YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın bu gün güclü və dayanıqlı olmasının əsas səbəbi xalq-iqtidar birliyidir

Müsahibimiz Milli Məclisin deputatı Sədaqət Vəliyeva

- Sədaqət xanım, bəllidir ki, bu gün dünyada böhran prosesi gedir və bu, bütün ölkələrin maliyyə-iqtisadi sferasına təsirini göstərir. Belə bir şəraitdə Azərbaycanın bütün parametrlər üzrə vəziyyətini necə qiymətləndirirsiniz və anti-böhran tədbirləri hansı nəticələri verməkdədir?

- Doğrudur, bu gün dünya miqyasında maliyyə-iqtisadi böhran prosesi müşahidə edilməkdədir. Bu da təbii olaraq, qlobal iqtisadi-maliyyə inteqrasiya tendensiyası çərçivəsində qarşılıqlı əməkdaşlıq edən ölkələrə öz mənfi təsirini göstərir. O da həqiqətdir ki, cəmi 24 ildir müstəqil olmasına baxmayaraq, dünya iqtisadiyyatına intensiv şəkildə inteqrasiya olunan Azərbaycan da bu proseslərdən və təsirlərdən yan keçə bilmir. Bu səbəbdən də, minimum səviyyədə olsa da, qlobal böhran proseslərinin Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə təsiri müşahidə edilir. Lakin Azərbaycan hökumətinin çevik anti-böhran tədbirləri, həmçinin, ötən illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişaf etdirilməsi siyasəti nəticəsində Azərbaycan böhranın təsirlərini minimuma endirməyi bacarıb. Bunu müqayisəli şəkildə aparılan araşdırmalar da bir daha sübut edir. Məsələn, bu gün dünya iqtisadiyyatının böyük bir hissəsini əlində cəmləşdirən ABŞ və Avropa İttifaqı ölkələrində ciddi sosial-iqtisadi problemlər yaşanmaqdadır. Məhz, Yunanıstandan, İtaliyadan, İspaniyadan və digər inkişaf etmiş Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan böhranın təsirlərini minimuma endirmək üçün anti-böhran tədbiri kimi valyuta siyasətini ön plana çəkdi. Lakin adlarını çəkdiyimiz dövlətlər iqtisadi vəziyyəti normallaşdırmaq üçün sosial ödəmələrin, iş yerlərinin ixtisarı, maaşların azaldılması kimi yollara baş vurdular. Amma qlobal böhranın davam etdiyi şəraitdə Azərbaycanda insanlar maliyyə çatışmazlığına görə iş yerlərində ixtisara düşmür, vaxtında əmək haqlarını, təqaüdçülər pensiyalarını alır, sosial yardım proqramları isə əvvəlki qaydada davam etdirilir. Bütün bunlar Azərbaycan hökumətinin çevik və səmərəli anti-böhran addımlarının nəticəsidir.

Həmçinin böhrana baxmayaraq, Azərbaycan Parlamentinin ötən plenar iclasda ünvanlı dövlət sosial yardımın verilmə müddətini 2 ilə qədər uzatması bir daha ölkəmizin etibarlı sosial müdafiə siyasətindən və insan amilinin prioritet olmasından xəbər verir. Hətta, dünya ölkələrinin böhranın ağır nəticələrinin aradan qaldırılması haqqında düşündüyü bir vaxtda Azərbaycan I Avropa Oyunlarına hazırlığı başa çatdırmaq üzrədir. Ölkəmiz Avropanın 6000-dən çox idmançısına, minlərlə turistinə idman bayramı yaşatmağa hazırlaşır. Əlbəttə ki, Azərbaycanın bu cür güclü və dayanıqlı olmasının birinci səbəbi xalq-iqtidar birliyidirsə, ikincisi, cənab Prezident İlham Əliyevin əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu siyasəti uğurla davam etdirməsidir.

- I Avropa Oyunlarından söz düşmüşkən, istərdik bu beynəlxalq idman tədbirinin Azərbaycana verəcəyi dividentlərdən danışasınız...

