YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti birliyimizin və həmrəyliyimizin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir

Müsahibimiz Milli Məclisin deputatı Ceyhun Məmmədov

- Ceyhun müəllim, bildiyimiz kimi işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Tovuz döyüşləri xalqımızda, o cümlədən gənclərimizdə hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltdi. Bu barədə fikirlərinizi bilmək istərdik…

- Ermənilərin bu hücumları təşkil etməkdə əsas məqsədi əhali arasında xof və çaşqınlıq yaratmaq, yeni ərazilər işğal etmək idi. Ancaq fəxrlə deyə bilərik ki, ermənilər bu dəfə də öz məqsədlərinə nail ola bilmədilər, bütün təxribatların qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Azərbaycan xalqı bir daha mərd və vətənpərvər olduğunu düşmənə layiqincə cavab verərək göstərdi. Deyə bilərəm ki, Aprel döyüşləri zamanı sarsıdıcı zərbə alan, hələ də bu günə kimi özünə gələ bilməyən erməni tərəfi növbəti dağıdıcı zərbəni Tovuzda aldı. Aprel zəfəri kimi, Tovuz döyüşləri də Azərbaycan tarixində silinməz izlərlə qalacaq.

2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə ermənilərin bütün cəhdlərinə baxmayaraq Azərbaycn xalqı dövlətlə birlik və həmrəylik nümayiş etdirdi. Bu döyüşlər gənclərimizdə-hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Gənclərimiz hər an vətənin azadlığı və müstəqilliyi uğrunda döyüşməyə, canlarından keçməyə hazır olduqlarını göstərdilər.

Aprel döyüşləri kimi iyul döyüşləri də illər ötməsinə baxmayaraq, Azərbaycan xalqınını heç zaman işğalla barışmayacağını, ermənilərin bu xalqın döyüş əzmini heç zaman qıra bilməyəcəklərini, birlik və həmrəyliklərini poza bilmiyəcəklərini göstərdi. Minlərlə gəncin gəncin cəbhə bölgəsinə axışması, küçələrə çıxaraq ölkə rəhbərliyi və xalqla birlik və həmrəylik etdirməsi bu fikri bir daha təsdiq etdi.

Onu da qeyd edim ki, iyun ayının 19-u bir qrup deputat həmkarımızla Tovuz və Ağstafa rayonlarına səfər etdik. Öncə şəhid Məmmədov Elşad Dönməz oğlunun, sonra ermənilərin atdığı mərmi nəticəsində dünyasını dəyişən 76 yaşlı Əziz Əzizovun ailəsinə baş çəkdik, həmin kəndin şəhidlər məzarlığını zayarət etdik. Sonra Tovuzun Cəlilli kəndində gizir Zeynallı İlqar Ayaz oğlu, Ağstafa rayonunun Kolxəlfəli kənd sakini İsmayılov Nazim Əfqan oğlu, Yuxarı Göycəli kənd sakini Sadıqov Vüqar Lətif oğlu, Həsənsu kənd sakini Mustafazadə Elçin Arif oğlu, Köçəskər kənd sakini Babayev Yaşar Vasif oğlunun ailələrinə baş sağlığı verdik. Geri dönərkən Gəncə hərbi hospitalına baş çəkdik. Orada müalicə alan əsgərlərimizin səhhəti ilə maraqlandıq. Əhalinin əhval-ruhiyyəsinin, döyüş əzminin ən yüksək səviyyədə olduğuna bir daha əmin olduq. Həm ordumuzun, həm şəhid ailələrinin, həm də mülki vətəndaşlarımızın dövlətimizin diqqət və qayğısı ilə tam əhatə olunduğunu gördük. Bu gün Azərbaycan dövləti öz vətəndaşının yanındadır, ona lazım olan diqqət və qayğını göstərir. Prezident İlham Əliyevin Tovuzla bağlı son sərəncamları bunu bir daha təsdiqləyir.

-  Hazırda xaricdə yaşayan azərbaycanlılar Azərbaycan dövləti ilə həmrəylik göstərmək, Ermənistanın işğalçılıq siyasətinə etiraz etmək üçün müxtəlif ölkələrdə dinc aksiyalar təşkil edirlər. Amma bundan qıcıqlanan erməni tərəfi soydaşlarımıza qarşı zorakılıq, vandallıq törətdilər. Bu hadisələrə münasibətiniz necədir?

- Son günlər dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələr ermənilərin faşist mahiyyətini bir daha açıb ortaya qoydu. Adətən ermənilər dünyaya haray çəkirdilər ki, azərbaycanlılarla yaşamaq mümkün deyil, guya onlarla aqressiv davranırlar. Əslində, baş verənlər bir daha göstərdi ki, ermənilərin özləri aqressiv və vandalizmə meyilli xalqdırlar. Məhz xaricdəki fəal gəclərimizin aksiyalarında onların davranışları bunu bir daha sübüt etdi. ABŞ da olan məlum olay ermənilərin hansı psixologiya və təfəkkürlə yaşadıqlarını da nümayiş etdirdi.

Eyni zamanda, Azərbaycanın diplomatik uğurlarının artdığını hər kəs görmüş oldu. Çünki son yaşananlar onu göstərdi ki, diasporamız ermənilərə qarşı daha artıq müqavimət göstərə bildi. Dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan xalqı sülhpərvər, ermənilər isə aqressiv və vəhşi bir toplumdur. Ermənilərin barbarcasına təşkil etdikləri aksiyalarda üzərində “Asala” terror təşkilatının adı yazılmış köynəklər geyinməsi onların terror, vandalizmə nə qədər sadiq olduqlarını göstərdi.

