YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Müstəqil Azərbaycanın Yeni Azərbaycan Partiyası

   AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli

-İsa müəllim, məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il ötür. Partiyanın yaranma dövrünü necə xarakterizə edərdiniz?

-Azərbaycanda 18 oktyabr 1991-ci il tarixdə dövlət müstəqlliyinin elan olunması ilə ölkəmizdə sovet hakimiyyəti illərindəki təkpartiyalıq şəraitində fəaliyyətdən çoxpartiyalı sistemə keçidin əsası qoyulmuşdur. Bununla Azərbaycan Xalq Cümhuriyyəti dövründəki çoxpartiyalı demokratik dövlət quruluşu yenidən bərpa olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının seçdiyi bazar iqtisadiyyatına əsaslanan hüquqi-demokratik dövlət quruluşu ölkədə müxtəlif ictimai-siyasi baxışlara malik olan siyasi partiyaların təsis edilməsinə geniş meydan açmışdır. XX əsrin doxsanıncı illərinin əvvəllərində, dövlət müstəqilliyinin başlanğıc mərhələsində milli azadlıq hərəkatı dalğasında yaradılmış Azərbaycan Xalq Cəbhəsi Partiyası yeni quruluşla əlaqədar xalqa çox şeylər vəd etsə də, az keçməmiş təcrübəsiz və səriştəsiz adamların təmsil olunduğu üçün  özünü doğrulda bilməmişdir. Həmin məsuliyyətli dövrdə Azərbaycan ziyalıları və yeni nəsil siaysi qüvvələr xalqımızın mütləq əksəriyyətinin fikrlərini ifadə edərək, gəncmüstəqil Azərbaycan dövlətini cəmiyyət həyatının demək olar ki, bütün sahələrini əhatə etməkdə davam edən mürəkkəb və dərin böhrandan xilas etməyin yeganə çıxış yolunu dünya miqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə yeni bir siyasi partiyanın yaradılmasında görmüşlər. Buna görə də XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın tanınmış ziyalıları, el ağsaqqalları Naxçıvana gedərək Muxtar Respublika Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevlə görüşür və onun razılığını almaq üçün iş aparırdılar. Lakin Azərbaycan Respublikasında heç bir vəzifə tutmaq niyyətində olmadığı üçün Heydər Əliyev buna razılıq verməmişdir. Bununla belə, həm Azərbaycan ziyalılarının təkidli tələbləri və ən əsası isə Azərbaycan xalqının düşdüyü ağır vəziyyət, yeni qurulmuş respublikanın müstəqlliyini itirmək təhlükəsi ilə üz-üzə qalması doğma xalqına və ölkəsinə ürəkdən bağlı olan, onun bu günü və gələcəyi üçün məsuliyyət daşıdığını yaxşı bilən Heydər Əliyev belə çətin və mürəkkəb şəraitdə üzərinə düşən tarixi missiyanı yerinə yetirmək üçün Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak etmək üçün razılıq vermişdir. Bütün bunlardan sonra 91 nəfərdən ibarət Azərbaycan ziyalıları 16 oktyabr 1992-ci il tarixdə “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət məktubu ilə çıxış edərək, hazırkı çətin və mürəkkəb siyasi-iqtisadi və mənəvi böhran mərhələsində müstəqil dövlətin və xalqın xilas edilməsi naminə “Yeni Azərbaycan” adlandırılacaq siyasi partiyanın yaradılmasını və Heydər Əliyevin həmin partiyaya rəhbərlik etməsini xahiş etmişlər.“Azərbaycan Sizin sözünüzü gözləyir” müraciət-məktubunda yeni müstəqillik əldə etmiş gənc Respublikanın itirilmə təhlükəsi və çıxış yolları aşağıdakı kimi öz əksini tapmışdır: “Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi isə odur ki, siyasi və iqtisadi sistemdə islahatlar aparılmır... Dünənə kimi küçə və meydanlarda demokratiyadan danışanlar demokratiyanın nə olduğunu dərk etmirlər... Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Respublikanın olan-qalan iqtisadi potensialı dağılır, təbii sərvətlərimiz talan olunur... Gələcəyə ümidsizlikdən yüzlərlə ziyalı, yüksək ixtisaslı kadrlar ölkəni tərk edirlər... Siyasi partiyaların arasında, sözün əsl mənasında, geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və rspublika həyatının bütün sahələrindən tam və geniş məlumatı olan güclü lider yoxdur.”

