YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafı üçün keyfiyyət infrastrukturu sahələrinə xüsusi diqqət ayırır

   Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

- Ramiz müəllim, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Rəhbərlik etdiyiniz komitənin fəaliyyət sahələri müasir dövrün çağırışları, qarşıya qoyulan tələblərin icrası və sahibkarlığın inkişafı üçün əsas alət rolunu oynamaqdadır. Bu sahədə hansı işlər görülür?

- Respublikamızın günbəgün inkişafı, bütün istiqamətləri əhatə edən yüksəlişi, iqtisadiyyatın dinamik templə dünya iqtisadiyyatına inteqrasiyası danılmaz həqiqətdir. Təməlində ulu öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi duran bu inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən aparılan hərtərəfli islahatlar, tarazlı iqtisadi siyasət, yerli və xarici investorlar üçün əlverişli, münbit şəraitin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkəmizdə bütün sahələrdə dinamik sosial-iqtisadi inkişafla nəticələnib. Müasir dövrdə keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarlığın, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilmişdir.

Son illərdə ölkəmizdə yaradılan müasir emal müəssisələrinin istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsulları xalq tərəfindən rəğbətlə qarşılanır. Təbii ki, bəzi məhsulların keyfiyyətinin hələ dünya standartlarına tam cavab verə bilməsi və dünyanı bürüyən iqtisadi böhranın respublikamızda həmin emal müəssisələrinə nə dərəcədə təsir edəcəyi də ciddi problem olaraq qalır. Bütün bunlara baxmayaraq, əminliklə deyə bilərik ki, bundan sonra da dövlət başçısının düzgün siyasi xətti əsasında problemlər uğurla həll ediləcəkdir.

Qeyri-neft sektorunun inkişafını sahibkarlığa geniş imkanlar yaradılmasında görən dövlət başçısı özəl sektora xüsusi qayğı ilə yanaşır və bu istiqamətdə ardıcıl olaraq islahatlar aparır. Artıq ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələ başlayıb, keyfiyyət infrastrukturunun inkişafını təmin edən qanunvericilik bazası təkmilləşdirilib, maddi-texniki baza – etalon və sınaq laboratoriyaları qurulub. Təbii ki, dövlətin dəstəyi ilə görülmüş bu işlər nəticəsində kiçik və orta sahibkarlıq fəaliyyəti daha da genişlənir, iş adamlarının sayı artır və dayanıqlı iqtisadi artım tempi qorunur.

Cənab Prezidentin ötən aylarda imzaladığı fərmanlar və onun təşəbbüsu ilə Milli Məclis tərəfindən qəbul edilən və qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahənin inkişafına istiqamətlənən inqilabi addımlardır.

Hazırda dünya bazarında neftın qiymətinin aşağı düşməsi fonunda Azərbaycanda neftdən asılılığın minimuma endirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı üçün keyfiyyət infrastrukturuna aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən geniş istifadə olunması yeni perspektivlər vəd edir.

- Yeri gəlmişkən, texniki tənzimləmə və standartlaşdırma sahəsinin beynəlxalq tələblər səviyyəsinə çatdırılması məqsədilə hansı işlər görülür?

- Azərbaycanda iqtisadi inkişafın dayanıqlığına və ölkənin dünya bazarına çıxışına köməklik göstərilməsi məqsədilə Avropa İttifaqının “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsi həyata keçirilməkdədir. 2016-2017-cl illər ərzində isə "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" adlı Tvinninq layihəsinin həyata keçirilməsi üzrə işlər aparılacaqdır. Bu layihənin əsas məqsədi Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi,  kalibrlənmə və sınaq  laboratoriyalarının fəaliyyətinin gücləndirilməsi və onların beynəlxalq akkreditasiyasına hazırlığına dəstək göstərməkdir.

Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr haqqında Sazişinin texniki tənzimləməyə və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tələbləri, Avropa İttifaqının  müvafiq qanunvericiliyi əsasında hazırlanmış “Texniki tənzimləmə haqqında” qanun layihəsinin qəbulu istiqamətində son işlər həyata keçirilməkdədir.

Komitə tərəfindən “Enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sisteminin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmışdır. Proqram layihəsinin son versiyası Hökumətə təqdim edilmişdir.

Qida təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına uyğun olaraq ölkədə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Kodeks Alimentarius standartları əsasında hazırlanmış 12 milli standart artıq təsdiq olunmuşdur. Standartlaşdırma sahəsində inkişafın sürətləndirilməsi məqsədi ilə 2013-cü ildə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yaradılmışdır. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə edən saziş imzalanmışdır. İnstitut tərəfindən qısa müddət ərzində 140 standart işlənib hazırlanmışdır. Yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında milli standartların hazırlanması məqsədilə Komitə tərəfindən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin tərkibində  “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK) yaradılmışdır.

Standartlaşdırma sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığa da diqqət verilməkdədir. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Avropa Standartlaşdırma Komitəsi (CEN), Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (MQS), Bölgələrarası Standartlaşdırma Bürosu (BASB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC) çərçivəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Cari ilin may ayında Türk Standartları İnstitutu ilə  Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.

Hesab edirik ki, keyfiyyət infrastrukturunun başlıca sahəsi sayılan texniki tənzimləmə və standartlaşdırmanın hazırki inkişaf tempi cənab Prezident tərəfindən qarşımıza qoyulan əsas məqsədlərə çatmağa kömək olacaqdır.