- Ümumiyyətlə, kütləviliyilə seçilən istər idman, istərsə də mədəniyyət tədbirləri ölkələrin dünya ictimaiyyətinə tanıdılması, imicinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi də deyildir ki, həm idman, həm də mədəniyyət hər bir xalqın dünyada tanınması üçün “vizit kart” hesab edilir. Bu günə qədər idmançılarımız ölkəmizin bayrağını yüksəltməklə, himnimizi səsələndirməklə Azərbaycanı dünyaya bir idman ölkəsi kimi tanıda biliblər. Elə son London-2012 Olimpiya Oyunlarında idmançılarımızın 10 medal qazanması ölkə tarixinə rekord göstərici kimi düşdü. Eyni zamanda, Azərbaycanın 2012-ci ildə “Eurovision” mahnı yarışmasına ev sahibliyi etməsi, minlərlə musiqisevəri Bakıya toplaması, 700 milyonluq tamaşaçıya mədəniyyət bayramı bəxş etməsi ölkəmizin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bununla bərabər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ABŞ-da, Avropanın mədəniyyət beşiyi olan Fransada, Almaniyada, İtaliyada möhtəşəm tədbirlərlə ölkə mədəniyyətini təbliğ etməsi Azərbaycanın müasir, sivil və zəngin mədəni irsə malik ölkə kimi tanınmasına gətirib çıxardı. Məhz, bir daha zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və digər yalnız xalqımıza məxsus keyfiyyətlərimizin Avropa və dünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şansdır.

I Avropa Oyunlarına hazırlıqla bağlı cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi Mehriban xanım Əliyevanın rəhbərliyilə misilsiz işlər həyata keçirməkdədir. Bu baxımdan, həyata keçirilən işlərin nəticəsi olaraq, I Avropa Oyunları Azərbaycana gətirəcəyi iqtisadi-maliyyə dividentlərilə yanaşı, perspektivdə ölkəmizin vurğunu olacaq potensial turistlər kontingenti də formalaşdıracaq. Onsuz da bu gün Azərbaycan dünya turistlərinin seçimidir. Lakin bu cür tədbirlərdən sonra onları sayı daha da artacaq, ölkənin nüfuzu, reytinqi yüksələcək. Bundan başqa qeyd edim ki, I Avropa Oyunları həmçinin, xalqımıza və dövlətimizə bu gün inşa edilən möhtəşəm idman infrastrukturlarını – Olimpiya Stadionunu, Milli Gimnastika Arenasını və digərlərini bəxş edir. Yəni, bu tikilən idman obyektləri bundan sonrakı illər ərzində gələcək nəsillərimizə də xidmət edəcək. Bu mənada düşünürəm ki, I Avropa Oyunları Azərbaycan dövləti və xalqı üçün yalnız uğurlar, iqtisadi və siyasi dividentlər də gətirəcək.

- Lakin bu gün Azərbaycandakı demokratik mühitdən istifadə edib ölkəmizin uğurlarına kölgə salmaq, imicini ləkələmək və I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına maneçilik törətməyə cəhd göstərənlər də var...

- Doğru qeyd edirsiniz. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin və xalqının uğurlarına sevinən dostlarımız, müttəfiqlərimiz olduğu halda, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də var. Həmin qərəzli dairələr erməni lobbisinin təsiri altında olan dairələrdir və onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar. Xüsusilə də, mühüm siyasi yaxud, ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.

“Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi qərəzli beynəlxalq QHT-lər vasitəsilə qeyri-obyektiv rəy formalaşdırmağa cəhd göstərən, ABŞ-da, Avropa ölkələrində baş alıb gedən islamofobiya, rasizm, diskriminasiya, korrupsiya hallarını görməməzlikdən gələn həmin qüvvələr müxtəlif kanallar vasitəsilə maliyyə ayırmaqla 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi bu dəfə də daxili bədxahlar, qaragüruhçular vasitəsilə ölkə daxilində vəziyyəti mürəkkəbləşdirməyə də səy göstərirlər. Bundan irəli gələrək, erməni lobbisinin nəzarətində olan mətbuat orqanlarına, bəzi dünya KİV-lərinə fikir verdikdə Azərbaycandakı radikal müxalifətin mətbuat orqanlarının sinxron fəaliyyətini də sezirik. Eyni zamanda, xarici siyasi direktivlərə əsasən “mitinq”lər keçirməyə cəhdlərin göstərilməsi də eyni ssenarinin tərkib hissəsidir. Bütün bunlar bir daha isbatlayır ki, radikal müxalifət ermənipərəst dairələrin, erməni lobbisinin Azərbaycandakı “5-ci kolon” funksiyasını yerinə yetirirlər.

