MÜSAHİBƏLƏR
“Qara qızıl”ın insan kapitalına çevrilməsi strateji önəm kəsb edir
- Pərvanə xanım, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini gənclər siyasəti təşkil edir. Ölkəmizdə bu istiqamətdə görülən işlər və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?
- Ulu Öndər Heydər Əliyev gənclər siyasətini hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlamışdır. Ümummilli Liderin gənclərə olan qayğısı onların vətənpərvərlik ruhunda yetişməsinə yönəlmiş dəyərli fikirlərində öz əksini tapmışdır. Ulu Öndər deyirdi: “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər”.
Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin təşəbbüsü ilə 1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır.
2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması da məhz Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli Sərəncamına əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü qeyd edilməyə başlanıb.
Heydər Əliyev gənclərin təhsili və inkişafına hər zaman xüsusi önəm vermişdir. 2002-ci ildə qəbul edilən qərarla ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə “Prezident təqaüdü”nün verilməsi istedadlı gənclərin motivasiyasını yüksəltmək və təhsilə marağını artırmaq məqsədi daşımışdır. Bu, Heydər Əliyevin gələcək inkişaf üçün insan kapitalının əhəmiyyətinə verdiyi böyük önəmin parlaq nümunələrindən biridir.
Ümummilli Liderin təməlini qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuşdur. Bu mühüm təşəbbüs gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Həmin Sərəncamla 2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər.
Cənab İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
Dövlət başçısının gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri kimi 2 iyul 2013-cü il tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunmuş, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənmişdir. Bu mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
“Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlar əsasında həyata keçirilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nəticəsində 5000-dən çox gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşdur.
- Gənclərin müxtəlif sahələrdə sistemli və məqsədyönlü fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Cəmiyyətin dinamik qüvvəsi olan gənclərin milli maraqların qorunmasına töhfələrini necə dəyərləndirmək olar?
- Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetiriblər. Azərbaycançılıq ideyalarına sadiq olan gənclərimiz canlarını fəda edərək Vətəni qorumaq və ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün cəsarətlə mübarizə apardılar.
Prezident İlham Əliyev 12 avqust 2024-cü il tarixində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən sözügedən proqramın müddəti uzadılıb, təhsil alacaq tələbələrin sayı 400-dən 500-dək artırılıb.
Gənclərin liderlik və əməkdaşlıq sahəsində inkişafını dəstəkləmək, həmçinin ölkəmizin beynəlxalq arenada tanıdılmasına töhfə vermək məqsədilə 2024-cü ildə “Bakı qərar verir” Gənclərin I İqlim Danışıqları, “By Youth For Youth” Beynəlxalq Forumu, “Şuşa - İƏT-in Gənclər Paytaxtı” və “Lənkəran - Türk Dünyasının Gənclər Paytaxtı” proqramları çərçivəsində həyata keçirilən 24 beynəlxalq tədbirdə 57 ölkədən 650 iştirakçı, yerli və xarici nümayəndələr, gənclər və könüllülər iştirak edib.
11-22 noyabr 2024-cü il tarixində Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunu 7000 nəfər ziyarət edib. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqların COP29 zamanı düzgün yönləndirilməsində könüllülərin rolu danılmazdır. Əsasən gənclərdən ibarət həm yerli, həm də xarici könüllülər hava limanında qonaqları qarşılayaraq, nəqliyyat və şəhər gəzintiləri, hotellərə rahat yerləşməyi təmin etmiş və COP29 məkanında Yaşıl və Mavi zonalarda uğurla fəaliyyət göstəriblər. Bu mötəbər konfrans çərçivəsində 4500 könüllü gənc iştirak edib. Onların fəaliyyəti ölkəmizə gələn konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkilində fəal iştirak edən könüllülərə Təşəkkürnamə və pul mükafatı təqdim edilib.
Bu gün Azərbaycan gəncləri dövlətçiliyin inkişafında önəmli rol oynayır və gələcəyin liderləri olaraq yetişirlər.