YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin siyasi iradə və qətiyyəti Azərbaycan xalqının gələcəyə nikbin baxması üçün kifayət qədər stimul yaradır

   Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev

- Ağalar müəllim, dövlətimizin başçısı İlham Əliyev beşinci çağırış Milli Məclisin ilk iclasında bir daha bu reallığı diqqətə çatdırdı ki,  son illər dünya miqyasında  iqtisadi inkişaf  baxımından ən sürətlə inkişaf edən  ölkə Azərbaycandır...

-  İnkaredilməz həqiqətdir ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ulu öndər Heydər Əliyevin  «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi də bu gerçəkliyin təsdiqidir. Ümummilli  lider Heydər Əliyevin iqtisadiyytın inkaşfında neft amilinə  yüksək dəyər verərək, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün  tarixə  «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsinin imzalanmasına nail olmasının uğurları  bugünkü Azərbaycan reallıqlarıdır. Son 12 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atdı və bu addımlar davamlı xarakter daşıyır.

Prezident İlham Əliyevin reallığa və praqmatizmə əsaslanan inkişaf konsepsiyasının  istiqamətləri 24 noyabr 2003-cü ildə imzaladığı «Azərbaycan Respublikasında sosial -iqtisadi inkişafın sürətləndirilməsi haqqında»  Fərmanı ilə başlandı. Həmin  sənəddən irəli gələn tədbirlərin daha geniş inkişafını əhatə edən və üç mərhələ üzrə həyata keçirilən regionların sosial-iqtisadi  inkişafı Dövlət Proqramlarının tətbiqi isə Azərbaycana siyasi, iqtisadi, sosial dividentlər qazandıran fəaliyyətin nəticəsi kimi davam etməkdədir. Respublikamızda mövcud olan təbii ehtiyat və resurslardan, xarici ölkələrlə əməkdaşlıq imkanlarından  səmərəli, xalqın və dövlətin milli mənafeyi baxımından istifadə etməklə ölkə iqtisadiyyatının inkişaf dinamikasını sürətləndirən, investisiya axınını artıran islahatlar nəticəsində   inkişafın Azərbaycan modeli formalaşdı. Ölkəmizə nüfuz qazandıran davamlı  uğurlar ümummilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin əməyi və xidmətlərinin  məntiqi nəticəsidir. 2013-cü il  andiçmə mərasimində daha qüdrətli Azərbaycan naminə qüvvələrin səfərbər olunacağını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, atılan bütün addımlar Azərbaycanın inkişafına xidmət edir: «Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır.»

