YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın əzəmətli inkişafı Prezident İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır

Müsahibimiz Milli Məclisin deputatı, YAP Siyasi Şurasını üzvü Aydın Hüseynov

- Aydın müəllim, artıq aprelin 11-də keçiriləcək prezident seçkilərinin ən mühüm mərhələsində-təbliğat-təşviqat kampaniyası dövründəyik. Əvvəlcə Azərbaycanda seçki öncəsi durumu dəyərləndirməyinizi xahiş edirik…

- Şübhə yoxdur ki, seçkilər demokratik dövlətlərin, xalqların inkişaf tarixində çox mühüm rola malikdir. Seçkilər həm əvvəlki dövrün hesabatının aparılması, əldə olunan nəticələrin yenidən saf-çürük edilməsi baxımından əhəmiyyətlidir, eyni zamanda, dövlətin qarşıdakı dövrdə inkişaf paradiqmalarının müəyyənləşdirilməsində böyük önəm kəsb edir. Bu baxımdan,  Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacağını deməyə ciddi əsaslarımız var.

Ölkəmizdə seçki öncəsi vəziyyət də kifayət qədər sabitdir. Azərbaycan dövləti bu seçkilərin beynəlxalq standartlara uyğun demokratik şəraitdə keçirilməsi üçün lazımi şəraiti yaradıb. Seçkilərə ictimai maraq yüksək səviyyədədir. Hər bir namizəd üçün azad rəqabət şəraiti təmin olunub. Bu günə qədər müşahidə  etdiklərimiz əsasında deyə bilərik ki, seçki prosesləri tam qanunvericiliyə uyğun həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, çox mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir.

Seçkilərlə bağlı başqa bir diqqət çəkən məqam ondan ibarətdir ki, prosesə ciddi beynəlxalq maraq müşahidə olunur. Bu da bir neçə amillə əlaqədardır. Əvvəla, bu seçkilər regionda kifayət qədər strateji mövqeyə sahib olan, həmçinin beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi çıxış edən Azərbaycanın gələcək dövrdəki inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək. Eyni zamanda, bu seçkilərin nəticələri regionun inkişafı baxımından da əhəmiyyətlidir.

- Aydın müəllim, bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası prezident seçkilərində partiyanın Sədri, cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Artıq bir neçə gündür təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Seçicilərin cənab İlham Əliyevin namizədliyinə münasibəti, partiyamızın bu qərarı ilə bağlı ümumi ictimai rəy nədən ibarətdir?

- Tam məsuliyyətimizlə qeyd edə bilərik ki, partiyamızın prezident seçkilərində cənab İlham Əliyevin namizdəliyini irəli sürməsi xalqmızın istək və arzularından irəli gəlir. Biz həm təbliğat və təşviqat kampaniyası dövründə insanlarla görüşür, onların rəylərini, fikirlərini öyrənirik, ondan əvvəl də ictimaiyyətlə görüşlərimizdə müşahidə etdiklərimiz, cəmiyyətin əhval ruhiyyəsi açıq şəkildə göstərir ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının bu qərarı Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini və iradəsini ifadə edir. Vətəndaşlarımızın cənab İlham Əliyevlə bağlı söylədikləri xoş sözlər bir daha partiyamızın qərarının nə qədər yerində və obyektiv olduğunu sübuta yetirir. Bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 15 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir. Ona görə də insanlar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini məhz bu reallıqları dərk edərək, eyni zamanda Onun rəhbərliyi altında Azərbaycanın qazandığı tarixi nailiyyətlər fonunda dəyərləndirirlər.

- Qeyd etdiniz ki, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz möhtəşəm tarixi nailiyyətlər qazanıb. İstərdik ki, 2003-cü ildən bəri keçilən inkişaf yoluna bir daha nəzər salaq...

- Əlbəttə, ötən 15 ildə bütün sahələr üzrə o qədər çoxsaylı uğurlar qazanılıb ki, onlardan günlərlə danışmaq olar. Bu nailiyyətləri bir söhbətə sığdırmaq mümkün olmasa da, bəzi göstəriciləri xatırlatmaq istərdik ki, bu 15 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlı aydın təsəvvür yarada bilək. Azərbaycan iqtisadiyyatı bu illər ərzində 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimi iş yeridir. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub.
Bu gün Azərbaycan iqtisadiyyatı güclü sahibkarlıq sinfinin formalaşması sayəsində inkişaf etməkdədir. Əgər 2003-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 80 faizə yüksəlib. Özəl sektorun ildən-ilə genişlənərək iqtisadiyyatda payının 80 faizi ötməsi onun məşğulluq səviyyəsinin yüksəlməsində rolunun artmasına imkan verib. Ötən 14 il ərzində Azərbaycanın valyuta ehtiyatlarıı 23 dəfə artaraq 42 milyard dolara çatıb. Bu gün adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. 2003-cü ildə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37 faiz təşkil edirdisə, bu gün artıq bu sektorun payı 60 faizi ötüb.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin "XXI əsrin layihəsi" adlandırdığı "Cənub qaz dəhlizi" layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.

