YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti Heydər Əliyev ideyalarına sadiqlik nümunəsidir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

- Tahir müəllim, 2023-cü il Azərbaycan üçün bir çox cəhətdən əlamətdardır. Bütün sahələrdə islahat xarakterli tədbirlər davam etdirilir, ölkəmizin beynəlxalq mövqeyi daha da güclənir, tarixi Zəfərimiz diplomatiya müstəvisində möhkəmləndirilir, Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinə paralel olaraq Böyük Qayıdış həyata keçirilir və bütövlükdə Azərbaycanın milli gücü artır. Təbii ki, bütün bunlar Heydər Əliyev siyasətinin müasir çağırışlara və milli maraqlara uyğun uğurla davam etdirilməsi sayəsində mümkün olur. “Heydər Əliyev İli” çərçivəsində nəzər yetirdiyimiz bu məsələlərlə əlaqədar nə deyə bilərsiniz?

- Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir. Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir və ardıcıl uğurlar qazanılır. Hazırkı reallıqlar Heydər Əliyev yolunun Azərbaycanın yüksəlişinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir.

Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu kimi müasir dövlətçilik tariximizdə özünəməxsus yer tutan böyük şəxsiyyətdir. O, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın sosial-iqtisadi, elmi-mədəni inkişafına xidmət edən böyük milli-mənəvi və siyasi-ideoloji əhəmiyyətə malik işlər görmüşdür. İlk olaraq Heydər Əliyevin SSRİ dönəmində ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərə nəzər salsaq, qeyd edə bilərik ki, o, respublikanı tənəzzüldən xilas edərək intibah yoluna çıxarmış, olduqca mürəkkəb dövrdə və çətin şəraitdə, Azərbaycanın hələ SSRİ-nin tərkibində olduğu zaman gələcək müstəqilliyinin bünövrəsini yaratmışdır. Ona görə də tarixçilər, siyasətşünaslar və bütövlükdə tədqiqatçılar Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illəri Azərbaycan SSR tarixində ən parlaq dövr kimi dəyərləndirirlər. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də respublikamızın tərəqqisini xüsusi diqqət mərkəzində saxlamışdır. Həmin dövrdə reallaşdırılan layihələr iqtisadi potensialın güclənməsinə, sosial rifahın təmin olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına və ölkəmizə qarşı bir sıra siyasi-ideoloji hücumların dəf edilməsinə xidmət göstərmiş, erməni millətçilərinin məkrli planlarının qarşısı alınmışdır. Ümummilli Liderimiz daha sonra Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada şəraitində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən xilas edərək dirçəlişini təmin etmiş, müstəqillik ideyası əsasında milli tərəqqinin siyasi-ideoloji əsaslarını formalaşdırmışdır. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər isə Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş, ictimai-mədəni intibah, siyasi inkişaf və bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi həkk olunmuş, böyük Zəfərin təməli qoyulmuşdur.

Haqlı olaraq qeyd etdiniz ki, bu gün Heydər Əliyev ideyaları əsasında həyata keçirilən siyasət nəticəsində Azərbaycanın gücü artır. Bəli, tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana parlaq nailiyyətlər qazandırır, milli qüdrətimiz artır. Azərbaycan dövləti Heydər Əliyev siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq strateji məqsədləri gerçəkləşdirir. Azərbaycan Prezidenti ölkənin iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsini təmin edir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəinki Azərbaycanın, bütövlükdə regionun qarşısında yeni perspektivlər açmışdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri tarixi Zəfərimizin əsaslarını möhkəmləndirir, yeni qələbələr üçün zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

- Yeri gəlmişkən, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər də Ulu Öndərin Azərbaycan tarixində müstəsna yerinə və roluna, dövlətçilik tariximizin taleyüklü mərhələlərinə yenidən nəzər salmaq, dahi şəxsiyyətin əbədişayar ideyalarını öyrənmək və bugünkü nailiyyətlərimizin əhəmiyyətini dərindən dərk etmək üçün olduqca önəmlidir...

- Tamamilə doğrudur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin müasir dövlətçilik tariximizdə əvəzolunmaz yerinin və rolunun tədqiq olunması baxımından olduqca əhəmiyyətli olmaqla yanaşı, onun əziz xatirəsinə böyük hörmətin və ümummilli ehtiramın ifadəsidir.

