YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Postmüharibə reallıqları milli mətbuatımızın da qarşısında yeni vəzifələr qoyub

Müsahibimiz “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə

- Vüqar müəllim, 22 iyul - Milli Mətbuat Gününü qeyd edirik. Cəmiyyətin güzgüsü olan və missiyasını şərəflə yerinə yetirən milli mətbuatımızın qət etdiyi 148 illik yolu necə ümumiləşdirərdiniz?

- Öncə bütün həmkarlarımı Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, dövrün tələblərinə uyğun daim yeniliklər axtarışında, dünya informasiya məkanına inteqrasiya prosesində daha fəal olmağı, ən əsası dövlətçiliyimizin möhkəmləndirilməsinə, milli maraqlarımızın qorunmasına, həqiqətlərimizin təbliğinə töhfələrinin davamlı olmasını arzulayıram.

Təbii ki, həyat yerində durmur, qarşımızda hər zaman yeni-yeni vəzifələr dayanır. Hər bir əlamətdar gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Milli mətbuatımızın keçdiyi 148 illik yolda hədəflər, vəzifələr yenilənsə də, təkmilləşsə də dəyişməyən, bütün dövrlər üçün aktuallığını qoruyan jurnalistikamızın prinsipləridir. Obyektivlik, qərəzsizlik və vətənpərvərlik kimi prinsipləri fəaliyyətinin önündə saxlayan mətbuatımız ötən dövr ərzində keşməkeşli, eyni zamanda, şərəfli yol keçib.

Artıq üçüncü ildir ki, bayramlarımızı, əlamətdar günləri Zəfər sevincinin fonunda qeyd edirik. Hər zaman qeyd etdiyimiz kimi, dünyaya səs salan şanlı Qələbəmiz ölkəmizin həyatında yeni bir mərhələnin əsasını qoymaqla yanaşı, bayramlarda, önəmli günlərdə arzularımızda da dəyişikliklərə yol açdı. Həqiqətlərimizin təbliği missiyasını uğurla yerinə yetirən mətbuatımıza üç il bundan öncə arzumuz torpaqlarımızın işğaldan azad edilməsi xəbərinin müjdəçisi olmaq idisə, bu gün tamamilə başqa bir arzu, istəklə yaşayır, ona çatmaq üçün səylərimizi artırırıq. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Bu gün əzəli sahibinə qovuşmuş torpaqlarımıza qayıdış həyata keçirilir. Bu gün Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşa diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu gün dünya Azərbaycanın tarixi ədaləti bərpa, beynəlxalq hüquq deyilən məfhumun mövcud olmasını sübut etməsindən bəhs edir. Bugünümüzün reallıqlarını sadalamaqla bitməz. Bu gün Azərbaycan mətbuatı məhz həmin reallıqlara söykənərək yenilənir, təkmilləşir, qarşısına yeni-yeni hədəflər qoyur.

1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu əsasında ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan və arxada qalan 148 illik yolu uğurla qət edən mətbuatımızın inkişafından bəhs edərkən müstəqillik mərhələsi, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr göz önünə gəlir.  Həmin dövrdən başlayaraq mətbu orqanların azad fəaliyyəti, inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Həmin dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi oldu. Bu addım bir daha azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasında dayandığını nümayiş etdirdi. Ümummilli Lider mətbuatın cəmiyyətdəki rolunu daim yüksək dəyərləndirirdi. Ulu Öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olmasını gündəlik fəaliyyətinin əsası kimi qəbul edərək, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin informasiya tələbatının ödənilməsi kimi aktual məsələləri öndə saxladı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamızda demokratik cəmiyyətin varlığını şərtləndirən bütün sahələrin inkişafına xidmət edən müddəalar öz əksini tapdı. Eyni zamanda, hər bir sahə üzrə təkmil qanunlar qəbul olundu və onların zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsi daim diqqətdə saxlanıldı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan mətbuatı üzərində senzuranın aradan qaldırılması yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Həmin humanist addımdan sonra medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırıldı, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Dünya informasiya məkanına inteqrasiya istiqamətində mühüm addımlar atıldı. Azərbaycan mətbuatı ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərdi. Ulu Öndərin azad mətbuatın inkişafına xidmət edən addımları davamlılığı ilə diqqətdə oldu. Belə ki, qəzetlərə birdəfəlik yardımlar verildi, “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı” təsdiqləndi. Həmçinin “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın inkişafına böyük dəstək oldu. Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dondurulması idi. Ulu Öndərin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi dahi şəxsiyyətin Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunda mətbuata göstərdiyi qayğıya verilən dəyərdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 15 mart 2003-cü ildə jurnalistlərin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə Azərbaycanda mətbuatın özünütənzimləməsini həyata keçirən qurum-Mətbuat Şurası yaradıldı. 

