YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TransCaspian” və “Road and Traffic” sərgilərində 16 ölkədən 104 şirkət iştirak edəcəkdir

İyunun 12-də Bakı Ekspo Mərkəzində 13-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransCaspian-2014”), həmçinin 4-cü Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat (“Road and Traffic-2014”) sərgiləri işə başlayacaqdır.

Bu münasibətlə iyunun 11-də mətbuat konfransı keçirilmişdir.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov, sərgilərin təşkilatçısı “İtesa Kaspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov və menecer Orxan Əhmədov “TransCaspian-2014” və “Road and Traffic-2014” sərgiləri barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, hər iki sərgiyə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən dəstək göstərilir. Həmçinin sərgilərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də rəsmi dəstək verilir. “TransCaspian” sərgisi uzun illərdir ki, TRASECA ilə sıx əməkdaşlıq edir.

Qeyd olunmuşdur ki, bu il “TransCaspian” və “Road and Traffic” sərgiləri öz meydançalarında dünyanın 16 ölkəsindən 104 şirkəti qəbul etməklə, müsbət dinamikaya nail olmuşdur. İştirakçıların ümumi sayının 50 faizini xarici eksponentlər təşkil edir. “TransCaspian” sərgisi Qafqazda mühüm nəqliyyat forumu olmaqla yanaşı, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, tranzit yüklərin ölkəmizin ərazisindən daşınması üçün imkanların nümayiş etdirilməsinə və yük sahibləri üçün ən optimal daşıma variantlarının müəyyənləşdirilməsinə kömək göstərir. Sərgidə Azərbaycan, Belarus, Gürcüstan, Çin, Rusiya, Fransa, Çexiya və İsveçrə şirkətləri öz ekspozisiyaları ilə çıxış edəcəklər. Latviyanın milli stendi də ardıcıl olaraq dördüncü dəfə sərgiyə qatılacaqdır.
Kommersiya şirkətləri ilə yanaşı, sərgidə, eyni zamanda Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyatı Xidməti iştirak edəcəkdir.

“Road and Traffic-2014” sərgisində isə Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrin şirkətləri tərəfindən regionun yol infrastrukturunun geniş mənzərəsi nümayiş etdiriləcəkdir. Sərginin ekspozisiyasında dəniz və yerüstü yükdaşıma, liman və liman avadanlıqları, informasiya, naviqasiya və monitorinq sistemləri, kommersiya nəqliyyatı kimi sektorlar təqdim olunacaqdır. Hər iki sərgi işini iyunun 14-də yekunlaşdıracaqdır.
Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırılmışdır.