YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Dadli: TAP qaz boru kəməri çox əhəmiyyətli layihədir

“Trans-Adriatik” (TAP) qaz boru kəməri çox əhəmiyyətli layihədir.

Bu sözləri Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Yunanıstanın dövlət naziri Nikos Pappas ilə keçirdiyi görüşdə deyib.

R.Dadli bildirib ki, bu il “Cənub” qaz dəhlizinin mühüm hissəsi olan TAP boru kəmərinin tikintisi həyata keçiriləcək. Bir neçə ilə bu boru kəmərindən qaz nəqlinə başlanılacaq.

BP-nin baş icraçı direktoru deyib: “Cənub” qaz dəhlizi dünyanın ən böyük infrastruktur boru layihəsidir. Bu dəhliz Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyəyə və buradan da Yunanıstana, sonra isə İtaliya və Albaniyaya nəqlini nəzərdə tutur. BP bu layihənin iştirakçısı olmaqdan məmnundur”.

Qeyd edək ki, “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizi Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir.

Uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).