Bilirsiniz ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər həyata keçirilir, Heydər Əliyev irsinə hərtərəfli nəzər salınır, xüsusilə də gənc nəsil Ulu Öndərin əbədiyaşar ideyalarını öyrənməyə təşviq olunur. Qeyd etmək istəyirəm ki, Ümummilli Liderin ideyaları əsasında Azərbaycana tarixi uğurlar qazandıran, onun dövlətçilik irsini yaşadan, xalqın inam və etimadını doğruldan, yeni və müstəqil Azərbaycan quruculuğunu təmin edən Yeni Azərbaycan Partiyası tərəfindən də silsilə tədbirlər - müsabiqələr, aksiyalar, görüşlər, elmi-praktik konfranslar həyata keçirilməkdədir. Bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsi, Ümummilli Liderin ideyalarının təşviqi ilə yanaşı, Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən siyasətinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi və digər istiqamətlərdə böyük önəm daşıyır.

Ümumiyyətlə, Ulu Öndərin ideyalarının təşviqi, zəngin dövlətçilik irsinin öyrənilməsi “Heydər Əliyev İli” ilə məhdudlaşmır, bütün dövrlər üçün aktualdır və Azərbaycanın parlaq perspektivini təmin edən müstəsna amildir. Çünki Ulu Öndərin ideyaları müasir dövlətçiliyimizin sarsılmaz əsaslarını yaradıb və dövlətin siyasi-ideoloji sütunudur.

- Bu kontekstdə olduqca mühüm məqamlardan biri respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlərin Heydər Əliyev ideyalarının reallaşmasına müstəsna töhfə olmasıdır. Xüsusilə də, Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ulu Öndərin irsinin təşviqi istiqamətində fəaliyyəti böyük əhəmiyyət daşıyır. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına əsaslanır və xalqımız tərəfindən olduqca yüksək dəyərləndirilir.

Xüsusi qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, onun əbədiyaşar ideyalarının gerçəkləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Mehriban xanım Əliyeva bu zamana qədər gördüyü işlərlə Heydər Əliyev ideyalarına, milli və bəşəri dəyərlərə sadiqlik nümunəsi yaradıb. O, milli maraqlarla ümumbəşəri dəyərlərin vəhdətini yaradır, ənənələrlə müasir dəyərlərin ahəngini təmin edir, xalqın ali mənafeyinin, dövlətin strateji maraqlarının qorunmasına töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər təkcə Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət etmir, eyni zamanda, bəşəriyyətin tərəqqisinə, sivilizasiyalararası dialoqun təmin olunmasına yönəlik mütərəqqi ideyaların təbliğinə və təşviqinə istiqamətlənmişdir.

Mehriban xanım Əliyeva Azərbaycanın tərəqqisində, beynəlxalq müstəvidə nüfuzunun artmasında, strateji hədəflərin reallaşdırılmasında, milli maraqların qorunmasında xüsusi rol oynayıb və bu gün də ali dəyərlərə əsaslanan missiyasını uğurla davam etdirir.

Birinci xanımın təşəbbüsü ilə bir çox sosial məsələlərin həlli istiqamətində zəruri işlər görülüb. Xüsusilə də keçmiş məcburi köçkünlərə, qaçqınlara, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, aztəminatlı ailələrə, erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara dəstək göstərilməsi və bu kimi digər addımlar Mehriban xanım Əliyevanın Heydər Əliyev ideyalarına əsaslanan fəaliyyətinin bariz nümunəsidir. Bu, eyni zamanda, ölkəmizdə həyata keçirilən və mərkəzində insan amilinin, vətəndaşın rifahının dayandığını, sosial ədalət prinsipinin əsas götürüldüyü dövlət siyasətinə böyük dəstəkdir.

Ümummilli Liderin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində daim diqqətdə saxladığı məsələlərdən biri erməni yalanlarının ifşası, Azərbaycanın reallıqlarının dünyaya təqdim edilməsi olub. Öz növbəsində, Mehriban xanım Əliyeva bu istiqamətdə sistemli işin qurulması və məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün ardıcıl addımlar atmışdır. Xüsusilə də, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə önəmli layihələr gerçəkləşdirmişdir. Erməni vandalizminin iç üzünün açılmasında və Xocalı faciəsinin soyqırımı kimi dünyada tanıdılmasında isə Fondun xüsusi rolu var.

