Xəbərlər
Sevinc Fətəliyeva: Dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir
«Dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir. Belə ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir. Onun sözlərinə görə, təbii ki, işğalçı Ermənistan bütün bunlardan «ruhlanaraq» münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələrlə əl atır.
«Amma Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı prinsipial mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız azad edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bu hədəflərə çatmaq üçün də dövlətimiz hücum diplomatiyası həyata keçirir. Eyni zamanda, Azərbaycan güclü orduya malikdir. Qürurla deyə bilərik ki, güclü ordumuz cəbhədə düşmənin təxribatlarının qarşısını layiqincə alır. Prezident İlham Əliyev bildirib ki, bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Dövlət başçısı bir daha vurğulayıb ki, azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar»- deyə, S.Fətəliyeva vurğulayıb.