YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: İşğal olunmuş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri çıxarılmalıdır

«Aropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf komitəsinin məruzəçisi Militsa Markoviçin “Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda hazırlamaqda olduğu hesabatı humanitar xarakter daşıyır. Hesabat Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərə yaxın məntəqələrdə, eləcə də Ermənistan ilə sərhəd rayonlarda yaşayan Azərbaycan əhalisinin qəsdən sudan məhrum edilməsi kimi humanitar problemin araşdırılması və beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımdan əhəmiyyətlidir». Bu fikirləri  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, vaxtilə tikilmiş Sərsəng su anbarı ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulsa da, bu əraziləri işğal etdikdən sonra Ermənistan su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib. Onun sözlərinə görə, Ermənistan tərəfi qəsdən qış aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.

«Nəticə etibarilə, insanların su təminatı və kənd təsərrüfatı fəaliyyəti, ərazinin biomüxtəlifliyi və torpağın öz quruluşunu dəyişməsi üçün ciddi təhlükələr yaranır. Cenevrə Konvensiyaları və əlavə protokollar, 1966-cı il Mülki və siyasi hüquqlar və İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, BMT Baş Assambleyasının 64/292 saylı 28 iyul 2010-cu il tarixli qətnaməsi və digər beynəlxalq sənədlərdə sudan istifadə insan hüquqlarının tərkib elementi kimi təsbit edilib. Ermənistan tərəfindən hesabatın hazırlanması dövründə AŞPA faktaraşdırıcı missiyasının Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfərinə imkan verilməməsi, insanların sudan məhrumetmə əməlləri, eləcə də əsir və itkin düşmüş şəxslərin taleyi barəsində məlumat verilməsindən imtina edilməsi və digər bu kimi addımları rəsmi İrəvanın qeyri-humanist və irticaçı siyasətinin daha bir nümunəsidir. Beynəlxalq ictimaiyyətin iradəsinin və narahatlığının ifadəsi olaraq, AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsində məruzəçi Robert Uolter və Sosial məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf komitəsinin  məruzəçisi Militsa Markoviçin hesabatları münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, ilk növbədə müvəqqəti işğal olunmuş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri çıxarılmalıdır»- deyə, H.Hacıyev vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv