YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daxili işlər naziri Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, yanvarın 17-də Sabunçu Rayon Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşü keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, daxili işlər, prokurorluq və dövlət təhlükəsizlik orqanları əməkdaşları tərəfindən qəsəbədə ictimai asayişin, təhlükəsizliyin tam bərpa olunması məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlərindən danışan nazir R.Usubov, ölkəmizin hər yerində olduğu kimi, Nardaranda da bu gün kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb. Nazir qəsəbədə aparılan intensiv tikinti-quruculuq işlərinin və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə həlli istiqamətində görülən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Qəsəbə sakinlərinin diqqətinə bir daha çatdırılıb ki, bu gün Nardaranda aparılan abadlıq-quruculuq işləri, eləcə də dövlət orqanlarının yerli qurumlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımlar Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarəti altındadır.

Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Eldar Quliyev və rayon polis idarəsinin rəisi Eldar İlyasov çıxış edərək qəsəbədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Qəsəbə ictimaiyyəti adından orta məktəbin direktoru Ağası Orucov, sakin Tofiq Həsənov və başqaları çıxış edərək nardaranlılara göstərilən ali diqqət və qayğıya görə dövlətimizin başçısına öz dərin minnətdarlıqlarını bildiriblər. Xüsusi olaraq vurğulayıblar ki, artıq qəsəbədə su, işıq, qaz kimi problemlər tam həllini tapıb, şagirdlər təhsilə cəlb olunublar.

Daxili işlər naziri R.Usubov görüşdə ictimaiyyət nümayəndələri tərəfindən qaldırılan bəzi problemlərin də həll olunması üçün digər dövlət qurumları ilə birlikdə müvafiq işlərin görüləcəyini bildirib.