Heç şübhəsiz, “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətindəki “Sözün əsl mənasında, geniş xalq kütləsinin inam və etibarını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və rspublika həyatının bütün sahələrindən tam və geniş məlumatı olan güclü lider” sözləri bu mühüm siyasi və mənəvi dəyərlərin hamısını özündə yaksək səviyyədə birləşdirən görkəmli dövlət xadimi Heydər Əliyevin obrazını ümumiləşdirilmiş şəkildə ifadə edirdi. Bununla belə, müraciətdə yaradılmasına qərar verilən Yeni Azərbaycan adlı siyasi partiyaya rəhbərlik etmək üçün “yeganə mütləq lider” kimi açıq şəkildə yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin olduğu bəyan edilmişdir. Müraciəti imzalayanlar “Azərbaycanın bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə” əsaslanmışlar. Çünki hər kəs çox yaxşı bilir ki, Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə respublikaya rəhbərlik sahəsində əldə etdiyi nailiyyətlərə, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini, Siyasi Büronun üzvü olaraq beynəlxalq aləmdəki nüfuzuna və nəhayət, ən çətin şəraitdə blokada vəziyyətinə salınmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Azərbaycanın bu ayrılmaz parçasını erməni təcavüzündən xilas etdiyinə görə xalqımızın sarsılmaz inamını qazanmışdır. Ona görə də müraciəti imzalayan tanınmış ziyallar böyük inamla bufikirdə idilər ki, “indiki vəziyyətdə belə çətin, məsuliyyətli işi (siyasi partiya yaratmaq işini-İ.H) respublikada öz üzərinə götürməyə qadir olan yeganə şəxs yalnız Heydər Əliyev ola bilər”. Müraciətin axırındakı çağırış yalnız bu sənədəimza atan adlı-sanlı ziyalıların deyil, əslində geniş mənada Azərbaycan xalqının fikrini ifadə edirdi: “Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.”

Görkəmli dövlət xadimi Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixdə imzaladığı və “Səs” qəzetində çap etdirdiyi “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubu iləYeni Azərbaycan Partiyasının yaradılmasına müsbət münasibətini bildirmişdir. Beş bənddən ibarət olan bu konsepsiyada müstəqil Azərbaycan Respublikası üçün həmin tarixi dövrdə həll edilməsi zəruri olan aşağıdakı vacib ictimai-siyasi və dövlətçilik məsələləri öz əksini tapmışdır:

- Azərbaycanın müharibə vəziyyətindən çıxarılması və Qarabağ probleminin tezliklə həll olunması;

- Azərbaycanda mövcud sosial-iqtisadi böhranın aradan qaldırılması və iqtisadi inkişafa nail olunması;

- Ölkədə məqsədyönlü kadr siaysətnin həyata keçirilməsi;

- Qanunun aliliyi prinsipinin təmin edilməsi, demokratik azadlıqların təmin olunması;

- Ölkənin parçalanmasının qarşısının alınması, respublikada yaşayan bütün xalqların iştirakı ilə vahid, bütöv Azərbaycanın qorunub saxlanmasıvə inkişaf etdirilərək möhkəmləndirilməsi.

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının Təsis Konfransının Bakı şəhərində keçirilməsinə razılıq verilməmişdir. Ona görə də qısa müddətdə zəruri hazırlıq işləri aparıldıqdan sonra 21 noyabr 1992-ci il tarixdə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında görkəmli dövlət xadimi Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirilmişdir. Təsis Konfransında Bakı şəhərindən və Azərbaycanın müxtəlif regionlarından gəlmiş 500 nəfərdən çox nümayəndə iştirak etmişdir. Təsis Konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında yekdilliklə qərar qəbul etmişdir. Görkəmli dövlət xadimi və böyük siaysətçi Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri vəzifəsinə seçilmişdir. Təsis Konfransı Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsinin qəbul olunması, Siaysi Şuranın və İdarə Heyətinin tərkibinintəsdiq edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin müavinlərinin seçilməsi haqqında mühüm qərarlar qəbul etmişdir.

Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən rəsmi şəkildə qeydiyyata alınmışdır. Bu, Yeni Azərbaycan Partiyasının qeydiyyatdan keçmiş rəsmi bir siyasi qurum kimi fəaliyyətə başlamasına təmin etmişdir. Bununla Azərbaycanda Heydər Əliyev kimi dünya miqyasında xüsusi nüfuza malik olan görkəmli dövlət xadiminin rəhbərlik etdiyi ən böyük siaysi gücün meydana çıxmasına imza atılmışdır.

-Yeni Azərbaycan Partiyasının yaranmasından qısa müddət sonra hakimiyyətə gəlməsini hansı amillərlə izah edərdiniz?

-Müstəqil Azərbaycan dövlətinin və xalqımızın taleyində mühüm, həlledici rola və böyük əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyası tarixə Heydər Əliyev Partiyası kimi daxil olmuşdur. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası təsis edildiyi 21 noyabr 1992-ci il tarixdən yaradıcısı Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 3 oktyabr 1993-cü ilə qədər müxalifət partiyası olaraq fəaliyyət göstərmişdir. Müxalifətdə olduğu dövrdə Yeni Azərbaycançılar öz işlərini sivil və demokratik prinsiplər əsasında qurmuş, təmsil etdikləri partiyanın proqramı və nizamnaməsinin müddəalarına və çağırışlarına məsuliyyətlə əməl etmişlər. Yeni Azərbaycan Partiyasının fəalları cəmiyyət hadisələrini kortəbii çağırışlara, kütlə psixologiyasına istinad etmək və qarşıdurma yaratmaqla deyil, mövcud prosesləri ölkə reallıqları və dünya təcrübəsi vasitəsi ilə qiymətləndirib, addım atmağa üstünlük verdiklərini nümayiş etdirmişlər. Beləliklə, Yeni Azərbaycan Partiyası ölkəmizdə əsl siyasi müxalifət partiyası kimi fəaliyyət göstərmək mədəniyyəti nümayiş etdirmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinə 12 noyabr 1995-ci il tarixdə keçirilən seçkilərdə Yeni Azərbaycançıların mütləq üstünlük qazanmaları Heydər Əliyev siyasi kursunun həyatiliyini, müstəqil Azərbaycan dövlətinin maraqlarına layiqincə cavab verdiyini bir daha təsdiqləmişdir. Bələdiyyə seçkilərində də xalq tərəfindən Yeni Azərbaycan Partiyasının üzvləri-nə daha çox etimad göstərilməsi bu partiyanın artıq çətin sınaqlardan uğurla çıxdığını, ümumxalq etimadı qazandığını göstərir.

Müstəqil dövlətçilik üçün ən zəruri faktorlardan biri olan Azərbaycan Respublikasının Konsttitusiyasının hazırlanması və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi Referendum yolu ilə qəbul edilməsi ölkə Prezidenti Heydər Əliyevin və onun başçılıq etdiyi Yeni Azərbaycan Partiyasının nüfuzunu və cəmiyyətdəki rolunu daha da qüvvətləndirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının ana müddəaları, əsas prinsipləri ölkə rəhbəri Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. Heydər Əliyev Konstitusiya yaradılması proseslərinə rəhbərlik etmişdir. Bütün bunlara görə Azərbaycan Respublikasının Konstitusiyası həm də Heydər Əliyev Konstitusiyası adlandırılmaqdadır. Konstitusiyanın hazırlanması və müzakirəsi proseslərində yaxından iştirak etmiş Yeni Azərbaycançılar bu dövlət qanunvericilik külliyatının təbliği işlərində fəallıq göstərmişlər.