Son 12 ildə  qazanılan uğurların davamı olaraq cari ilin doqquz  ayında əldə olunan nəticələr  isə gələcək nailiyyətlərin təməlidir. Belə ki, 2015-ci ilin 9 ayında ÜDM-in  3,7 faiz artması ölkəmizin dinamik inkişafının göstəricisidir.  Ölkə iqtisadiyyatının 80 faizdən artığını təşkil edən qeyri-neft sektorunun  6 faiz artımı da  aparılan islahatların nəticəsidir.  Müvafiq dövrdə sənaye istehsalı təxminən 2,1, qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlər, tədbirlər sayəsində mümkün olmuşdur. «Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq, bir daha demək istəyirəm ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq» söyləyən dövlətimizin başçısının vurğuladığı kimi  Azərbaycanda inflyasiyanın aşağı səviyyədə olması (3,7 faiz), inflyasiyanı üstələyən  əhalinin pul gəlirlərinin 5,8 faiz artımı iqtisadi islahatların sosial islahatlarla nəticələnməsinin məntiqi ifadəsidir.  Kənd təsərrüfatında müşahidə olunan 6,7 faizdən çox artım isə  fermer təsərrüfatlarına göstərilən  dövlət qayğısından,  sahibkarlar üçün yaradılan əlverişli biznes mühitindən irəli gəlir. Azərbaycanın investisiya cəlbediciliyinə görə  diqqət çəkməsi ölkədaxili sərmayə proqramına düzgün və ədalətli əməl edilməsi ilə mümkün olmuşdur.  Belə ki, son illərdə ölkə iqtisadiyyatına 180 milyard dollar  sərmayə  qoyulmuşdur. Bu  göstərici cari ilin 9 ayı  üçün  16  milyard manat təşkil edir.
 Perspektivlər də möhtəşəmdir.  «İqtisadi sahədə şaxələndirmə siyasəti aparılır, aparılacaqdır. Çalışmalıyıq ki, növbəti on il ərzində qeyri-neft iqtisadiyyatımız iki dəfə artsın. Bu hədəf artıq bir il bundan əvvəl qarşıya qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar vardır. Bu ilin göstəriciləri bunu deməyə əsas verir. Bu il qeyri-neft sektorumuz on faizdən çox artmışdır. Əgər biz hər il qeyri-neft sektorumuzu on faizdən çox artıra bilsək, o hədəfə çatacağıq.
Əlbəttə ki, bu faizlər, bu rəqəmlər mütləq hədəf deyildir. Əsas məsələ ondan ibarətdir ki, biz bu hədəflərə çatsaq Azərbaycan iqtisadiyyatı daha da güclənəcək və dayanıqlığını daha da möhkəmləndirəcək, neft amilindən asılılığını daha da azaldacaq və iş yerlərinin açılmasına daha da yaxşı imkanlar yaradılacaqdır» söyləyən Prezident İlham Əliyev inkişafın əsas istiqamətləri kimi sənayeləşmə ilə bağlı siyasətin daha geniş sferada davamında  görür. 

Hər il yüzlərlə sənaye, emal müəssisələrinin açıldığı ölkəmizdə ağır sənayenin inkişafı üçün də gözəl imkanlar, texnoparklar, sənaye zonaları yaradılır.  Bölgələrin  inkişafına daha çox diqqət göstərilməsində məqsəd  kəndlə şəhər arasında fərqin aradan qaldırılması, regionlarda yaşayan əhalinin ehtiyaclarının  məskunlaşdıqları ərazilərə yaxın  yerləşən istehsal obyektlərin hesabına ödənilməsidir.

-  Sahibkarlığın inkişafı dövlət siyasətinin əsası kimi daim diqqətdədir. Nazirlər Kabinetinin hər bir iclasında dövlətimizin başçısı İlham Əliyev  bu sahədə görülən işlərlə yanaşı, həlli vacib məsələləri də diqqətə çatdırır. Prezident İlham Əliyev inkişafa süni maneələrin aradan qaldırılmasını qarşıya  tələb kimi qoyub...  

-  Dövlətimizin başçısı İlham Əliyevin  qeyd olunan müşavirədə  xüsusi vurğuladığı kimi,  iqtisadi inkişaf modelimiz  bu gün çox ölkələr üçün  cəlbedicidir. Çünki  Azərbaycan şaxələndirmə yolu ilə  gedir.  Ölkə iqtisadiyyatı artıq  çoxşaxəli iqtisadiyyatdır. Əvvəldə də qeyd etdiyim kimi,  qeyri-neft sektoru  ümumi daxili məhsulun  70 faizini təşkil edir. Hazırkı  mərhələnin əsas hədəfi   iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

 Böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin həyata keçirilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi,  «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı»nın təsdiqlənməsi, «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında», eyni zamanda «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» fərmanlar bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan  sahibkarlığın inkşafına geniş yol açan mühüm addımlardır. Dövlətimizin  başçısı İlham Əliyev  inkişafa mane olan  bütün əngəllərin, süni maneələrin aradan qaldırılmasında ictimai nəzarətin gücləndirilməsinin vacibliyini xüsusi qeyd edərək bildirmişdir ki, əlbəttə, vətəndaşlardan da çox şey asılıdır.  İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə  qalib gələ bilmərik.

