YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Böyük qayıdışın reallıqları və çağırışları

Müsahibimiz AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli

- İsa müəllim, tarixi Zəfərimizin Azərbaycan xalqının məğrurluğunun, yenilməzliyinin, kimliyinin bir daha dünyaya təqdimatı oldu. Bu, Azərbaycan ziyalısı olaraq Sizdə hansı hissləri yaratdı?

- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşında, Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixinin nadir hadisəsidir. Azərbaycan tarixində uzun əsrlər boyu aparılmış müharibələr ya tarixi sərhədlərimizin daha da genişləndirilməsi, ya da torpaqlarımızın müəyyən bir hissəsinin itirilməsi ilə nəticələnmişdir. Ali Baş Komandana İlham Əliyevin rəhbərlik etdiyi Vətən müharibəsi isə vaxtilə itirmiş Azərbaycan torpaqlarının geri qaytarılması, bərpa edilməsi missiyasının həyata keçirilməsi ilə tarixə daxil olmuşdur.

Dünya tarixində müharibələrin təsnifatının ədalətli və ədalətsiz müharibələr deyə iki qismə ayrıldığını nəzərə alsaq, Azərbaycan tərəfinin öz torpaqlarını qaytarmaq uğrunda apardığı müharibə ədalətli müharibə nümunəsidir. Ermənistanın işğalçılıq siyasəti isə həmin ölkənin qarşı tərəf kimi ədalətsizliyinin göstəricisidir. Bu mənada II Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ədalətsizcəsinə işğal olunmuş torpaqlarının təcavüzkar düşməndən azad edilməsi ilə bərabər, həm də dünya müharibələri, tarixində ən ədalətli müharibələrdən biri kimi də mühüm əhəmiyyətə malikdir.  II Qarabağ müharibəsində işğalçının yox, ədalətin Zəfər çalması dünyanın müxtəlif ölkələrində ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqlarda özünəinam yaratmağa xidmət etdiyi üçün həm də beynəlxalq əhəmiyyət kəsb edir.

- Mədəniyyət paytaxtımız, Azərbaycanın döyünən ürəyi Şuşa 30 il əsarətdə olsa da, əyilmədi, milli ruhu qorudu. Azərbaycan Prezidentinin «Əziz Şuşa, biz səni dirçəldəcəyik» - çağırışı bu günkü reallıqlarda az əksini tapır. Şuşa bu gün ev sahibliyi etdiyi tədbirlərlə dünyaya hansı mesajları ünvanlayır?

- İlk növbədə onu qeyd etmək istərdim ki, Azərbaycanın qədim tarixi ərazisi olan Qarabağın əsas inzibati mərkəzi olmuş Şuşa şəhəri əyilməzlik rəmzi kimi tanınır. Təsadüfi deyildir ki, 1752-ci ildə Pənahəli xan tərəfindən sərt qayalar üzərində salınmış bu şəhər bütövlükdə Şuşa Qalası adlandırılır. Azərbaycanın Şuşa şəhəri dünyada Qala- şəhər statusuna malik olan nadir şəhərlərdən biridir.

İkincisi isə Şuşa şəhəri sözün həqiqi mənasında Azərbaycanın ədəbiyyat və mədəniyyət paytaxtı funksiyasını öz mahiyyətində yaşadır. Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi tarixi reallığın bərpa edilməsi və müasir inkişafın həmin ənənələr əsasında davam etdiriləcəyinin bəyanatından ibarətdir. Bu şəhərin ədəbiyyat və incəsənət sahəsindəki görkəmli yetirmələri bütövlükdə Ermənistanın həmin sahədəki tanınmış adamlarından çoxdur.

Bir neçə gün bundan əvvəl Vaqif Poeziya Günlərində iştirak edərkən Şuşa şəhəri ilə ilk tanışlıq zamanı gördüm ki, vaxtilə Molla Pənah Vaqifin müəllimlik etdiyi Saatlı məhəlləsinin ətrafındakı eni-uzunu çox da böyük olmayan bir-iki küçədə Əhməd Ağaoğlu kimi mütəfəkkir siyasi şəxsiyyət, Əbdürrəhim bəy Haqverdiyevi, Nəcəf bəy Vəzirov kimi böyük yazıçılar, görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli, məşhur tarixçi və ictimai xadim Mir Möhsün Nəvvab, Azərbaycan tarının atası Sadıqsan və başqalarının doğulduqları, yaşadıqları binaların arasında cəmi yüz-iki yüz metrlik məsafə vardır. Böyük demokrat yazıçısı Cəlil Məmmədquluzadənin 1918-1920-ci illərdə ömür-gün və əqidə yoldaşı Həmidə xanımla birlikdə müəyyən fəsillərlə yaşadıqları bina və Həmidə xanımın xeyriyyəçilik məqsədilə açdığı toxuculuq emalatxanası da həmin küçələrin kəsişdiyi məhəllədə yerləşir. Bu cəhətdən Şuşanı Fransadakı sənətkarlar şəhəri kimi tanınan Parnas şəhəri ilə müqayisə etmək olar.

