YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır

Müsahibimiz Müsahibimiz Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovdur

- Əhliman müəllim, ölkəmizin həyatında mühüm hadisə olan prezident seçkilərinin təbliğat-təşviqat mərhələsindəyik. Azərbaycan bu seçkilərə hansı uğurlarla gedir?

 - Şübhəsiz ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasəti ilə bağlıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində qarşıdakı illər üçün hədəfləri açıqlayaraq  söylədiyi bu fikirləri yada salmaq istərdim: «Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.» Həmin vaxtdan ötən  dövrdə  Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Cənab İlham Əliyevin 2008 və 2013-cü illər prezident seçkilərində qələbəsini yenidən təmin etməsini şərtləndirən əsas amil də məhz hər bir vədini konkret əməli işi ili təsdiqləməsi olmuşdur.

   Artıq növbəti prezident seçkilərinin ərəfəsindəyik. Hər bir seçki prosesi arxada qalan illərdə görülən işləri, əldə olunan  uğurları nəzərdən keçirməyi zərurətə çevirir. 14 ildə  Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Hər bir inkişafın iqtisadiyyat üzərində qurulduğunu önə çəkən dövlət başçısı İlham Əliyev  yeni mərhələdə  özəl sektorun təkmilləşməsini prioritet məsələ kimi  öndə saxladı. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan davamlı addımlar öz müsbət nəticəsini verir. Statistik rəqəmlərə diqqət yetirək. Son 15 ildə  iqtisadiyyat 3 dəfədən çox artıb. Azərbaycan  dünyanın ən dinamik iqtisadi inkişafa  malik ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Yoxsulluq 50 faizdən 5 faizə enib. Bir milyon 900 min yeni iş yeri yaradılıb. Əhalinin real gəliri 2,6 dəfə artıb. Bütün bunlar Heydər Əliyev siyasətinin uğurlarıdır.  Ölkəmizin müdafiə qabiliyyəti möhkəmlənib, dövlət büdcəsindən bu sahəyə xeyli məbləğdə  vəsait ayrılıb. Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur.  Cənab İlham Əliyev iqtisadi tərəqqiyə uyğun olaraq əmək haqlarının, pensiyaların artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Təkcə son aylarda imzalanan fərman və sərəncamlara diqqət yetirsək, «güclü dövlət, yüksək rifah» prinsipinin dövlət siyasətinin əsasında dayandığını aydın görərik. Dünyda iqtisadi və maliyyə böhranının baş verməsinə və nəticələrinin bu günə qədər davam etməsinə baxmayaraq,  iqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsindən sosial sahəyə ayrılmalar azalmadı, əksinə bu vəsaitlər daha da artırıldı. Yəni dövlətimizin siyasəti sosialyönümlü, Azərbaycanın inkişafına yönələn siyasətdir ki, bu da öz bəhrəsini verir. İslahatların dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşməsi davamlı uğurlara yol açan əsas amillərdəndir.

Səhiyyə, təhsil sahəsində də  böyük uğurlarımız vardır. Yaxın keçmişə nəzər salsaq, düşünməzdik  ki, bu qədər xəstəxanalar, diaqnostika mərkəzləri tikilib istifadəyə veriləcək, ən əsası  dünya standartlarına cavab verən avadanlıqlarla  təchiz ediləcək. Son 15 ildə 642 tibb müəssisəsi istifadəyə verilib. Bu gün elə bir əməliyyat, müalicə üsulu yoxdur ki, onu ölkəmizdə həyata keçirmək mümkünsüz olsun. Xarici ölkələrdən gələn mütəxəssislər bizdə yaradılan  şəraitə heyrətlənirlər.

Bu fikirləri  təhsil müəssisələri haqqında da söyləyə bilərik. 3000-dən çox yeni məktəb binası tikilib istifadəyə verilib, eyni zamanda əsaslı təmir olunub.  Ali təhsil müəssisələri həm kadr potensialını, həm də maddi-texniki bazasını genişləndirir. Elmin inkişafına göstərilən diqqət və qayğı davamlılığı ilə diqqət çəkir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasına göstərilən qayğını xüsusi qeyd etməliyik. Akademiyanın Elektron kitabxanasının istifadəyə verilməsi, həmçinin  Akademiya şəhərciyinin abadlaşdırılması,  Akademiyanın nəzdində fəaliyyət göstərən institutların maddi-texniki bazasının möhkəmləndirilməsi və digər mühüm işlər  elmin inkişafına  göstərilən diqqətdən  qaynaqlanır. Son 15 ildə cənab İlham Əliyev bir neçə dəfə Milli Elmlər Akademiyasında olub,  illik ümumi yığıncağında iştirak edib və tövsiyələrini çatdırıb. Ölkə Prezidentinin bu addımları Akademiyanın inkişafına böyük yol açır.  

