YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq

   Milli Məclisin deputatı Müşfiq Məmmədli

-Müşfiq müəllim, 27 sentyabr 2020-ci il Vətən müharibəsinin başladığı tarixdir. Artıq bu tarixdən iki il ötür. Bu haqda düşüncələrinizi bölüşməyi xahiş edirik…

- Şanlı tarximizin növbəti ildönümünü yaşayırıq. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, İkinci Qarabağ savaşı, böyük qələbəmiz olan bu 44 günlük zəfər tarixindən artıq 2 il ötür. Çox tez keçdi 2 il, lakin 44 gün bitmək bilmirdi, sanki illər, qərinələr, əsrlər çarpışırdı 44 günün içində. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti  44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş. Buna  sözlərdə deyil, əməllərdə gördük və bir daha əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.

İki  il öncə bu vaxt qüdrətli Azərbaycan dövləti öz əzəli-əbədi torpaqlarını işğaldan azad etmək üçün əks-hücum tədbirlərinə başladı. Bəli, əks-hücum əməliyyatı, çünki ilk qığılcım bizdən yaranmadı. Məlum olduğu kimi, Azərbaycan Konstitusiyasının 9-cu maddəsinə əsasən “Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir”. Biz isə öz əzəli-əbədi ulu torpaqlarımız, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımız uğrunda müharibə etdik. Lakin daha əvvəl 30 ilə yaxın müddət ərzində sülh danışıqlarına davam edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyirdik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev,  sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə danışıqlar aparmış,  beynəlxalq konfranslarda çıxış etmiş, problemin həlli barədə dünya birliyinə çağırışlar etmişdi. Lakin bütün danışıqlar nəticə verməmiş, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnamə elə kağız üzərindəcə qalmış, heç bir nəticə hasil olmamışdı.

- Azərbaycanın möhtəşəm qələbəsini təmin edən mühüm və həlledici amillərdən biri milli həmrəylik oldu. Bu barədə nə deyə bilərsiniz?

-30  il boyunca heç bir beynəlxaq təşkilatın addım atmadığını, dünya birliyinin işğalçılara göz yumduğunu görən dövlətimiz artıq öz məsələsini özü həll edərək müdafiəyə qalxdı. Qanında milli ruh olan, döyüş əzmli xalqımızın mərd, igid oğulları – onminlərlə vətəndaşımız könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyə başladı. Hətta ölkə xaricində olan soydaşlarımız da konsulluqlara müraciət edərək könüllü ordu sıralarına yazıldılar. Onlar döyüşə hazır olduqlarını və 30 illik həsrətə son qoymaq üçün axır nəfəslərinə qədər döyüşəcəklərini dedilər. Əvvəllər bu sözlər bizə bir mif kimi, bir təsəlli kimi gəlirdi. Lakin İkinci Qarabağ savaşı göstərdi ki, həqiqətən vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, onu sonda nə gözləyəcəyini bilmədən gözüyumlu döyüşə gedən, qazi olaraq həyatının sonuna kimi sağlamlığını itirməyi gözə alan, bütün sevdiklərini, ailəsini, övladlarını geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə gedən igidlərimiz var imiş. Həmin igidlər 30 il boyunca hamı tərəfindən səsləndirilən “lazım gəlsə, döyüşməyə hazıram” ifadəsinin həm doğru olduğunu göstərdi, həm də insan necə böyük daxili qüdrətə, iradəyə və vətən eşqinə malik olmalıdır ki, arxasında buraxdıqlarına baxmadan ölümə gedə bilsin.  Bu hadisələr göstərdi ki, xalqımızın heç düşünmədən vətən uğrunda döyüşməyə hazır olan igidləri çoxdur.

44  gün ərzində cəbhədəki şanlı qələbəmizlə yanaşı, Azərbaycan xalqı informasiya cəbhəsində də üstünlüyü əlinə aldı. Xalqımız gerçəkləri dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsində də qalib gəldi. Bu qalibiyyətin başında da Ali Baş Komandan dururdu. Prezident İlham Əliyev müzəffər ordumuzun uğurları ilə eyni vaxtda Azərbaycanın haqq səsini dünya birliyinə çatdırdı.

- Bu gün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik...

-İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaq. Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləri də öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə-neçə oğulların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq, zəfər də çala bilməzdik. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budurki, heç bir qələbə qansız tarixə yazılmır.  Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb”.

Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə böyük qayğı göstərir. Bu məsələ daim  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir. Azərbaycan xalqı hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutacaq. Dövlətimizin başçısı tərəfindən 27 sentyabr tarxininin ölkəmizdə  Anım Günü elan edilməsi də şəhidlərimizə böyük ehtiramın nümunəsidir.  

DİGƏR MÜSAHİBƏLƏR Arxiv