğurların əldə olunmasında Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var.

Beynəlxalq Gimnastika Federasiyası ilə bundan sonra da sıx əməkdaşlıq edəcəklərini bildirən Altay Həsənov Milli Gimnastika Arenasında yarışan idmançıların bir qisminin “Rio-2016”da da mübarizə aparacağını diqqətə çatdırıb.

A.Həsənov dünya kuboku yarışlarını açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra gənc gimnastların iştirakı ilə “Azərbaycan gimnastikasının gələcəyi” adlı kompozisiya təqdim olunub.

Xatırladaq ki, üç gün davam edəcək yarışda 19 ölkədən 46 kişi və 22 qadın gimnast birincilik uğrunda mübarizə aparır.