İnstitusional tədbirlər görülür, islahatlar aparılır və korrupsiyaya qarşı  mübarizə geniş ictimai dəstəyə  malikdir.  Təbii ki, dövlətimizin başçısının vurğuladığı kimi, bu dəstək daha da fəal olmalıdır. Sistem xarakterli      islahatların davam etdirilməsi, yeni təkliflərin verilməsi və  «ASAN» xidmət”in təcrübəsinin  geniş tətbiq edilməsi vacib amil kimi önə çəkilir. Uğurlarımızın davamlılığında vacib amillərdən biri  kimi hər zaman  vətəndaş-məmur münasibətlərinin lazımi səviyyədə formalaşdırılması önə çəkilir.  Lazımsiz yoxlamaların aparılmasına,  yerli icra hakimiyyəti  orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının bəzi hallarda  sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev hər sahədə işlərin düzgün qurulmasının, məmurların, dövlət qurumlarının nümayəndələrinin xalqla bir yerdə olmasının mütləqliyini  diqqətə çatdırır. 

«Elektron hökumət»  layihəsi demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Azərbaycan brendi olan «ASAN xidmət»in beynəlxalq təşkilatlar  tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizə marağı daha da artırmışdır. Bu layihənin tətbiqi ilə  məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması təmin olunur, korrupsiya və  rüşvətxorluq halları aradan qaldırılır.

- Ağalar müəllim, Prezidentin «dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır» fikrindən çıxış edərək bu gün bu formula çərçivəsində hansı işlər görülür?

- «Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır» tövsiyəsi ilə  vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsini bütünlükdə  sosial siyasətin əsas istiqaməti kimi diqqətə çatdıran Prezident İlham Əliyevin  son aylardakı tələb və tapşırıqlarının əsasında da  insan amili dayanır. Dərman preparatlarının, avia biletlərin, turizmin genişlənməsində, əsas amil olan otellərin qiymətlərinin tənzimlənməsi, sahibkarlara qarşı əsassız tələblərin aradan qaldırılması istiqamətində aparılan islahatlar yalnız  ölkə əhalisinin rahatlığının təminatına yönəldilir.  «Hər bir  dövlət məmuru öz xalqına xidmət etməlidir» söyləyən Prezident İlham Əliyev  bildirir ki,   vəzifəli şəxslər insanlara qulluq etməli,  təvazökar olmalıdır, borcunu şərəflə yerinə yetirməlidir. Nazir və komitə sədrlərinin bölgələr üzrə  planlaşdırılan əhali ilə görüşlərinin əsasında da  insanlara qayğı, vətəndaş amili, onların arzu və istəklərinin öyrənilib yerinə yetirilməsi  dayanır. «Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır»  deməklə  cəmiyyətdə sağlam həyat tərzinin davamlı olması üçün  bütün vətəndaşların öz vəzifəsinə məsuliyyətlə yanaşmasını tələb edir.  Bu məsələlərə kompleks yanaşmanı tələb edən  Prezident İlham Əliyev  sosial, ciddi xarakterli digər problemlərin həllini də vacib hesab edir. Ölkə ictimaiyyəti ilə  görüşləri zamanı  əhalinin təkliflərini bilavasitə  özlərindən  öyrənən Prezident İlham Əliyev  ilk növbədə yerlərdə infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni-məişlət obyektlərinin salınması ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşır.
Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarzənin gücləndirilməsi ,  sistem xarakterli  islahatların aparılması Prezident İlham Əliyevin  siyasi iradə  və qətiyyətinin təzahürüdür. Görülən işlər  bu qənaətə əsas verir ki,  Azərbaycan xalqının gələcəyə nikbin baxması üçün kifayət qədər stimul vardır.

- Qeyd etdiyiniz kimi, uğurlarımız gələcək prioritetlərin düzgün müəyyənləşdirilməsinə stimul verir. «Azərbaycan 2020: gələcəyə baxış»İnkişaf Konsepsiyasının  davamlı inkişafın təminatında rolunu necə şərh edərdiniz?

