YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin iclası olub

Məlum olduğu kimi, aprelin 25–dən 27-dək Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

Yanvarın 27-də Forumun Təşkilat Komitəsinin iclası olub.

Müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət Təşkilat Komitəsinin iclasında komitənin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən BMTSA ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Forumun loqotipi təsdiqlənib və veb-saytı (baku.unaoc.org) açılıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2015-ci ilin yekunlarına dair Nazirlər Kabinetinin iclasında sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də Forumun əhəmiyyətinə toxunmuş və tədbirin Bakıda keçirilməsini əsas gətirərək müvafiq Sərəncamı ilə 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edib.

Qeyd edilib ki, ötən il oktyabrın 1-də BMT Baş Assambleyası çərçivəsində keçirilən iclasda Forumun təqdimatı keçirilib və həmin iclasda xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

Nazir 50-dək ölkənin rəhbərlərinə dəvətnamələrin göndəriləcəyini qeyd edərək bildirib ki, Foruma yüksək səviyyəli dövlət nümayəndələrinin gəlməsi nəzərdə tutulur.

Ə.Qarayev bir neçə gün əvvəl tamamlanmaqda olan Bakı Konqres Mərkəzi ilə tanış olduqlarını qeyd edərək Forum çərçivəsində iki gün ərzində 40 tədbirin keçiriləcəyini və bunun üçün lazımi şəraitin yaradılacağını deyib.

Təşkilat Komitəsinin sədri Forum çərçivəsində keçiriləcək bütün tədbirlərin yüksək səviyyədə işıqlandırılması üçün xüsusi media planının hazırlanacağını nəzərə çatdırıb. Vurğulayıb ki, AzTV və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Forumun rəsmi media tərəfdaşları olacaq.

Ə.Qarayev vurğulayıb ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq ki, burada da Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq.

Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirin keçiriləcəyini qeyd edən Ə.Qarayev bu tədbirdə BMT-nin baş katibi Pan Gi Munun da iştirak edəcəyini deyib.

Yanvarın 15-də BMT-də Sivilizasiyalar Alyansı üzrə Milli Əlaqələndiricilərin toplantısında 7-ci Qlobal Forum və Azərbaycanın ev sahibliyi barədə geniş təqdimat keçirildiyini qeyd edib.

Sonra Forumun Təşkilat Komitəsinin katibi, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə həmin təqdimatla bağlı məlumat verib. “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusunda keçiriləcək Forumla bağlı indiyədək təşkil edilmiş tədbirlər və Forumun proqramı barədə slayd vasitəsilə təqdimat edib.

V.Eyvazzadə nəzərə çatdırıb ki, tədbir iştirakçıları baku.unaoc.org saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeyd olunub ki, Forum çərçivəsində tədbirlər Bakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Sonra Foruma hazırlıq, Tədbirlər Planının icrası və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.