YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Azərbaycanda İKT məhsullarının istehsalı üçün geniş imkanlar var

«Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bununla bağlı ölkəyə valyuta daxilolmalarının azalması diqqətləri daha sürətlə qeyri-neft sektoruna yönəltmiş, bu sektorda daha effektiv idarəetməyə, gəlirlərin daha şəffaf əldə edilməsinə və gəlirlərin artırılmasına nail olmaq təxirəsalınmaz prioritet kimi önə çıxmışdır. Qeyri-neft sektorunun inkişafına ən çox birbaşa və dolayısı ilə təsir edən alətlər toplusu İnformasiya Kommunikasiya Texnologiyalarıdır». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, səneye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, müasir dünyada İKT çoxdan bir sektor olmaq sərhədlərini aşmış, bütün sektorlarda effektiv, daha sərfəli, cəld və şəffaf idarəetmə alətinə çevrilmişdir. Onun sözlərinə görə, Azərbaycanda da bu sahəyə dövlətin həmişə yüksək qayğısı olub.

«Prezident İlham Əliyevin 2003-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində elan etdiyi “qara qızılı insan kapitalına çevirəcəyəm” strategiyası hətta o zaman üçün çox uğurlu bir seçim idi. 2013-cü ilin İKT ili elan olunması, Azərbaycanın süni peyklərinin kosmosa göndərilməsi dövlətin İKT-yə yüksək dəstəyinin göstəriciləridir. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 10 yanvar 2016-cı ildə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun və xüsusilə də İKT sektorunun inkişafı üçün çox mühüm məsələlərə toxunmuş və qarşıda duran vəzifələri müəyyən etmişdir. Azərbaycanda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2 mlrd. dolları aşmışdır. 2014-cü ildə İKT sektorunun gəlirləri 1.6 mlrd manat təşkil etmişdir. Dünya təcrübəsinə görə, İKT sektoruna yatırılan investisiyaların geri qayıtma müddəti (Return on İnvestment - ROİ) 3 ildən 5 ilədəkdir. Bu təcrübəyə və İKT sektorunun spesifik gəlir mexanizminə əsaslansaq, növbəti illərdə İKT sektorunun gəlirləri 2 dəfəyə yaxın arta bilər. Bunun üçün ən azından lazımi investisiyalar artıq qoyulub. Ölkə Prezidentinin Sərəncamı ilə bütün vergi və gömrük güzəştləri ilə əhatə olunmuş Yüksək Texnologiyalar parkı yaradılmışdır.

Bu gün Azərbaycan İKT məhsullarının demək olar ki, 90 faizdən çoxunu idxal edir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu məhsulların bir çoxunu Azərbaycanda istehsal etmək mümkündür (modemlər, TV qutular, şəbəkə avadanlıqları, kabellər və s.) və bu məhsullara yerli bazarda, əhali arasında böyük tələbat vardır. Sahibkarlar tərəfindən istehsalın təşkili həm idxalı əvəz edə bilər, həm də ixrac etməklə ölkəyə valyuta gətirə bilər.
Ölkəmiz, eyni zamanda, böyük miqdarda valyuta ödənişləri hesabına xarici proqram məhsulları idxal etməkdədir. Bunların istehsalı üçün də ölkəmizdə yetərli sayda mütəxəssislər mövcuddur və ya yetişdirilə bilər. Bu həm də milli təhlükəsizlik baxımından çox vacibdir. Qısaca desək, İKT sahəsinin inkişafı üçün dövlət tərəfindən əsasən lazımi şərait yaradılıb. Təbii ki, islahatlar və həvəsləndirici tədbirlər hər zaman tələb olunur və bu tədbirlər multiplikasiya effekti yaradır. Tək tələb olunan özəl sektorun yüksək təşəbbüskarlıq göstərməsi və ideyalarla çıxış etməsidir. İnnovativ sahibkarlığın inkişafına böyük zərurət vardır və bu fəaliyyət Azərbaycanda ən yüksək səviyyədə dəstəklənir»- deyə, komitə üzvü qeyd edib.