-Yeni Azərbaycan Partiyası ümumxalq və qələbələr partiyası kimi səciyyələndirilir. Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə rəhbəri olaraq respublikanı düçar edilmiş dərin hərbi-siyasi və iqtisadi-mənəvi böhrandan xilas etməklə bərabər, ardıcıl olaraq həmişə partiya quruculuğu məsələləri ilə də məşğul olmuşdur. Bu baxımdan 19 noyabr 1994-cü il Yeni Azərbaycan Partiyasının yaradılmasının iki illiyi ilə əlaqədar olaraq ilk dəfə partiya fəallarının ümumrespublika müşavirəsinin keçirilməsi və həmin müşavirədə ölkə Prezidenti Heydər Əliyevin proqram xarakterli geniş nitqi, aparılmış işgüzar müzakirələr iqtidar partiyasının yeni tarixi şəraitdəki vəzifələrinin müəyyən edilməsində mühüm rol oynamışdır. Az sonra Yeni Azərbaycan Partiyasında Qadınlar Şurasının və Gənclər Birliyinin təsis edilməsi, Heydər Əliyev tərəfindən bu qurumların fəaliyyət istiqamətlərinin müəyyən olunması iqtidar partiyasının cəmiyyətin ən aparıcı və mütəşəkkil siyasi qurumu kimi fəaliyyətini genişləndirdiyini və müasirləşdirdiyini nümayiş etdirmişdir. Heç şübhə yoxdur ki, 12 noyabr 1995-ci il Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanması artıq Heydər Əliyevin rəhbərlik etdiyi bu siyasi qurumun cəmiyyətin inkişafında xüsusi rola malik olmasının özünütəsdiqi demək idi. Dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin 11 noyabr 1998-ci il tarixdə ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi əslində bu dahi siyasətçinin qələbəsi olsa da, həm də onun rəhbərlik etdiyi partiyanın da böyük uğuru idi. Bundan başqa, 21 noyabr 1998-ci il tarixdə keçirilmiş Yeni Azərbaycan Partiyasının 6 illiyinə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyevin rəhbərliyi ilə hesabat xarakterli məsələlərlə yanaşı, gələcək vəzifələrə də gur işıq salınması bu mütəşəkkil siyasi qurumun sabahına daha böyük inamla baxmağa imkan yaratmışdır. Xüsusən, 21-22 dekabr 1999-cu il tarixdə keçirilmiş Yeni Azərbaycan Partiyasının I Qurultayındayeni tarixi dövrün mühüm vəzifələrinin müəyyən edilməsi ilə Yeni Azərbaycançılıq siyasi-ideoloji hərəkata çevrilmişdir. Partiyanıın Birinci Qurultayında ölkəmizin yeni nəsil siyasətçilərinin önündə gedən Milli Məclisin deputatı İlham Əliyevin Yeni Azərbaycan Partiyası Sədrinin müavini seçilməsi partiyada yeniləşmələrə və gənclərin axınına böyük təkan vermişdir.Bundan sonra 21 dekabr 2001-ci ildə keçirilmiş Yeni Azərbaycan Partiyasının II Qurultayında İlham Əliyevin partiya Sədrinin Birinci müavini seçilməsi ölkənin siyasi həyatında və partiya quruculuğunda xüsusi canlanmaya, novatorluğa və inkişafa səbəb olmuşdur.

-İsa müəllim, Yeni Azərbaycan Partiyası artıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Mövcud reallıqlar və qarşıda duran hədəflərlə bağlı fikirlərinizi bilmək istərdik…

-Yeni Azərbaycan Partiyasının çoxcəhətli və səmərəli fəaliyyəti, beynəlxalq nüfuza malik siyasi təşkilat kimi böyük uğurla öz yolunu davam etdirməsi, daim yeniləşməsi və inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti ilə üzvü surətdə əlaqədardır. Doğrudur, İlham Əliyev Yeni Azərbaycan Partiyası sıralarına gələnədək özünəməxsus ciddi siyasi mübarizə yolu keçmiş, diqqətəlayiq səviyyədə yetkin və mükəmməl təcrübə qazanmışdı. Heydər Əliyevin çətin, keşməkeşli, dərin mənalı həyatı və mübarizəsi görkəmli dövlər xadimi, qətiyyətli və müdrik bir siya¬sətçi kimi İlham Əliyev üçün böyük məktəb olmuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə və Moskvada siyasət olimpinin zirvəsində təmsil olunduğu zaman Heydər Əliyevin yaşa¬dığı məsuliyyətli, keşməkeşli və mənalı həyatın, apardığı dönməz mübarizənin görünən və görünməyən tərəflərinin dərsləri İlham Əliyevin gələcək böyük siyasət naminə aldığı taleyüklü addımlarda qiymətli təcrübə kimi mühüm əhəmiyyət kəsb etmişdir.Heç şübhə yoxdur ki, İlham Əliyevin Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu bir ali məktəbdə mükəmməl ali təhsil alması, tarixçi-diplomat ixtisasına və xarici dillərə dərindən yiyələnməsi də onun siyasi dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. Ona görə də İlham Əliyevin Yeni Azərbaycan Partiyası sıralarına qoşulması, hər şeydən əvvəl, bu partiyanın aydın mövqeyə malik kamil bir siyasətçi ilə daha da möhkəmlənməsinə xidmət etmişdir. İlham Əliyev Yeni Azərbaycan Partiyasına ölkəmizin yeni nəsil siyasi gəncliyinin lideri kimi daxil olmuşdur. Bununla həm də Yeni Azərbaycan Partiyası Sədrinin müavini, birinci müavini kimi keçdiyi mənalı yol da onun siyasi təcrübəsinin daha da zənginləşməsinə, fəaliyyət dairəsinin üfüqlərinin genişlənməsinə geniş meydan açmışdır. Nəhayət, 15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci il tarixdə keçirilmiş III Qurultayında iqtidar partiyasının Sədri seçilməsi ilə həm ölkəmizin həyatında və həm də partiyanın inkişafında yeni bir tarixi dövr başlamışdır.