Uğurlarımız sırasında dövlət idarəçiliyi sahəsində atılan mühüm addımları qeyd etməliyik. Vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması gələcəkdə ölkəmizdə idarəçiliyin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq.

Azərbaycan sabitləşdirici faktor kimi nüfuz qazanıb.  Təhlükəsizliyin, əmin-amanlığın təminatı  hər bir ölkənin inkişafı üçün əsasdır. Sabitlik, əmin- amanlıq  olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz.  Necə yüzillik dövlətçilik təcrübəsi olan ölkələrdə yaşananlara diqqət yetirək. Azərbaycan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində addımlayır, sabit ölkə kimi yeri və rolunu möhkəmləndirir. Ölkəmizin  beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsində də bu amilin rolu böyükdür. 

Qeyd edim ki, ölkəmiz xarici siyasət sahəsində də mühüm uğurlara imza atıb.  Təbii ki, bu günümüzü dünənimizlə, ən əsası müstəqilliyimizin ilk illəri ilə müqayisə etsək, böyük uğurların, Azərbaycanın dünya birliyində layiqli yer tutduğunun şahidi olarıq. Bu, bir faktdır  ki, müstəqilliyimizin ilk illərində beynəlxalq aləmdə   Azərbaycan haqqında heç bir məlumat yox idi, həqiqətlərimiz  ermənilərin apardıqları yalan  təbliğata uyğun olaraq dünya ictimaiyyətinə çatdırılırdı. Lakin ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı informasiya blokadasından xilas etdi. Uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq    Azərbaycan bir dövlət olaraq öz varlığını təsdiqlədi,  həqiqətlərimizin təbliği dövlət siyasətinin əsasına çevrilərək erməni yalanlarının ifşası istiqamətində ciddi addımlar atıldı. Son 14 ildən artıq zamanda  ümummilli liderin muəyyənləşdirdiyi xarici siyasət kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycanı regionda  və dünyada əsl söz sahibinə çevirdi.  Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan 2011-ci ildə  155 ölkənin dəstəyini qazaranaq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında dostluq körpüsü rolunu daha da möhkəmləndirdi.   XXI əsrin layihəsi olan  «Cənub Qaz Dəhlizi»  Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini  bir daha təsdiqlədi.  Ötən ilin sentyabrında «Yeni əsrin müqaviləsi» imzalandı. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun aydın ifadəsini yaradır.

Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllinə gedən yolu yaxınlaşdırır. Beynəlxalq təşkilatların qərar və qətnamələrində dövlətimizin mövqeyi dəstəklənir, münaqişənin sülh yolu ilə həllinin vacibliyi qeyd olunur.

Sözsüz ki, bir sual çərçivəsində Azərbaycanın uğurlarını əhatə edə bilmərik. Reallıqlar göz önündədir. Heydər Əliyev yolu ölkəmizə davamlı uğurlar qazandırır. Cənab İlham Əliyevin arxada qalan illərin uğurlarına əsaslanaraq təsdiqlədiyi «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası, eyni zamanda davamlı inkişafa xidmət edən Strateji Yol Xəritələri növbəti illər üçün müəyyənləşdirilən hədəflərə aydınlıq  gətirir. Əvvəldə də qeyd etdiyim kimi, həyata keçirilən siyasət  dövlətimizin daha da qüdrətlənməsinə, möhkəmlənməsinə, dünya birliyinin layiqli üzvü kimi nüfuz qazanmasına xidmət edir. Bu illər  ən əsası müstəqilliyimizin daha daha da möhkəmlənməsi, müstəqil siyasətimizin qazandırdığı uğurlarla yadda qalıb. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan dövlətimizin mövqeyini böyük inam və qətiyyətlə bəyan edib.

Uğurlarımız çoxdur və eyni zamanda davamlıdır. Bu isə öz növbəsində yeni-yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir. Bu gün bizim  eganə problemimiz  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, diplomatik mübarizədə qələbəmiz, həmçinin ordumuzun gücünün, qüdrətinin artması fonunda bu problemimiz də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha möhtəşəm uğurlara imza atacaq.