Gördüyünüz kimi, azərbaycanlılar sakit, dinc mitinqlər təşkil edirlər. Ermənilər isə bizim fəalların, tərəfdaşlarımızın aksiyasına aqressiya ilə yanaşır, kut alətlərə hücumlar təşkil edirlər. Eyni zamanda, ermənilər azərbaycanlıların belə bir fəal mübarizə formasında meydana çıxacaqlarını gözləmirdilər. Azərbaycanlıların vahid birlik nümayiş etdirməsi sözsüz ki, düşməni ciddi narahat etməyə başladı. Baş verənlərdən istifadə edərək erməni vəhşiliyini biz məhz bu konteksdən bütün dünyaya bəyan etməliyik. Onların həm Dağlıq Qarabağda, Xocalıda insanlara, dinc əhaliyə qarşı misli görünməyən soyqırım və insanlıq əleyhinə cinayətlər törətdiyini bütün dünyaya bir daha bəyan etməliyik.

Ermənilər son hadisələrdə öz vəhşilikləri ilə onların həqiqi mahiyyətini ifşa etmək üçün bizə xeyli yeni fakt verdilər. Müxtəlif kanallarla erməni yalanlarının ifşası, təxribatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərimizi daha da gücləndirməliyik.

- Erməni təxribatçılarının dinc aksiya iştirakçılarına qarşı zorakılıq törətməsi, soydaşlarımıza xəsarət yetirməsi həm də ciddi qanun pozuntusu, hüquqazidd əməllərdir. Həmin ölkələrin hüquq-mühafizə orqanlarının hadisələrə yanaşmasını necə qiymətləndirmək mümkündür?

- Bir sıra ölkələrin hüquq mühafizə orqanları ermənilərin törətdikləri zorakılıq hallarının qarşısının alınması üçün zəruri tədbirlər gördülər. Güclü iğtişaşların baş verməməsi üçün zəruri tədbirlər gördülər.

Ancaq təəssüfkü bəzi ölkələrin hüquq mühafizə orqanları iğtişaşların və ermənilərin təxribatlarının qarşısını ala bilmədilər. Baxmayaraq ki, əvvəldən onlar bu iğtişaşlar barədə məlumatlandırılmışdılar. Həmin ölkələrin müvafiq qurumları ciddi tədbirlər görsəydilər bu kimi hallar baş verməz, ermənilər bu qədər azğınlaşmazdılar.

Cəza tədbirlərinə gəldikdə, bir sıra ölkələr adekvat və operativ reaksiya verdilər. Tez bir zamanda qanunu pozanlar tapılıb cəzalandırıldı və hazırda proses davam edir. Bir sıra ölkələrdə isə araşdırmalar davam edir. Belə halların gələcəkdə bir daha təkrarlanmaması üçün mütləq günahkarlar tapılmalı və cəzalandırılmalıdırlar. Bununla bağlı Azərbaycan tərəfi aidiyyəti qurumlara müvafiq müraciətlər ünvanlayıb. İnanırıq ki, tez bir zamanda bütün günahkarlar tapılacaq və cəzalandırılacaqlar.

- Bu hadisələr erməni təxribatının xaricdə də davam edə biləcəyini göstərdi. Sizcə, belə bir şəraitdə Azərbaycan diasporu, diplomatik nümayəndəliklərimiz bundan sonra hansı addımlar atmalıdır? Bu baxımdan, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciətinin əhəmiyyəti nədən ibarətdir?

- Son günlər baş verənlər göstərdi ki, bu kimi hadisələrin davamlı baş vermə ehtimalı kifayət qədər yüksəkdir. Ermənilər ənənələrinə sadiq qalaraq növbəti təxribatlar törədə bilərlər. Diplomatik nümayəndələrimiz və diaspor təşkilatlarımız diqqətli olmalı, belə hadisələrin baş vermə ehtimalları barədə fəaliyyət göstərdikləri və yaşadıqları ölkələrin müvafiq strukturlarını məlumatlandırmalıdırlar. Həm səfirliyimizin əməkdaşları, həm də diasporumuzun nümayəndələri ayıq-sayıq olmalı, təxribata uymamalıdırlar.

Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə çox aktual və adekvat müraciəti oldu. Müraciətdə qeyd edilir ki, azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.

Bildirildiyi kimi, erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.

Mehriban xanım haqlı olaraq müraciətində  çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıb. Lakin nədənsə hələ onların səsləri eşidilmir. Halbuki, biz həmin beynəlxalq QHT-lərin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qeyri-obyektiv hesabatlarının şahidi olmuşuq. Əgər onlar bəyan etdikləri kimi, həqiqətən insan haqlarının müdafiəsi ilə məşğuldurlarsa ermənilərin soydaşlarımıza qarşı zorakılığına münasibət bildirməlidirlər.

Mehriban xanım Əliyeva müraciətində həmçinin, bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıb. “Unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır”-deyə, müraciətdə vurğulanır.

Təbii ki, Mehriban xanım Əliyevanın dəyərli çağırış və tövsiyələrinə mütləq əməl edilməlidir. Çünki düşmən çox hiyləgər və məkrlidir, məqsədə çatmaq üçün hər təxribata hazırdır. Bütövlükdə isə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti birliyimizin və həmrəyliyimizin gücləndirilməsi, baş hadisələrin obyektiv qiymətləndirilməsi  baxımından böyük əhəmiyyət kəsb edir.