Hazırda ölkəmizin Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi özünəməxsus şərəfli unkişaf yoluna və ənənələrə malik olan bu partiyanın daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və müasirləşdirilməsinə ciddi əhəmiyyət verir. İndiki mərhələdə Yeni Azərbaycan Partiyası Azərbaycan ictimai-siyasi mühitinin ən mütəşəkkil, aparıcı qüvvəsi kimi çıxış edir. Buna görədir ki, Yeni Azərbaycan Partiyasıdaim yeniləşən Azərbaycanın böyük ənənələrə malik olan yeni tipli, yetkin və dialektik inkişafda olan siyasi par-tiyası kimi nüfuzunu və şöhrətini nəinki qoruyub saxlayır, getdikcə daha da artırır, genişləndirir və möhkəmləndirir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasında aparılan geniş islahatlar ölkəmizdə partiya quruculuğu sahəsində əldə edilmiş mühüm nailiyyətdir. Bu gün nəinki Azərbaycanda, hətta dünya miqyasında Beynəlxalq əlaqələr  baxımından Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək ikinci bir partiya göstərmək  çətindir. Müstəqil Azərbaycan Respublikasında bütün sahələr üzrə qazanılmış nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının özünəməxsus böyük payı, rolu və xidmətləri vardır. Vaxtilə XX əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdə müxalifət partiyası olmağın nümunəsini göstərən Yeni Azərbaycan Partiyası bu gün İlham Əliyevin liderliyi ilə Azərbaycan cəmiyyətində iqtidar partiyası kimi nümunəvi fəaliyyət göstərməyin məsuliyyətini və şərəfini uca tutmağın canlı və parlaq örnəyinə çevrilmişdir. Yeni Azərbaycan Partiyasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiya sədrinin Birinci müavini kimi çoxcəhətli səmərəli fəaliyyəti geniş mənada respublikamızdabütün sahələr üzrə müasir inkişafın, o cümlədən partiyamızın siyasi fəaliyyətinin daha da genişləndirilməsinə və güclənmdirilməsinə uğurla xidmət edir və böyük töhfələr verir.

Göründüyü kimi, Azərbaycan Respublikasının siyasi-ideoloji həyatında xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və məsuliyyətli yol ölkəmizdə tənəzzüldən böyük tərəqqiyə, böhrandan hərtərəfli müasir inkişafa və müasirləşməyə doğru gedişatın real mənzərəsini bütün gerçəklikləri ilə dolğun şəkildə əks etdirir. Əslində, Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik çətin və şərəfli yol müstəqil Azərbaycan dövlətinin və xalqımızın müstəqil dövlətçilik ideallarına, Prezident İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə ölkəmizin daha böyük sabahlarına dərin inam yoludur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Dəmir Yumruğu ilə II Qarabağ-Vətən müharibəsində qazanılmış tarixi Zəfər qüdrətli lider faktorunun xalqın və dövlətin həyatında misilsiz rol oynadığını əyani surətdə sübut etmişdir. Müstəqil Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə böyük sürətlə inkişaf edən respublikamızda Yeni Azərbaycan Partiyasının ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasınındaha da genişləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi, ölkədə siyasi mədəniyyətin və vətəndaş həmrəyliyininmöhkəmləndirilməsi, böyük quruculuq proseslərinə geniş meydan açılması, xalqımızın gələcək xoşbəxt həyatına gur işıq salır.

Müstəqil Azərbaycan Respublikası bu gün özünün yüksək inkişaf və əsl intibah yolunu böyük uğurla davam etdirir.

DİGƏR MÜSAHİBƏLƏR Arxiv