Xəbərlər
Əli Məsimli: Dövlət başçısının irəli sürdüyü təkliflər və verdiyi tapşırıqlar vəziyyətdən çıxış yolları üçün tam yetərlidir
«Prezident İlham Əliyev son müşavirədə yaranmış vəziyyətdən çıxış yolları istiqamətində proqram xaraqterli fikirlər qeyd edib». Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, dövlət başçısının irəli sürdüyü təkliflər və verdiyi tapşırıqlar vəziyyətdən çıxış yolları üçün tam yetərlidir. Onun sözlərinə görə, müvafiq icra orqanları bu vəzifələri yerinə yetirsələr il yarım ərzində yaranmış vəziyyətdən çıxaraq yeni inkişaf yoluna çıxmaq mümkündür.
«Ölkə Prezidentinin təsvir etdiyi Azərbaycanın perspektiv inkişafına yönəlik optimal inkişaf modeli əslində neft amilinin rolunu və əhəmiyyətini inkar etmir, sadəcə onu real məzmunda təqdim edir.Neft amilini Azərbaycan iqtisadiyyatının reallığı saymaqla,həm də bu reallığın dünya bazarında neftin qiyməti aşağı düşərkən ölkəmizin gəlirlərinə necə təsir etdiyini ortaya qoyur. Ona görə də Prezidentin çıxışında neft gəlirlərindən səmərəli istifadə edərək insan amilinin və daim gəlir gətirə bilən sahələrin inkişafının önə çıxarılmasını davamlı inkişafın əsas şərti kimi götürür. Cənab İlham Əliyevin sözügedən çıxışı hazırkı reallıqlar şəraitində elmin, elmi texniki nailiyyətlərin cəmiyyət həyatının bütün sahələrinə tətbiqinin sürətləndirilməsi işinə, regionların zəngin potensialından istiafadənin səmərəliliyinin artırılmasına,turizmin və bununla bağlı səhiyyənin, mədəniyyətin inkişafına, yerlərdə istehsalın genişləndirilməsinə və sair bu kimi istiqamətlərə yönəldilməsi prosesi daha səmərəli variantlarda davam etdiriləcəyinə işarədir».