Göründüyü kimi, Ümummilli Lider Heydər Əliyev cəmiyyətin güzgüsü olan mətbuatın hər bir problemi ilə maraqlanmış, onun ictimai fikrə təsir imkanını artırmaq üçün ciddi səylər göstərmişdir. Ulu Öndər Heydər Əliyev jurnalistlərlə görüş ənənəsinin əsasını qoydu. Dahi rəhbər mütəmadi olaraq media nümayəndələri ilə görüşür, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparırdı. Ulu Öndərin ən mühüm çağırışlarından biri bu idi ki, mətbuat obyektiv, qərəzsiz olmalı, həqiqətləri olduğu kimi cəmiyyətə çatdırmalıdır. Ümumilikdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması üçün zəruri addımlar atıldı. Yaradılan möhkəm təməl növbəti uğurlara stimul verdi.

- Son 20 ildə milli mətbuatın inkişafı istiqamətində atılan addımları necə dəyərləndirirsiniz?

- Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Bu çağırış əsas yer tutur ki, hüquqi dövləti mətbuatsız təsəvvür etmək mümkün deyil. Eyni zamanda, mətbuat hər bir ölkənin inkişaf səviyyəsinin təqdimatıdır. Bu sahədə qazanılan uğurların miqyasını təsəvvür etmək üçün 2003-cü ildən bugünədək mətbuat sahəsində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Nəzərə alsaq ki, mətbuat cəmiyyətin güzgüsüdür, bu halda qeyd edilən istiqamətdə atılan addımların təbii ki, ölkənin davamlı inkişafı ilə sıx bağlı olduğu üzə çıxar. Bu dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. 2005-ci ildə dövlət başçısı tərəfindən “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalist əməyinə nə qədər böyük dəyər verildiyini təsdiqlədi. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 və 145 illik yubileyləri dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu.

   Azərbaycanın adı azad internetin mövcud olduğu ölkələr sırasındadır. İnternet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Mətbuatın inkişafına heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə ən qabaqcıl yerlərdən birini tutur. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Azərbaycanda media üçün yaradılan şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Təbii ki, qlobal informasiya mühitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.

Azərbaycanın iqtisadi imkanları artdıqca, kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısı da yüksəlir.  Bu gün Azərbaycan dövlətinin, xalqının mətbuatdan əsas gözləntiləri informasiya təhlükəsizliyinin, dövlət maraqlarının qorunması, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. Bu inam ifadə edilir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşacaq, təkmilləşəcək, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcək.

- Vüqar müəllim, tarixi Zəfərimizin yaratdığı yeni reallıqlardan bəhs etdik. Bəs bu yeni reallıqlar mətbuatın qarşısında hansı vəzifələri qoyur?

- Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açmaqla yanaşı, mətbuatımızın da qarşısında bir sıra həlli vacib məsələlər qoydu. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Bunun üçün sözügedən Fərmandan irəli gələn və mətbuatın inkişafına xidmət edən addımlara nəzər salaq. Ölkə Prezidentinin qeyd edilən Fərmanı əsasında yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) bu müddətdə həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq “Media haqqında” Qanunun hazırlanması ilə bağlı apardığı müzakirələr və son nəticədə bu qanunun prosedur qaydalarına uyğun şəkildə Milli Məclisdə qəbul olunması, ötən  ilin fevralında isə dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı əsasında təsdiqlənərək qüvvəyə minməsi mətbuat sahəsində təkmil hüquqi bazanın yaradılmasını təmin etdi. Bundan əlavə, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanının yaradılması, qəzet kağızının ƏDV-dən azad edilməsi, Media Reyestrinin qaydalarının təsdiqi və sair kimi biri-birindən əhəmiyyətli addımlar dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın media mühitinə gətirdiyi yeni yanaşmaların təqdimatıdır. Bu kimi qərarlar bir daha təsdiqləyir ki, azad, müstəqil mətbuatın inkişafı demokratiyanın vacib amillərindən biri kimi dövlətin siyasətində mühüm yer tutur. Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitinin formalaşmasına, iqtisadi müstəqilliyin təmin olunmasına stimuldur. 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” yeni Qanunun qəbulu dövrün tələbi kimi dəyərləndirilir.  1999-cu ildə həmin dövrün reallıqları fonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanunun yenilənməsinə böyük zərurət var idi.  Ölkə Prezidenti İlham Əliyevin çağırışlarında da daim bu məqam xüsusi yer alır ki, Azərbaycan mətbuatı dövrün tələblərini lazımi səviyyədə yerinə yetirməlidir. Ona görə ki, Azərbaycan dövləti daim yeniliyə, təkmilləşməyə maraq göstərir. Bu baxımdan cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əsas rol oynayan qanunlarımız da dəyişməz olaraq qalmır, vaxtaşırı qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsinə zərurət duyulur və dövrün tələbləri nəzərə alınır. Yeni Qanunda mətbuatdan gözləntilərin həyata keçirilməsinə yönələn mexanizmlər daha təkmil formada öz əksini tapıb. Bir məqamı da xüsusi vurğulamalıyıq ki, biz bu gün qalib Azərbaycanın mətbuatından bəhs edirik. Təbii ki, Qanunda postmünaqişə dövrünün reallıqlarının gerçəkləşməsinə medianın da töhfələri nəzərə alınaraq bu istiqamətdə görüləcək işlər xüsusi yer tutur. Azərbaycanın tarixi Zəfəri birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Döyüş meydanında Zəfər çalan Azərbaycan informasiya cəbhəsində mübarizəsini bu gün də uğurla davam etdirir. Mətbuat daim yenilənməli olan fəaliyyət sahəsidir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin özündə köklü dəyişiklikləri ehtiva edən media islahatları ilə bağlı məlum Fərmanından irəli gələn vəzifələrin uğurlu icrası mövcud problemlərin həllinə yol açmaqla yanaşı, həm də Azərbaycan mediasının nüfuzunu daha da artıracaq, qabaqcıl texnologiyaların tətbiqini sürətləndirəcək, innovativ yanaşmalara geniş imkanlar yaratmaqla yeni-yeni hədəfləri stimullaşdıracaq. Təbii ki, bunun üçün media ictimaiyyətindən bütün qüvvə və bacarıqlarını səfərbər edib üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirmək tələb olunur.

- İnternet resurslarının həyatımızın bir parçasına çevrildiyi hazırkı dövrdə jurnalist peşəkarlığı və məsuliyyəti başlıca amillərdən biridir…

- Əsassız, fakta söykənməyən informasiyanın yaratdığı problemin geniş şərhə ehtiyacı yoxdur. Dəqiqləşdirilməyən məlumatın informasiya məkanına daxil olması sonda cəmiyyətdə mediaya inamsızlıq mühitinin yaranmasına səbəb olur. Bu baxımdan Medianın İnkişafı Agentliyinin yeni keyfiyyətdə informasiya mühiti formalaşdırmaq istəyi və buna nail olmaq üçün ortaya qoyduğu model yüksək dəyərləndirilir. Bu çağırış hər zaman günümüzün tələbidir: “Rəqabətli media mühitinin yaradılması əsas tələb olmalıdır”. Təbii ki, bu çağırış jurnalist peşəkarlığının artırılmasını aktuallaşdırır. Şübhəsiz, Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi bu sahədə mövcud olan neqativ halların aradan qaldırılmasını təmin edəcək. Əsas məsələ internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk etməkdir.

- Vüqar müəllim, jurnalist peşəkarlığının artırılmasının prioritetliyi fonunda gənc kadrlara diqqət və qayğını necə dəyərləndirirsiniz?

