YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsidir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Azərbaycan” qəzetinə müsahibəsini təqdim edirik:

- Tahir müəllim, "Siyasi partiyalar haqqında" yeni qanun Prezident İlham Əliyev tərəfindən təsdiq olundu və artıq qüvvədədir. İstərdik, əvvəlcə yeni qanunun qəbulunu zəruri edən məsələlər barədə fikirlərinizi bildirəsiniz. Siyasi partiyaların yeni qanunun qəbulu ilə bağlı təşəbbüslə çıxış etməsinin səbəbi nə idi?

- Hər bir ölkənin inkişafını təmin edən bir sıra mühüm amillər var. Siyasi sistemin təkmilləşdirilməsi, ictimai-siyasi institutların səmərəli fəaliyyətinin təmin olunması və qanunvericilik bazasının zənginləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hüquqi və demokratik dövlət olan Azərbaycanda da bu məsələlər daim diqqət mərkəzində saxlanılır, ardıcıl və məqsədyönlü addımlar atılır. 

Ölkəmizdə siyasi partiyaların sərbəst fəaliyyəti üçün bütün şərtlər və şərait təmin olunsa da, hüquqi bazanın təkmilləşdirilməsinə, yeni qanunun qəbuluna ehtiyac var idi. Bilirsiniz ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi, artıq yeni reallıqlara adekvat deyildi və müasir tələblərə cavab vermirdi. Çünki qanunun qəbulundan keçən 30 ildən artıq müddətdə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə çox ciddi keyfiyyət dəyişiklikləri baş verib, yeni çağırışlar meydana çıxıb. Xüsusilə də VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra yeni siyasi konfiqurasiyanın formalaşması, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində yeni strateji hədəflərin müəyyənləşdirilməsi və bir sıra digər amillər çoxpartiyalı siyasi sistemin də təkmilləşdirilməsini zərurətə çevirib. Bütün bu reallıqların fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, o cümlədən siyasi reformaların növbəti mərhələsinə start verilib. Bu kontekstdə "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu təşəbbüsü də çoxşaxəli islahatlar kursuna ictimai-siyasi dəstək nümunəsi və irəliyə doğru atılmış əhəmiyyətli addımdır. Bu, yeni konfiqurasiya şəraitində siyasi dialoqun dərinləşdirilməsi, milli həmrəyliyin gücləndirilməsi və plüralizmə əsaslanan siyasi sistemin inkişafı baxımından olduqca önəmlidir. 

- Milli Məclisdə yeni qanunun layihəsi ətrafında bir neçə dəfə ictimai müzakirələr aparıldı. Yeni Azərbaycan Partiyası bu müzakirələrdə hansı təşəbbüslərlə çıxış etdi, hansı təklifləri irəli sürdü?  Digər tərəfdən, bu qanunun YAP-ın siyasi fəaliyyətində hansı rolu olacaq?

- Yeni qanunun qəbulu prosesi Azərbaycanın mütərəqqi demokratik təcrübəsini əks etdirir. Bu kontekstdə bir neçə məsələyə xüsusi diqqət yetirmək lazımdır. 

Birincisi, proses plüralizm şəraitində və demokratik ab-havada, hərtərəfli və səmərəli ictimai-siyasi müzakirələr fonunda həyata keçirildi. Bilirsiniz ki, ilk təşəbbüs parlamentdə təmsil olunan siyasi partiyalar tərəfindən irəli sürüldü. Qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən 2022-ci il iyulun 26-da siyasi partiyalara müraciət olundu. Həmin təkliflər əsasında hazırlanmış layihə parlamentin komitə iclasına çıxarılmamışdan öncə Milli Məclisin internet saytında ictimai müzakirələrə təqdim olundu, ardınca siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə dinləmələr keçirildi. Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən vətəndaşlar arasında sorğunun aparılması da proses çərçivəsində ictimai rəyə böyük önəm verildiyini göstərir.

İkincisi, qanun layihəsi hazırlanarkən dünyada mövcud olan siyasi-hüquqi tendensiyalar nəzərə alınıb, beynəlxalq normalara istinad olunaraq 24 ölkənin təcrübəsindən istifadə edilib.

Yeni Azərbaycan Partiyasının prosesdə iştirakına gəlincə, YAP çoxpartiyalı müasir siyasi sistemin aparıcı qüvvəsi kimi milli maraqları, mövcud siyasi reallıqları və dünya təcrübəsini əsas götürərək müvafiq təkliflərlə çıxış etdi. Siyasi partiyanın təsis edilməsi və fəaliyyət prinsipləri, siyasi partiyada üzvlük məsələləri, siyasi partiyanın hüquq və vəzifələri, fəaliyyətinin təşkili, maddi təminatı və maliyyə hesabatlılığı və bir sıra digər məsələlərlə əlaqədar təkliflərimizi irəli sürdük və müzakirələrdə aktiv iştirak etdik. Təbii ki, partiyamızın təklif və təşəbbüsləri ilk növbədə zəngin siyasi təcrübəyə və gələcəyə aydın baxışlara əsaslanır. Yəni 30 illik inkişaf tarixinə malik olan, qazandığı nailiyyətlərlə ümumxalq partiyasına çevrilən YAP ictimai-siyasi qanunauyğunluqları, dövlətçilik maraqlarının qorunmasına bilavasitə təsir edən daxili və xarici amilləri, ictimai rəyi və qarşıda duran vəzifələri nəzərə alaraq öz mövqeyini ifadə etdi. Təsadüfi deyil ki, müzakirələr zamanı Yeni Azərbaycan Partiyasının əksər təklifləri müsbət dəyərləndirildi və onlar yeni qanunda öz əksini tapdı. 

Təbii ki, yeni qanunun qəbulu digər siyasi partiyalar kimi YAP-ın da fəaliyyətinə dinamizm gətirməklə milli məsuliyyətini də artıracaq. Yeni Azərbaycan Partiyası hər zaman demokratik siyasi mühitin və plüralizmin tərəfdarı olub, bu gün də siyasi sistemin inkişafında, dialoqun dərinləşdirilməsində, rəqabət mühitinin güclənməsində maraqlıdır və bu istiqamətdə ardıcıl fəaliyyət göstərir. Ona görə də "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunu, digər mütərəqqi və konstruktiv qüvvələr kimi, YAP da siyasi sistemin inkişafı baxımından müsbət dəyərləndirir, xalqımızın milli maraqlarına, ölkəmizin siyasi hədəflərinə və dövlətçilik ənənələrinə xidmət edəcəyinə inanır. Yeni Azərbaycan Partiyası bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini inamla davam etdirəcək, qarşıda duran hədəfləri reallaşdıraraq Azərbaycanın inkişafına layiqli töhfələr verəcək.  

- Ölkəmizin demokratik inkişafının və yeni siyasi konfiqurasiyanın göstəricisi kimi ictimai müzakirələr zamanı müxalifət partiyalarına da təkliflərlə çıxış etmək üçün geniş imkanlar yaradılmışdı. Azərbaycanın hakim partiyasının Sədr müavini kimi müxalifətin bu prosesdə iştirakını necə qiymətləndirirsiniz?

- Azərbaycanda formalaşmış yeni siyasi konfiqurasiya demokratik dəyərləri və ictimai-siyasi faydalılıq prinsipini özündə ehtiva edir. Yəni siyasi proseslərin  iştirakçısı olan bütün konstruktiv, sağlam qüvvələr ictimai-siyasi önəm kəsb edən məsələlərin həllində fəal iştirak edir, onların rəyi və mövqeyi nəzərə alınır.  "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu prosesi də bu reallığı növbəti dəfə ifadə etdi. 

İctimai rəyə və siyasi proseslərə təsir imkanları olan müxalifət partiyaları müzakirələrə fəal şəkildə qoşuldular, təklif və təşəbbüslərini irəli sürərək islahatların tərkib hissəsi olan bu prosesə öz töhfələrini verdilər. Təsadüfi deyil ki, 47 siyasi partiyadan 250-dən çox təklif Milli Məclisə yazılı formada təqdim edildi. Həmçinin parlamentdə təmsil olunan müxtəlif partiyaların nümayəndələri Milli Məclisin komitə və plenar iclaslarında 100-dən çox təklif irəli sürdülər. Müxalifət partiyalarının da iştirakı ilə aparılan müzakirələrin faydalılığını göstərən növbəti fakt qanun layihəsində dinləmələrdən sonra 70-ə qədər, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişikliyin edilməsidir.

