YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Son bir il ərzində Prezident İlham Əliyevin sosial sahə ilə bağlı verdiyi qərarlar həqiqətən də inqilabi xarakter daşıyır

Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli

-Hadi müəllim, məlum olduğu kimi aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin bir ili tamam olur. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

-Ötən il ölkəmizdə aprelin 11-də keçirilən prezident seçkiləri xalqımızın dövlətimizin başçısı İlham Əliyevə sonsuz inam və etimadını bir daha təsdiqlədi. Bu seçkilərdə parlaq qələbə qazanan cənab İlham Əliyev seçkilərdən keçən  bir il ərzindəki fəaliyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut etdi. Bir il ərzində Azərbaycan bütün sahələrdə inkişaf edib, ölkəmizin daha da güclənməsi üçün uğurlu daxili və xarici siyasət həyata keçirilib.  

Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

-Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısı tərəfindən mühüm fərman və sərəncamlar imzalanıb. Bütün bunlar konkret olaraq faktlarda özünün əksini necə tapır?

- Həqiqətən də, son bir il ərzində Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, fərman və sərəncamları inqilabi xarakter daşıyır. Bu istiqamətdə atılan addımlar müqayisəyəgələmzdir. Bilirsiniz ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident cənab İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. 

 Bütövlükdə, ötən bir il ərzində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin  və veteranlarının sosial müdafiəsinin gücləndrilməsi istiqamətində vacib qərarlar verilib.

Belə ki, şəhid ailələri üçün verilən Prezident təqaüdü artırılıb, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırılıb, eləcə də, qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırılıb, yeni şəhərciklər inşa edilərək istifadəyə verilib.

Bütün bunlarla yanaşı bu ilin əvvəlindən minimum pensiyanın, minimum əməkhaqqının artırılması da vacib məqamlardan biridir. Fevralın 25-də dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”  Sərəncamı nəticəsində aprelin 1-dən bir sıra ödəmələr əhəmiyyətli dərəcədə artırılıb. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və s. addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. 

“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”, deyə bəyan edən cənab Prezidentin bu fikirləri Onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb. Bütövlükdə, sosial paketin 3 milyona qədər insanı əhatə etməsi çox yüksək göstəricidir.

-Bəs əhalinin məşğulluğunun artırılması istiqamətində hansı tədbirlər həyata keçirilir?

-Əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir.

Hazırda da  əhalinin məşğulluğunun təmin olunması yönündə işlər daha da dinamik xarakter alıb. Belə ki, ötən il oktabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq olunması haqqında Sərəncamın imzalanması bu baxımdan mühüm addımdır. Onu da qeyd edim ki, İşsizlikdən Sığorta Fondunun 2019-cu il üçün nəzərdə tutulan 83 milyon 450 min manat məbləğindəki büdcəsinin 42 milyon manatı məhz özünüməşğulluq tədbirlərinə həsr olunub. Bu fakt isə özlüyündə özünüməşğulluq tədbirləri vətəndaşlarımızın passiv sosial dəstək mexanizmindən aktiv sosial dəstək mexanizminə keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

-Hadi müəllim, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi yönündə görülən işlər haqqında da fikirlərinizi bilmək istrdik...

-Bu günlərdə Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəldi. Beləliklə, ölkəmizin əhalinin sayı 10 milyon nəfərə çatdı və bu hadisə respublikamızın hər yerində bayram əhval-ruhiyyəsi ilə qeyd olunur.

Ümumiyyətlə, Azərbaycanda uşaqlar dövlət qayğısı ilə tam təmin olunublar. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə bir sıra sosial müavinət növü var ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib.

Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı  ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir.

Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü  təsis edilib. Eyni zamanda, sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları  üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət  109 manatdan 200 manata çatdırılıb. Bütün bunlar dövlətimizin uğurlu sosial siyasətinin ifadəsidir.