- Fəaliyyətində mətbuatın əsas prinsipləri olan obyektivliyi, qərəzsizliyi, ən əsası vətənpərvərlik və milli şüuru əsas tutan qələm sahibi bu sıraya daxil olan gənc nəslə də eyni prinsiplərlə yanaşıb dəstək göstərməklə jurnalistikanın inkişaf səviyyəsinə, həmçinin gənc yazarın mətbuatın sirli-sehrli aləminə özünəməxsus şəkildə daxil olmasına yardımçı ola bilər. Dövlət azad, müstəqil mətbuatın inkişafına lazım olan dəstəyi yüksək səviyyədə göstərir. Bu işdə çalışdıqları mətbu orqanlarda illərini xərcləyən, böyük təcrübəyə malik olan insanların da üzərinə böyük məsuliyyət düşür. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Günbəgün gəncləşən, müasirləşən ölkəmizdə gəncliyin inkişafına yaradılan şərait, göstərilən dəstək imzalanan Fərman və sərəncamlardan, Dövlət proqramlarından da aydın görünür. Hesab edirəm ki, mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini, cəmiyyətin güzgüsü funksiyasını yerinə yetirdiyini nəzərə alsaq, gənc jurnalistlər müasir dövrün imkanlarından səmərəli istifadə etməklə bu işə öz töhfələrini verə bilərlər. “İki sahil” qəzeti olaraq gənclərə öz potensial imkanlarını ortaya qoymaları üçün lazım olan dəstəyi göstəririk. Zəngin təcrübəyə söykənərək müasirləşməni, yeniləşməni daim fəaliyyətimizin əsas istiqaməti kimi qəbul edir, bu yöndə mühüm addımlar atırıq. Hər bir yenilik, islahat inkişaf, tərəqqi olmaqla yanaşı, sabahımız üçün yeni prioritetlərin müəyyənləşdirilməsi üçün stimulverici amildir.

- Sizcə, çoxsaylı mətbu orqanlar arasında özünəməxsusluğu qazanmaq üçün hansı amillərə diqqət yetirmək tələb olunur?

- Obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi və sair kimi amillər medianın inkişafını şərtləndirən başlıca faktorlar olmalıdır. Əvvəldə də qeyd etdiyim kimi, bunun üçün tutduğu yola, əqidəyə sadiq olmaq, daim oxucu auditoriyasını genişləndirmək, onların informasiya tələbatını dolğun şəkildə təmin etmək, ən başlıcası həqiqəti özündə ifadə edən informasiyanı çatdırmaq məqsədilə daim axtarışda olmaq, hər günü informasiyalarla daha rəngarəng etmək üçün səyləri artırmaq, əldə olunanlarla kifayətlənməmək gərəkdir. Cənab Prezidentimizin qeyd etdiyi kimi, daim irəliyə baxmalıyıq.

- Təbii ki, 148 illik yolu bir müsahibədə tam əhatə etmək mümkün deyil. Azərbaycan mətbuatının hazırkı inkişaf modelini necə təqdim edərdiniz?

- Dövlət azad mətbuatın inkişafı üçün zəruri olan bütün addımları atır. Dəfələrlə qeyd etdiyimiz kimi, mətbuat daim inkişafda olan, yeniliyi, təkmilləşməni əks etdirən sahədir. Təbii ki, bugünkü Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə müqayisə etmək mümkünsüzdür. Qalib Azərbaycanın mətbuatından bəhs ediriksə, artıq postmünaqişə dövrünün bütün reallıqlarının həyata keçirilməsində və qəbulunda fəal iştirak etməli, yaradılan imkanlardan maksimum bəhrələnməliyik. Bugünkü mətbuatımız təkmil modeli təqdim edir. Yeni texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilir. Bu gün mövqeyindən asılı olmayaraq bütün mətbu orqanlarda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri işıqlandırılır. Böyük Qayıdış proqramından irəli gələn vəzifələrin uğurlu icrası geniş təbliğ edilir. Tezliklə yazılı və elektron KİV-lərimiz bu müjdəni verəcək ki, soydaşlarımızın qayıdışı tam şəkildə başa çatdı. Dövlətimizin atdığı addımların əsasında məhz bu hədəf dayanır.

Artıq ötən ilin dekabr ayında, Prezident İlham Əliyevin doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşdə bu hədəf açıqlandı: Biz Qərbi Azərbaycana qayıdacağıq! Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanıb. Hədəfə qısa zamanda nail olmaq üçün sistemli şəkildə addımlar atılır.

Milli Mətbuat Günündə bu arzunu ifadə etmək istərdim ki, tezliklə həmkarlarım Qərbi Azərbaycana qayıdışın müjdəçiləri olsunlar! Dövlətimiz tarixi ədalətə söykənərək bu hədəfi qarşıya qoyub.

Bir sözlə, uğurlarımız davamlıdır. Yeni-yeni hədəflər müəyyənləşdirilir. Mətbuatımız üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarığını səfərbər edir. Düşünürəm ki, Milli Mətbuat Günündə hər bir mətbu orqan, hər bir media nümayəndəsi fəaliyyəti ilə bağlı özü-özünə hesabat verməlidir. Bu hesabatlarımızın dövlətçiliyimizin möhkəmləndirilməsinə verdiyimiz töhfələrlə daha zəngin olması arzusu ilə bir daha həmkarlarımı təbrik edirəm.