YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Türk dünyasının Zəfəri

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə

- Pərvin xanım, sentyabrın 15-də Bakının erməni daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 105-ci ildönümüdür. Bu hadisənin tarixi və mənəvi-siyasi əhəmiyyəti nədən ibarətdir?

- Tarix Azərbaycan və Türkiyənin çoxsaylı dostluq, qardaşlıq və həmrəylik nümunələrinə şahidlik edib. Belə qürur və iftixar dolu anlar Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifələrini təşkil edir. Bu cür tarixi anlardan biri də 15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsidir. Xalqımız öz şanlı tarixinin qürur dolu və parlaq səhifələrindən birini - 1918-ci ilin 15 sentyabrında Bakının erməni-bolşevik qüvvələrinin işğalından azad edilməsi hər il böyük qürur hissi ilə qeyd edir.

Məlumdur ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) öz müstəqilliyini elan etməsindən sonra Azərbaycanla Osmanlı Türkiyəsi arasında Batumda 4 iyun 1918-ci il tarixində strateji əhəmiyyət kəsb edən mühüm bir müqavilə imzalandı. Bundan sonra Nuru Paşanın rəhbərliyi ilə V Qafqaz diviziyası Gəncəyə gələrək Azərbaycan ordusunun quruculuğunda iştirak etməyə başladı. V Qafqaz diviziyası ilə o vaxt Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edən Müsəlman Korpusu Qafqaz İslam Ordusu adı altında birləşdi və bəhs olunan silahlı birləşmələr Azərbaycanın istiqlaliyyəti və suverenliyinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərməyə başladı. Bakının azad edilməsi bu kontekstə çox önəmlidir.

Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə tarixi zəfərindən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, həmin ilin dekabr ayında isə parlamentə demokratik prosedurlar əsasında seçkilər keçirildi. Bir məqama da xüsusi olaraq toxunmaq lazımdır ki, azərbaycanlılar da Türkiyənin ən çətin tarixi anlarında özünün qardaşlıq dəstəyini və həmrəyliyini göstərib. Məsələn, azərbaycanlılar müstəqil olaraq Osmanlı ərazilərinə keçib, Çanaqqalada öz qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular.

Beləliklə, Bakının işğalçı qüvvələrdən azad edilməsi Azərbaycan tarixinin, Azərbaycan-Türkiyə qardaşlığının ən mühüm, şərəfli və şanlı səhifələrindən biridir.

- Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığına  44 günlük Vətən müharibəsi zamanı da şahidlik etdi...

- Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf dinamikasına malikdir. Bu iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.

Qürurverici haldır ki, bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər. Başqa sözlə, dərin tarixi köklər, sarsılmaz dostluq Türkiyə-Azərbaycan qardaşlığının təməlini təşkil edir. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.

Bəli, Vətən müharibəsinin başladığı ilk saatlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək ölkəsinin Azərbaycanın yanında olduğunu qətiyyətlə bəyan etdi. Türkiyə bütöv toplum olaraq öz dəstəyini dövlətimizdən əsirgəmədi. Qardaş dövlətin Azərbaycana siyasi və mənəvi dəstəyi bizə güc verdi, qələbəyə daha da ruhlandırdı. Eyni zamanda, Türkiyə kimi güclü dövlətin Azərbaycanın yanında olması Ermənistanın havadarlarının hadisələrə müdaxiləsinin qarşısını aldı. Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan və Türkiyədə eyni qələbəliklə qeyd olunur. Bu, qələbə həm də bütün türk dünyasının zəfəridir!

- Bu kontekstdə Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin önəmini necə səciyyələndirərdiniz?

- Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin sarsılmaz birliyini nümayiş etdirir. 2020-ci ildə Zəfər paradını birlikdə qəbul edən, növbəti il isə Şuşa Bəyannaməsini imzalayan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan və Türkiyə təhdidlərin qarşısını birlikdə almağa qadirdir.

Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq kəsb edir. Digər tərəfdən, Bəyannamə Ermənistana və onun havadarlarına ciddi mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi şəraitində ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq birliyin diqqətinə çatdırır. Bir sözlə, 2021-ci ildə iki qardaş ölkə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna tarixi, mənəvi, siyasi  və hərbi-strateji əhəmiyyət kəsb edir.