Bütün bunlar  "Siyasi partiyalar haqqında" yeni qanunun ölkənin siyasi sisteminin tərkib hissəsi kimi müxtəlif ideoloji təmayüllərə və fərqli baxışlara malik partiyaların mövqe və iradəsini əks etdirdiyini, gözləntilərinə cavab verdiyini və ümummilli maraqları üstün tutduğunu göstərir. Yeni Azərbaycan Partiyası olaraq bu durumu təqdirəlayiq hal kimi qiymətləndirir və hesab edirik ki, siyasi konfiqurasiyanın möhkəmləndirilməsi fonunda yeni qanunun qəbulu ictimai-siyasi münasibətlərin sağlam zəmində inkişafına və milli həmrəyliyin güclənməsinə əlavə təkan olacaq.

- Ekspertlər də "Siyasi partiyalar haqqında" yeni qanunun ölkədə yaranmış yeni siyasi konfiqurasiyanın daha möhkəmlənməsinə, siyasi sistemin təkmilləşməsinə, siyasi partiya fəaliyyətinə mühüm töhfələr verəcəyini qeyd edirlər. Amma yeni qanundan narazı olanlar da var. Siyasi partiya fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsaslarını müasir və demokratik çağırışlar çərçivəsində təmin edən bu qanundan narazı olanların "arqument"ləri barədə nə deyə bilərsiniz? 

- Şübhəsiz ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu siyasi islahatların ardıcıl xarakter daşıdığını göstərir. Partiyaların ictimai-siyasi proseslərdə rolunun artması, siyasi rəqabət mühitinin güclənməsi, partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi üçün önəmli imkanlar və əlverişli şərait yaranıb. Ona görə də müəyyən ideoloji bazası, ictimai dayağı - siyasi elektoratı olan, dəyərləri, fəaliyyət prinsipləri və hədəfləri milli maraqlarla uzlaşan, çoxpartiyalı sistemin inkişafında, milli birliyin möhkəmləndirilməsində və Azərbaycanın tərəqqisində maraqlı tərəf kimi çıxış edən partiyalar yeni qanunun qəbulunu müsbət dəyərləndirərək təqdirlə qarşılayırlar. Bu, eyni zamanda siyasi mədəniyyət nümunəsidir. 

Amma sizin qeyd etdiyiniz kəsim, hansı ki adlarına "narazı olanlar" deyirsiniz, onlar cəmiyyətdə birmənalı qarşılanmırlar, ictimai-siyasi proseslərdə bir çox hallarda kənar "qüvvələrin" sifarişlərini yerinə yetirməklə şəxsi maraqlarını güdürlər.  Onların iddialarının milli maraqlar kontekstində məntiqi izahı, ittihamlarının isə heç bir əsası yoxdur. 

Birincisi, iddia edirlər ki, yeni qanunun qəbulu guya siyasi partiyaların fəaliyyətini və hüquqlarını məhdudlaşdırır. Qanunla tanış olan və onu qərəzlilikdən uzaq şəkildə qiymətləndirən istənilən şəxs bu iddianın absurd olduğunu təsdiqləyər. "Siyasi partiyalar haqqında" yeni qanunun 3.3-cü maddəsində qeyd edildiyi kimi, "dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir". Eyni zamanda qanunun 3.7-ci maddəsində vurğulanır ki, "Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir". Bununla yanaşı, qanunun 12-ci maddəsi ilə siyasi partiyalara ideyalarını, məqsədlərini və proqramını təbliğ etmək, digər siyasi partiyalarla fəaliyyətin əlaqələndirilməsi, habelə ümumi mənafelərin təmsil və müdafiə edilməsi məqsədilə könüllülük əsasında birləşib ittifaqlar və siyasi bloklar yaratmaq, seçkilərdə, ümumxalq səsverməsində iştirakla bağlı Seçki Məcəlləsində nəzərdə tutulmuş hüquqları həyata keçirmək, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirmək, özünün və üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı təşəbbüslə çıxış etmək, o cümlədən dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər vermək, beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq, ianələr qəbul etmək və bir sıra digər hüquqlar verilmişdir. Göründüyü kimi, qanunda hər hansı bir siyasi məhdudlaşdırmadan və hüquqi nihilizmdən söhbət gedə bilməz. 