- Dövlətin xüsusi qayğısı və diqqəti sayəsində metrologiya sahəsinin inkişafı istiqamətində də xeyli nailiyyərləriniz var…

- Metrologiya sahəsinin inkişafını təmin edən qanunvericilik aktları qəbul edilmişdir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunu 2013-cü il 13 iyun tarixində Milli Məclis tərəfindən qəbul edilmişdir. Həmçinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun tələblərini təmin etmək və sahibkarlıq fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə “Yoxlamaya  təqdim  olunacaq  ölçmə və sınaq  vasitələrinin” nomenklatur siyahısı və onların yoxlama dövriliyi işlənib hazırlanmışdır.

Ötən il “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradılmışdır. TK-nın yaradılmasında əsas məqsəd metrologiya sahəsi ilə bağlı sənayedə və digər sahələrdə istifadə olunan  milli standartların layihələrinin, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının və s. işlənib  hazırlanmasına dəstək göstərmək, onların ekspertizasını keçirərək rəy vermək, bununla da ölkədə sənayenin inkişafina, azad sahibkarlıq subyektlərinin ədalətli rəqabətinə, şəffaf bazar mexanizmlərinin formalaşmasına zəmin yaratmaqdır.

Metrologiya sahəsində beynəlxalq əməkdaşlıq da inkişaf etdirilmişdir. Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) ilə Komitə yanında Dövlət Metrologiya Xidməti arasında Memorandum imzalanmışdır.

Komitə ilə Atom Enerjisi  üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2013-cü ildə Dövlət Metrologiya Xidməti nəzdində Dövlət etalon dozimetrik laboratoriyası yaradılmışdır. Laboratoriya ionlaşdırıcı şüalanma və rentgen şüalanması üzrə etalon ölçmə vasitələri və  digər köməkçi avadanlıqlarla təmin edilmişdir. 2015-ci ildə Komitə ilə AEBA arasında Texniki Əməkdaşlıgın davamı olaraq Dövlət Metrologiya Xidmətin Dövlət dozimetrik etalonları sektorunun nəzdində Spektrometriya laboratoriyası yaradılmışdır. Laboratoriyanın yaradılmasının əsas məqsədi respublikaya daxil olan ərzaq və qeyri-ərzaq məhsullarının, inşaat materiallarının, dərman preparatlarının, suyun, torpağın radionuklid tərkibinin öyrənilməsindən, analiz edilməsindən, qamma spektrometrlərinin yoxlanmasından ibarətdir.

- Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya da ölkəmizdə keyfiyyət infrastrukturunun başlıca sahələrindəndir. Ötən il bu sahənin tənzimlənməsi və inkişafı məqsədilə yeni Qanun da qəbul edilmişdir. Qanunun qəbulundan sonra bu sahədə nələr dəyişdi?

- “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun 2014-cü il 30 may tarixində Milli Məclisi tərəfindən qəbul edilmişdir. Uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası ilə bağlı xüsusi fəaliyyət istiqamətlərinə aid olan standartların hazırlanması məqsədilə, həmçinin uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Akkreditasiya sahəsində” standartlaşma üzrə Texniki Komitə də yaradılmışdır. Vətəndaşların dövlət tərəfindən yayımlanan məlumatlara çıxış imkanlarının artırılması, kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin edilməsi, komitə və kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi, həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə uyğunluq sertifikatlarının dövlət reyestrinin ictimaiyyətə açıq şəkildə təqdim olunmasına başlanılmışdır.

- Ramiz müəllim, son olaraq sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində əldə etdiyiniz uğurlar barədə...

- Azərbaycan hoküməti sənaye mülkiyyəti sahəsində beynəlxalq sistemə inteqrasiya məsələsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanda əqli mülkiyyətin mühafizəsi sahəsində inkişafın təmin edilməsi məqsədi ilə daim beynəlxalq təcrübəni öyrənir və ölkədə tətbiq edilməsi üçün mühüm addımlar atır. Son dövrlərdə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi, başqa sözlə desək patent sahəsində də bir sıra nailiyyətlər qazanılmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri 13-15 may 2014-cü il tarixində Azərbaycana səfər etmişdir. Qarri ölkəmizə səfəri çərçivəsində, möhtərəm cənab Prezident İlham Əliyev ilə görüşmüşdür. Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Səfərin nəticəsi olaraq, Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə həyata keçirilmiş bu islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı, keyfiyyət infrastrukturunun müasir standartlara uyğun qurulması prosesi hazırda da davam etdirilir. Son illər Azərbaycanda mövcud siyasi sabitlik, iqtisadi inkişaf tempi xarici ölkələrin fiziki və hüquqi şəxsləri tərəfindən əmtəə nişanlarının qeydiyyatına maraqların artmasına səbəb olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan milli iddiaçılar tərəfindən də istər daxili, istərsə də xarici bazarda sağlam rəqabət prinsiplərinə riayət etmək, hüquqların qorunma məkanını genişləndirmək məqsədilə əmtəə nişanlarının qeydiyyatı istiqamətlərində etdikləri müraciət xeyli artmışdır.

Hesab edirik ki, möhtərəm cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, keyfiyyət infrastrukturu sahələrinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və ixrac potensialının yüksəldilməsi dinamik şəkildə müşahidə olunacaqdır. Diqqətinizə görə minnətdaram.