YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İdarə Heyətinin iclası keçirilmişdir

Yanvar ayının 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.

İclasda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilmiş, YAP İdarə Heyətinin 2015-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2015-ci ilə dair illik statistik hesabat, partiyanın 2015-ci il üzrə maliyyə hesabatı qəbul edilmişdir. Bildirilmişdir ki, 2015-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilmişdir. Ötən ilin başlıca siyasi hadisəsi parlament seçkiləri olmuşdur. Parlament seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri özünün növbəti möhtəşəm qələbəsini təmin etmişdir. Bütövlükdə parlamentə seçilən deputatların 71 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir. Qeyd olunmuşdur ki, seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutmuşdur. 

2015-ci ildə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 

YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir.  Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilmiş, bir sıra mühüm görüşlər keçirilmişdir.

Qeyd olunmuşdur ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 23 min nəfərdən çox yeni üzv qəbul edilmiş və beləliklə, partiyanın üzvlərinin sayı 667 min nəfəri keçmişdir. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil etmişdir.

İdarə Heyətinin iclasında həmçinin, YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilmişdir. Qeyd olunmuşdur ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 442 113  manat olmuşdur. Bunun 6 293 512 manatını üzvlük haqları, 1 148 601 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil etmişdir.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 767 616 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 573 169  manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, 187 788 manatı parlament seçkiləri ilə əlaqədar partiya hesabından seçki fonduna köçürmələrə, 161 264 manatı ezamiyyə xərclərinə, 259 126 manatı invertarların alınmasına, 319 902 manatı təmir işlərinə, 393 770 manatı kommunal və təsərrüfat xərclərinə, 182 737  manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 62 778 manatı bank xidmətinə, 235 343 özəlləşmə və icarə haqlarına, 242 443 manatı isə sair xərclərə sərf edilmişdir. 

Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 6 385 936 manat təşkil etmişdir. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 056 177 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalmışdır. 2016-cı ilin yanvar ayının 1-nə partiyanın depozit hesabında ehtiyat vəsaiti 6 000 000 manat olmuşdur.

YAP İdarə Heyətinin 2015-ci ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunmuşdur.

İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ təşkilati işlərlə bağlı olmuşdur. YAP İdarə Heyətinin qərarı ilə YAP İcra Katibliyinin ştat cədvəlində müəyyən dəyişikliklər edilmişdir.