Tarixçiliklə milli ədəbi-mədəni dəyərlərin üzvü vəhdəti Şuşa şəhərinin simasını müəyyən edir. Möhkəm və davamlı ədəbi-mədəni xüsusiyyətlərə malik olduğu üçün Ermənistan Şuşa şəhərini işğal etsə də heç cür erməniləşdirə bilməmişdir. Əksinə, Paşinyanın Şuşada – Cıdır düzündə Yallı oynaması Ermənistanın və onun rəhbərinin bu tarixi şəhərdəki Azərbaycan mədəniyyəti ab-havasından kənara çıxa bilmədiklərini nümayiş etdirir. Paşinyanın Cıdır düzündə Yallı rəqsi ifa etməsi bilərəkdən və ya bilməyərəkdən onun hələ Vətən müharibəsi başlamamışdan qabaq Şuşa şəhərini Azərbaycanın mədəniyyət mərkəzi kimi tanıması deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Əziz Şuşa, biz səni dirçəldəcəyik» çağırışı həm Şuşa şəhərinin, həm də geniş mənada Qarabağın yenidən qurulmasının dövlət səviyyəsində elan edilmiş paroludur. Füzuli – Beyləqan tərəfdən Şuşa şəhərinə qədər təxminən 90 kilometrlik məsafəni əhatə edən Zəfər yolu Qarabağdakı Böyük Quruculuq hərəkatının qan damarıdır.

Şuşa şəhərində Böyük Quruculuq hərəkatının Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəllərinin yenidən ucaldılması, Üzeyir Hacıbəyliyə heykəl qoyulması, Bülbülün ev muzeyinin qurulması ilə başlanması Prezident İlham Əliyevin bu tarixi şəhərin bərpasına onun ədəbiyyat və mədəniyyət sahəsindəki ənənələrinin qaytarılması ilə start verməsinin göstəricisidir. Molla Pənah Vaqifin məqbərəsinin yenidən bərpa edilməsi də böyük mədəniyyət hadisəsidir.

Fikrimizcə, Şuşa şəhərindəki Xarı Bülbül və Qarabağ mehmanxana kompleksləri də ənənə və müasirliyi özlərində yaşadan müasir mədəniyyət abidələridir. Gövhər ağa məscidinin bərpası müstəqil Azərbaycan dövlətinin dini-mənəvi dəyərlərlə ədəbi-mədəni özünəməxsusluqların harmoniyasına verdiyi önəmin Şuşa şəhəri quruculuğundakı əyani ifadəsidir. Son günlərdə möhtərəm Prezidentimiz tərəfindən təməlləri atılmış 5 ulduzlu mehmanxana və yaşayış kompleksləri ən yaxın zamanda Şuşa şəhərinə onun daimi sakinlərinin qayıdışına, bu ecazkar şəhərə xarici turistlərin axınına doğru atılmış mühüm addımlardır. Eyni zamanda, Şuşada başlanmış böyük quruculuq işləri və burada keçirilən möhtəşəm tədbirlər bu şəhərdə həm də beynəlxalq səviyyəli ədəbiyyat mədəniyyət mərasimlərinin keçiriləcəyinə tam inam yaradır. Vaxtilə Qafqazın konservatoriyası adlandırılan Şuşa şəhəri qısa müddətdən sonra geniş mənada XXI əsrdə dünyanın ən mötəbər söz və sənət ocaqlarından birinə çevriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin cənnətə çevrilməsi haqqındakı mesajlarının gerçəkləşəcəyi gün çox da uzaqda deyildir.

- «Xarı bülbül» musiqi festivalının ardınca Vaqif Poeziya Günləri ənənəsinin bərpası özündə hansı çağırışları ehtiva edir? Dövlət başçısı İlham Əliyevin birinci xanımı Mehriban Əliyevanın Şuşaya hər səfərləri Azərbaycan mədəniyyətinin, ədəbiyyatının zənginliyinə işıq salır. Vaqif Poeziya Günlərinin keçirilməsinin mənəvi siyasi əhəmiyyətini necə şərh edərdiniz?

- İşğaldan azad edildikdən sonra Şuşa şəhərində – Cıdır düzündə keçirilmiş «Xarı Bülbül» Musiqi Festivalı Azərbaycan Respublikasının qazandığı tarixi Zəfərin təntənəsinə həsr olunmuş möhtəşəm mədəniyyət hadisəsidir. Xarı Bülbül Musiqi Festivalı nəhəng Qələbə atəşfəşanlığının əyani təcəssümüdür.

Vaqif Poeziya Günlərinin keçirilməsi isə özündə bir çox mənaları ifadə edir:

1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə ilk növbədə vaxtilə ulu öndər Heydər Əliyevin başladığı bu mühüm ədəbiyyat siyasətinin davam etdirilməsini və yaşadılmasını təmin etmişdir.

2. Vaqif Poeziya Günlərinin keçirilməsi ilə Şuşada – Qarabağda müasir şəraitdə ədəbiyyat və mədəniyyət ab-havasının qaytarılması gerçəkləşdirilmişdir.