Yeni mərhələdə Heydər Əliyev Fondu yeni missiya ilə çıxış edir. Xüsusilə də, şanlı Zəfərimizin ictimai-siyasi, mənəvi-ideoloji və diplomatik müstəvidə möhkəmləndirilməsi ilə əlaqədar zəruri işlər görülür. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini abidələrimizin bərpası və inşası istiqamətində həyata keçirilən fəaliyyət isə Azərbaycan xalqının qurub yaratmaq, abad etmək əzmini, bütövlükdə sivil siyasətini və mütərəqqi simasını bütün dünyaya nümayiş etdirir. Eyni zamanda, Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Bu isə Ümummilli Liderimizin tolerantlıq və multikultural dəyərlərə əsaslanan siyasətinin mühüm bir istiqaməti olmaqla yanaşı, Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə töhfədir.

Bunlarla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq əhəmiyyətli milli-mədəni tədbirlərin, o cümlədən Qəbələ Beynəlxalq Musiqi Festivalının, Beynəlxalq Muğam Festivalının keçirilməsi, "Xarıbülbül" festivalının, Vaqif Poeziya Günlərinin yenidən təşkili xalqımızın zəngin mədəniyyətinin təbliği baxımından müstəsna önəm daşıyır ki, bu da Heydər Əliyev siyasətinə sadiqliyin daha bir nümunəsidir. Çünki Ümummilli Lider Azərbaycan mədəniyyətini, xalqımızın mənəvi dəyərlərini milli sərvətimiz hesab edir, onun qorunub yaşadılmasına və beynəlxalq müstəvidə geniş təbliğ olunmasına böyük önəm verirdi. Ulu Öndər qürurla ifadə edirdi ki, Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə, bəşəri sərvət kimi dəyərləndirilən milli-mənəvi dəyərlərə, unikal mədəni irsə, qabaqcıl təcrübəyə malikdir. Ona görə də xalqımıza məxsus yüksək keyfiyyətlərin dünyada tanıdılması xüsusi bir missiya və milli vəzifədir.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən biri qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası çərçivəsində görülən işlərdir. Ulu Öndərin Azərbaycan xalqına ən dəyərli miraslarından olan Yeni Azərbaycan Partiyası milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkəmizə böyük uğurlar qazandırır. Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini seçilməsi və 2021-ci il mart ayının 5-də baş tutmuş VII Qurultayında partiya Sədrinin birinci müavini təyin olunmasından sonra görülən işlər Yeni Azərbaycan Partiyasının ölkə daxilində və beynəlxalq aləmdə nüfuzunun daha da artmasını, yeni nailiyyətlər qazanmasını təmin etmişdir. Bu gün Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə və Birinci vitse-prezident, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın dəstəyi ilə görülən işlər yeni reallıqlar və çağırışlar fonunda milli hədəflərə çatmağa, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələri, dövlət mənafelərindən irəli gələn prioritetləri reallaşdırmağa imkan verir.

Göründüyü kimi, Mehriban xanım Əliyeva əzmkar və genişmiqyaslı fəaliyyəti ilə Heydər Əliyev ideyalarının gerçəkləşdirilməsində, Ulu Öndərin zəngin dövlətçilik irsinin yaşadılmasında əvəzsiz rol oynayır.

Xüsusi qeyd etmək lazımdır ki, dövlət başçısının müvafiq sərəncamları ilə Mehriban Əliyevanın ən yüksək dövlət təltifləri - Heydər Əliyev Mükafatı və “Heydər Əliyev” ordeninə layiq görülməsi onun Ulu Öndərin zəngin dövlətçilik irsinə əsaslanan çoxşaxəli fəaliyyətinin real nəticəsidir.

Şübhə yoxdur ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev ideyaları əsasında görülən işlər bundan sonra da müstəqilliyimizin möhkəmləndirilməsinə, milli həmrəyliyin və tarixi Zəfərimizin əsaslarının gücləndirilməsinə və yeni mərhələdə ardıcıl uğurların, o cümlədən yeni qələbələrin qazanılmasına müstəsna töhfə olacaqdır.