- Müstəqilliyimizin daha da  möhkəmlənməsinə, dövlətçilik ənənələrimizin inkişafına mühüm töhfələrdən biri də cənab İlham Əliyevin Sərəncamı ilə  2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsidir…

Əlbəttə, bu,  çox vacib məsələdir. Azərbaycanın müstəqil dövlət kimi elan olunması Cümhuriyyətlə bağlıdır. O dövrdə Azərbaycan xalqının ən layiqli övladları Cümhuriyyəti yaradıblar. Ömrünün qısa olmasına baxmayaraq, ADR  bu günümüz üçün mühüm addımlar atıb. Dövlət başçısı İlham Əliyevin məlum Sərəncamında da bu məqamlar öz əksini tapıb.  Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Azərbaycan  öz dövlət müstəqilliyini ikinci dəfə  1991-ci il oktyabrın 18-də  bərpa etsə də xalqımız bu sevinci ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yaşadı.  Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət son 15 ildə uğurla davam edir. Ümummilli lider  hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Ölkənin parçalanması, dağılması reallığa çevrilirdi. Dahi şəxsiyyət Heydər Əliyev müasir, müstəqil Azərbaycanı quraraq, bugünkü uğurlarımıza geniş yol açdı. Ulu öndərin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun  saxlanılması, daimi, əbədi olması bundan da çətindir.  Dövlət başçısı İlham Əliyevin  2018-ci ili «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsi müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinə işıq salır.  Milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə ölkə Prezidentinin imzaladığı Sərəncam  diqqəti bir  amilə yönləndirir.  O çətin dövrdə Azərbaycanın müstəqilliyini elan etmiş fədakar insanlar heç vaxt unudulmamalıdır.  Bu il   eyni zamanda müasir,  müstəqil Azərbaycan dövlətinin qurucusu,  ulu öndər Heydər Əliyevin anadan olmasının  95 illiyidir. Ümummilli liderin hakimiyyətinin hər iki dövründə  xalqımızın, dövlətimizin bu günü və gələcəyi üçün gördüyü işlərin, göstərdiyi xidmətlərin miqyası  böyükdür.  Parlamentin də  100 illiyidir. Bir sözlə, yubileylər ili kimi xarakterizə olunan 2018-ci il Azərbaycan tarixinə bir uğur səhifəsini-prezident seçkilərini yazacaq. Əminəm ki, prezident seçkiləri uğurla başa çatacaq, silsilə xarakterli  yubiley tədbirlərimiz xoş əhval- ruhiyyə ilə   yüksək səviyyədə təşkil olunacaq.

-  Əhliman müəllim, tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının davamlı uğurlarımıza töhfələrini necə qiymətləndirirsiniz?

- Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, inamla irəliləyir. Partiyanın sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir. Gənclərimizin partiyaya axını böyükdür.  Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bir daha keçilən yolun, əldə olunan uğurların, partiyanın Azərbaycanın  bu günü və gələcəyi üçün gördüyü işlərin aydın mənzərəsini yaratdı. YAP daim dövlətimizə, xalqımıza xidmət etmiş, tutduğu yola sadiqliyi ilə cəmiyyətdə nüfuzunu günbəgün artırır. Populizmdən uzaq olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın inkişafına töhfələri göz önündədir. Bircə faktı qeyd etmək kifayətdir ki, ölkədə keçirilən seçkilərdə hər zaman uğur qazanan partiyaya xalqın dəstəyi, inamı məhz həyata keçirdiyi siyasətə əsaslanır. Gerçəkliklərin bələdçisi olan xalq görülən işlərə, həyata keçirilən siyasətə dəstəyini ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməklə nümayiş etdirir.  Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası  dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu tezisin davamı olaraq cənab İlham Əliyev bildirir ki, YAP nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır.  

-  11 aprel prezident seçkiləri tariximizə hansı səhifəni yazacaq?

-  Əminəm ki, Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə səs verəcək. Cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da  möhkəmlədirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs verəcəyik. Çünki Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu  siyasətin lay     iqli  davamçısı cənab İlham Əliyev  11 aprel prezident seçkilərində yenidən qələbəsini təmin edərək, Azərbaycanın davamlı inkişafının təminatçısı kimi təkmil islahatları ilə möhtəşəm uğurlarımızın miqyasını daha da genişləndirəcək.  Seçimlərində müstəqil olan xalqımız ağı qaradan seçməyi çox yaxşı bacarır. Əminəm ki,  11 aprel prezident seçkiləri seçicilərimizin  yüksək fəallığı şəraitində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi ilə tarixə yazılacaq.