- Azərbaycan gələcəyə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ilə gedir. Qarşıdakı illər ərzində sürətli iqtisadi inkişafın davam etdiriləcəyi, ümumdaxili məhsulun bir neçə dəfə artacağı və adambaşına düşən milli gəlirin on min dollar həddini keçəcəyi  əsas hədəflərdəndir. Bu fikir beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır ki,   Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən strateji məqsədlər naminə məharətlə istifadə edərək, bir sıra qlobal layihələrin təşəbbüsçüsü və icraçısı olmuş, Qərblə Şərqi, Şimal ilə Cənubu bir-birinə iqtisadi və siyasi tellərlə bağlayan məkana çevrilmişdir.  Azərbaycan ölkədə planlı şəkildə həyata keçirilən  iqtisadi islahatlar sayəsində regionun ən güclü və inkişaf etmiş dövləti olmuşdur. Prezident İlham Əliyev düşünülmüş xarici siyasəti nəticəsində müxtəlif dövlətlərin regiondakı maraqlarını Azərbaycanın mənafelərinin təminatına yönəltməyi bacarmış, ölkənin beynəlxalq əlaqələrini, enerji ixracı və nəqliyyat şəbəkəsini inkişaf etdirmiş,  ölkənin güclü iqtisadi təməli siyasi stabilliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirmişdir. Qeyd etdiyimiz kimi, Cənubi Qafqazda daxili məhsuldan gələn ümumi gəlirin 80 faizi Azərbaycanın payına düşür. Zəngin təbii sərvəti və iqtisadiyyatın digər sahələrindəki potensialı ilə seçilən Azərbaycan regional iqtisadi güc mərkəzidir. Dünyanı bürüyən, ən güclü dövlətləri belə  təşvişə salan maliyyə və böhran illərində  də  inkişaf dinamikasını saxlayan Azərbaycanda sosial  islahatlar  davam etməkdədir.
«Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik» söyləyən dövlətimizin  başçının  vurğuladığı kimi,  aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur. Ölkədə  güclü sosial infrastruktur layihələri həyata keçirilir. Məktəblər, xəstəxanalar tikilir.  Təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi davam etdirilir.   XXI əsrin « Qlobal xəritədə  ölkələrin oynadığı rol insanların intellektual potensialından daha çox asılı olacaqdır» çağırışının əsas amil kimi daim diqqətdə saxlanıldığı ölkəmizdə  insan kapitalına  böyük sərmayələr yatırılır.  Prezident İlham Əliyevin vurğuladığı kimi güclü  olmaq üçün güclü iqtisadiyyat lazımdır. Qarşıdakı on ildə Azərbaycanı orta gəlirli ölkədən inkişaf etmiş ölkəyə çevirmək başlıca məqsəddir. Bu məqsədə nail olmaq üçün artıq bir çox layihələr gerçəkləşib. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasını təsdiqləyərək, həyata keçirilən islahatları sürətləndirməklə  Azərbaycan iqtisadiyyatını daha da gücləndirməyi hədəf kimi müəyyənləşdirən  Prezident İlham Əliyevin  dövlətimizin qüdrətlənməsi, əhalinin həyat tərzinin inkişaf etmiş dövlətlər səviyyəsinə çatması üçün gördüyü işlərin səmərəsi hər birimizin gündəlik həyatında əksini tapır. “Bu gün qarşıda duran məqsədimiz ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi və növbəti 10-12 il ərzində sürətli inkişafdır”” söyləyən cənab İlham Əliyevin çıxışlarında  qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının, eyni zamanda  hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və uğurlu icrası   qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Son illərdə müşahidə olunan, beynəlxalq ekspertlərin də etiraf etdikləri kimi,  Azərbaycanın belə sürətli inkişafı daha möhtəşəm uğurlardan xəbər verir.  Beşinci çağırış Milli Məclisin ilk icalsında möhtərəm Prezidentimiz İlham Əliyev böyük inam və qətiyyətlə bildirdiyi kimi,  Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Bir sözlə, keçilən yolun ümumiləşdirimiş ifadəsi budur ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır.