Xəbərlər
Mehriban xanım Əliyeva: Birinci Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisə oldu
«Birinci Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisə oldu. Təşkilat Komitəsinin sədri olaraq mən çox xoşbəxtəm ki, biz bu Oyunları kifayət qədər yüksək səviyyədə keçirməyə müvəffəq olduq». Bu fikirləri Azərbaycanın birinci xanımı, «Bakı-2015» birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasında çıxışı zamanı deyib.
Mehriban xanım Əliyeva bildirib ki, bizim hazırlıqlara cəmi 2 il yarım vaxtımız var idi. Lakin Azərbaycan vətəndaşları, Oyunların iştirakçıları və qonaqların hamısı Oyunların həqiqətən uğurla keçdiyi qənaətindədir.
«Biz çalışdıq. Mən ümid edirəm və inanıram ki, biz 6 mindən çox Avropa idmançısı və minlərlə qonaq üçün dostluq və həmrəylik mühiti yarada bildik. Bu 17 gün ərzində biz bir ailə kimi olduq və mən əminəm ki, bu Oyunlar tarixdə təkcə ilk Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik və qarşılıqlı anlaşma üzrə beynəlxalq forum kimi qalacaq. Bu cür mühitin yaradılması xalqlar və ölkələr arasında əlaqələri, münasibət və qarşılıqlı hörməti möhkəmləndirir. Mən əminəm ki, bu gün dünyaya lazım olan məhz budur. Oyunlar bizə bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək müasir Azərbaycanın inkişafını nümayiş etdirməyə imkan verdi. Müstəqillik illəri inkişaf və tərəqqi, həyatımızın bir çox sahələrində nailiyyətlər illəri oldu. Mən deyə bilərəm ki, 21-i qızıl olmaqla, 56 medal qazanaraq 50 ölkə arasında ikinci yerə çıxmış idmançılarımızın Oyunlarda yüksək səviyyədə iştirakı bu inkişafın bariz nümunəsidir»- deyə, Azərbaycanın birinci xanımı vurğulayıb.