Həmçinin "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradır.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq əksini tapır. Ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, Azərbaycan "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlib və 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayır.

- Azərbaycanın ötən 15 ildə inkişafını ifadə edən əsas göstəricilərdən biri də regionların sosial-iqtisadi inkişafı istiqamətində qazanılan əzəmətli nailiyyətlərdir. Bu sahədə hansı uğurları qeyd etmək olar?

- Bəli, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində regionlar Azərbaycan iqtisadiyyatının lokomotivi, hərəkətverici qüvvəsi qismində çıxış edir. Xatırlatmaq istərdim ki, 2003-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin etimadını qazanmış cənab İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsi, əldə olunan gəlirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə regionlardakı iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin yaradılması, bölgələrdə işsizlik probleminin aradan qaldırılması qarşıya hədəf qoyuldu. Regionlarda infrastruktur layihələrinə yönəlmiş böyük investisiyalar ötən 15 il ərzində mühüm nəticələrini göstərdi. Bu dövr ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. 2004-cü ildə Azərbaycan elektrik enerjisini idxal edirdisə hazırda elektrik enerjisini ixrac edir. Qazlaşdırma ötən dövrdə 51 faizdən 93 faizə çatdırılıb. İçməli su və kanalizasiya problemləri həll edilib. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb. Bu zaman periodunda dörd su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilin istifadəyə verilib. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına mühüm təsir edib. Yol çəkilişi geniş vüsət alıb və 12 min 300 kilometr yol çəkilib. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 15 il ərzində 443 körpü tikilib, Azərbaycanda 6 beynəlxalq hava limanı inşa olunub, minlərlə kilometr müasir yollar çəkilib, körpülər və tunellər tikilib.

Təbii ki, sadalanan rəqəmlərdən də aydın göründüyü kimi, ölkənin iqtisadi qüdrətinin artması Azərbaycan dövlətinə sosial sferada da effektiv tədbirlər görməyə və vətəndaşların həyat standartlarının yüksəlməsinə möhkəm əsaslar yaradıb. Həyata keçirilmiş sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əmək haqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 499,8 manatadək yüksəlib. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizlik səviyyəsi isə 5%-dək azalıb.

- Aydın müəllim, sadaladığınız faktlar həqiqətən Azərbaycanın son 15 ildəki inkişaf göstəricilərinə işıq salır. Son olaraq, seçicilərə nə demək istərdiniz?

- Əlbəttə, inkişaf davamlı bir prosesdir və zaman dəyişdikcə, qarşıya yeni vəzifələr, yeni hədəflər çıxır. Azərbaycanın da gələcək dövrlər üçün yeni və daha möhtəşəm hədəfləri, çox böyük planları var. Bu hədəflər Azərbaycanı inkişafın yeni mərhələsinə çatdırmaq, dövlətimizi daha güclü etmək, insanların rifahını daha da yüksəltməkdən, Azərbaycanın  dünyanın inkişaf  etmiş ölkələri sırasında yer almasının təmin etməkdən ibarətdir. Bu əzəmətli zirvələri isə yalnız qüdrətli, xalqının etimadını doğrultmuş, xalqımızın maraqlarını və mənafeyini cəsarətlə qoruyan bir liderlə fəth etmək olar. O lider isə şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevdir. Ona görə də mən bir daha bütün seçiciləri konstitusion hüquqlarından istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçkilər prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevi dəstəkləyərək ölkəmizin daha da güclənməsinə səs verəcək. Bununla həm də xalqımızın, dövlətimizin daha parlaq gələcəyinə səs vermiş olacağıq. Cənab İlham Əliyevə səs vermək  möhtəşəm nailiyyətlərin davamlı olmasına səs vermək, iqtisadiyyatımızın daha da inkişafına səs vermək deməkdir, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə, işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə azadlığına səs vermək deməkdir.