Lakin bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq, bütün məsələlərdə də biz bunu görürük. Bu mənada hesab edirəm ki, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək və Azərbaycan Avropa və dünya ictimaiyyətinin ona göstərdiyi etimadı doğruldaraq, I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Necə ki, 2012-ci ildə “Eurovison” mahnı müsabiqəsi möhtəşəm şəkildə baş tutmuşdu.

- Sədaqət xanım, bildiyimiz kimi, YAP-ın şəhər və rayon təşkilatlarının gənclər birliklərinin hesabat-seçki konfransları keçirilir. Qarşıdan isə YAP Gənclər Birliyinin növbəti hesabat-seçki yığıncağı gəlir. Bu baxımdan dövlət gənclər siyasətini, gənclərin fəaliyyətini və Nizami rayon gəncliyinin işlərini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsi olmaqla bütün proseslərin önündə getməyi bacarır. Elə I Avropa Oyunlarında əməkdaş və yaxud könüllü olaraq iştirak edən gənclərimiz çox mühüm fəaliyyətlərilə qlobal əhəmiyyətli idman tədbirinin yüksək səviyyədə keçirilməsinə öz töhfələrini verirlər. Eyni zamanda, ictimai-siyasi proseslərdə, sosial-iqtisadi işlərdə xüsusi rol alan gənclərimiz malik olduqları potensialla, qabiliyyətlə, kreativ və intellektual bacarıqları ilə xüsusi aktivlik nümayiş etdirirlər. Biz bunu seçki kampaniyaları ərəfəsində də müşahidə etmişik.

Bəli, qeyd etdiyiniz kimi, qarşıdan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti hesabat-seçki konfransı gəlir. Bu məqsədlə həmin konfransda iştirak edəcək nümayəndələrin müəyyənləşdirilməsi və digər təşkilati məsələlərin həll olunması üçün partiyanın şəhər və rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Bu mənada, fevral ayının 23-də YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirildi. Gənclər YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin ötən konfransdan keçən müddət ərzində gördüyü işləri qənaətbəxş hesab edərək, yeni sədrini, İdarə Heyətini, Şura üzvlərini seçdilər.

Qeyd edim ki, bu gün YAP Nizami rayon təşkilatının 11253 nəfər üzvü vardır. Bunlardan 5511 nəfərini gənclər, 5293 nəfərini isə qadınlar təşkil edir. Həmçinin, YAP Nizami rayon GB-nin üzvlərinin 2357 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərin 3061 nəfəri ali, 1470 nəfəri orta ixtisas, 980 nəfəri orta təhsillidir, 3 nəfəri isə elmlər namizədidir. Gənclərin 2042 nəfəri təhsil, 1573 nəfəri səhiyyə, 324 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır, onların 378 nəfəri isə tələbədir. Sıralarında olan gənclərin 3 nəfəri Avropa Çempionu, 2 nəfəri Dünya Çempionu, 1 nəfəri Paralimpiya medalçısı, 28 nəfəri Respublika Çempionu, 6 nəfəri İdman Ustası, 2 nəfəri Prezident Mükafatçısı, 9 nəfəri isə Ustalığa namizəddir. 12 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq bələdiyyə üzvü seçiliblər. Bu göstəricilər baxımından deyə bilərəm ki, YAP Nizami rayon təşkilarının sıralarında yer alan gənclər xüsusi fəallıqları ilə seçilirlər və partiya rəhbərliyinin verdiyi istənilən tapşırıqların yerinə yetirilməsi üçün çevik səfərbər olmağı bacarırlar.

Əlbəttə ki, bütün bunlar təsadüfi də sayıla bilməz. Məhz, partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə, gənclərin inkişafı və fəaliyyəti üçün əlverişli şərait yaradıb. Cənab Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gəncliyinin inkişaf strategiyası”nı təsdiqləməklə gənclərə olan diqqət və qayğısının davamlı olacağına işarə edib. Bu mənada, gənclərin YAP-a kütləvi axın etməsini məhz, əldə olunan naliyyətlərin əsası, Yeni Azərbaycan Partiyasına cəmiyyətdə artan inamın təzahürü, Ulu öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına, ən əsası isə gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi, respublikamızda gənclər siyasətinin uğurla aparılması, gənclərin irəli çəkilməsi, dövlət strukturlarında onlara etimad göstərilməsi kimi qiymətləndirmək olar.