İkincisi, radikal müxalifət nümayəndələri iddia edirlər ki, "Siyasi partiyalar haqqında" yeni qanun partiyalara münasibətdə ayrı-seçkilik yaradır. Lakin qanunun 4.2-ci maddəsində siyasi partiyaların qanun qarşısında bərabərliyi birmənalı şəkildə təsbit olunmuşdur. Həmin şəxslər dövlət tərəfindən siyasi partiyalara maliyyə yardımının göstərilməsini də bu kontekstdə manipulyasiya predmetinə çevirməyə cəhd göstərirlər. "Arqument"ləri isə budur ki, dövlət yeni qanunla siyasi partiyaların maliyyələşməsi məsələsində guya ayrı-seçkilik edir, bütün tərəfləri nəzərə almır və müasir dünya təcrübəsinə uyğun olmayan standartlar tətbiq edir. Təbii ki, bu qərəzli və qeyri-obyektiv yanaşma ya siyasi bilgisizlik və beynəlxalq təcrübədən xəbərsizlik göstəricisi, yaxud da məqsədli şəkildə ictimaiyyəti aldatmaq cəhdidir. Çoxpartiyalı sistemin inkişaf etdiyi müasir demokratik ölkələrdə dövlət tərəfindən maliyyələşmə mexanizmi partiyaların reytinqinə əsasən müəyyənləşdirilir. Siyasi partiya üçün reytinq göstərici isə seçkilərin nəticəsi ilə müəyyən olunur. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda da bu məsələ müxtəlif ölkələrin nümunəsi və təcrübəsi əsasında tənzimlənib. Belə ki, qanuna əsasən, dövlət tərəfindən ayrılan maliyyə vəsaiti Milli Məclisdə təmsil olunan partiyalarla yanaşı, parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında bölünür. Bu, kifayət qədər demokratik prosedur olmaqla yanaşı, stimullaşdırıcı addım kimi siyasi partiyaları səmərəli fəaliyyətə təşviq edir, rəqabət mühitini gücləndirir, plüralizmin və siyasi sistemin inkişafına xidmət göstərir. Bu məsələdən narazı olanlar və ya onu tənqid obyektinə çevirənlər isə real fəaliyyəti olmayan, cəmiyyətdən heç bir dəstək almayan - siyasi bazası və reytinqi olmayan, heç bir siyasi marafonda qalib gəlməyən, ya qatıldığı seçkilərdə iflasa uğrayan, ya da seçkiləri boykot etməklə məşğul olan və perspektivi olmayan marginal qruplardır.

Göründüyü kimi, "Siyasi partiyalar haqqında" yeni qanunu məqsədli şəkildə hədəfə çevirməyə çalışanların "arqument"ləri heç də reallıqları əks etdirmir, özünüifşa və özünütəkzibdən başqa bir şey deyil. Siyasi proseslərdə, ictimai-siyasi məsələlərin həllində iştirak etmək, faydalı ideyalar və milli hədəflərin reallaşmasına önəmli töhfələr vermək əvəzinə, onlar, sadəcə, qərəzli və inkarçı mövqedən çıxış edərək ictimai rəyi yanıltmağa çalışırlar. Təəssüf ki, belə hallar nə ilk, nə də sondur. Yaxşı xatırlayırıq, 44 günlük Vətən müharibəsində 50-yə yaxın siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyətli siyasətinə birmənalı dəstək ifadə etdiyi halda, bəzi "siyasətçilər" antimilli mövqe sərgiləyərək taleyüklü dönəmdə milli həmrəyliyin əleyhinə olduqlarını nümayiş etdirdilər. Ardınca postmüharibə dönəmində Azərbaycanın tarixi Zəfəri diplomatiya və quruculuq müstəvisində möhkəmləndirmək məqsədilə həyata keçirdiyi prinsipial siyasəti hədəfə çevirərək qara piar kampaniyası aparmağa, ermənipərəst dairələrin tezislərini təkrarlamağa başladılar. Bu gün də Azərbaycanın hazırkı inkişafı və gələcəyi ilə əlaqədar önəmli müzakirələrin aparıldığı, mühüm qərarların qəbul edildiyi şəraitdə "ənənə"lərinə sadiq qalaraq təxribatçı mövqedən çıxış edirlər. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu prosesini sabotaj cəhdləri bu reallığın bariz nümunəsi oldu. Təbii ki, şəxsi maraqlarını milli mənafelərdən üstün tutanların siyasi provokasiya cəhdləri iflasa məhkumdur. Yeni qanunun qəbulu prosesi çərçivəsində aparılan ictimai-siyasi müzakirələrdə ifadə olunan mövqelər, ictimaiyyətin prosesə adekvat reaksiyası və son nəticə bu reallığı bir daha təsdiqləyir.