3. Geniş tərkibdə Azərbaycan ziyalıları, elm və mədəniyyət xadimləri ilə yanaşı dövlət rəsmilərinin, millət vəkillərinin də iştirak etdiyi Vaqif Poeziya Günləri ədəbiyyat tədbirinin sədlərini aşaraq, mühüm ictimai-mədəni hadisə səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılışı mərasimindəki dərin məzmunlu və parlaq nitqi Qarabağa Böyük Qayıdış hərəkatı ilə ölkəmizin ədəbiyyat və mədəniyyət siyasətinin üzvü vəhdətinin canlı təcəssümünün ifadəsidir.

4. Ədəbiyyat hadisəsi kimi də Vaqif Poeziya Günləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mübariz ruhunun təntənəsi kimi səslənmişdir. Azərbaycan ədəbiyyatının ağsaqqal nəsillərinin – Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın, xalq yazıçısı Elçinin çıxışları və xalq şairi Nəriman Həsənzadənin  həyəcanlı şeiri ədəbiyyatımızın müdriklik və müasirlik ruhunun mesajlarıdır. Gənc nəsil şairlərin Molla PƏnah Vaqifin məqbərəsi qarşısında oxuduqları şeirlər Azərbaycan ədəbiyyatının yeni tarixi epoxadakı poetik monoloqlarıdır.

5. Vaqif Poeziya Günləri çərçivəsində keçirilmiş simpozium ölkəmizdə poeziya günləri ilə elmi fikrin əlaqələndirilməsinin ilk modelidir. Bu, böyük Məhəmməd Füzulinin vaxtilə dediyi «elmsiz şeir əsası yox divar olur» misrasındakı gerçəkliyin Şuşada həyata keçirilməsinin nümunəsidir. Fikrimizcə, bundan sonra başqa görkəmli şairlərimizin adı ilə əlaqədar keçirilmiş poeziya günlərində də paralel olaraq elmi konfransların keçirilməsi həm ədəbiyyatın və həm də elmin xeyrinə olar.

6 Nizami Gəncəvi ilində Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizdə ədəbiyyat və incəsənətin inkişafına dövlət səviyyəsində göstərilən böyük qayğının əməli ifadəsidir.

 7. Molla Pənah Vaqifin Şuşa şəhərindəki məqbərəsi önündə təşkil olunmuş Poeziya Günləri Böyük Qayıdışın poetik manifestidir.

- İşğaldan azad edilmiş şəhərlərimizin baş planında tarix müasirliyin vəhdətinin qorunması xüsusi diqqət çəkir. Onunla bağlı fikirlərinizi bilmək istərdik. Tarixi torpaqlarımıza Böyük Qayıdış ölkəmizin qarşısında hansı imkanları açacaq?

- Böyük Qayıdış – Qarabağın işğaldan azad edilməsinin və Qarabağa dönüşün İlham Əliyev Proqramıdır.

Böyük Qayıdış – Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikasıdır.

Böyük Qayıdış – ölkəmizin coğrafi xəritəsində yenidən salınmış çoxsaylı şəhərlərə və kəndlərə, xalqın istifadəsinə qaytarılmış geniş ərazilərə, münbit torpaqlara yeni həyatın gətirilməsi deməkdir.

Böyük Qayıdış – Azərbaycan Respublikasının hərbi cəhətdən ölkəmizin ayrılmaz bir parçası olan Qarabağın müdafiə olunmasında və iqtisadi-mədəni baxımından inkişaf etdirilməsində böyük addımlardır.

Böyük Qayıdışın ilk nümunəsi olan Zəngilan rayonundakı Ağıllı kənd layihələrinin icrasına başlanılması Böyük Quruculuq hərəkatındakı novatorluğun bariz nümunəsidir. Şuşa şəhərindəki Gövhər ağa məscidinin bərpası isə mövcud tarixi ənənənin qorunub saxlanılmasına canlı misaldır. Ənənə və novatorluq Qarabağın yenidən bərpasının qoşa qanadlarıdır. Ənənələrin yaşadılması Qarabağın tarixi simasının qorunub saxlanılmasına, novatorluğun tətbiq edilməsi isə inşaat və memarlıqda yeniləşdirmənin tətbiq edilməsinə imkan yaradır. Beləliklə, ənənə və novatorluğun üzvü şəkildə nəzərə alınması ilə tarixi müasirləşdirmənin üzvü sintezi əsasında XXI əsrin Qarabağının yeni yaşayış yerlərinin müasir görkəmi müəyyən edilir. Fikrimizcə, bu, düşünülmüş və məqbul bir quruculuq yoludur. Bununla belə, arzu edərdim ki, Qarabağın kəndləri və şəhərlərinin yenidən bərpası zamanı ermənilər tərəfindən dağıdılmış hər yaşayış yerinin bir hissəsinin, hətta viran qoyulmuş qəbristanlıqların bir parçasının açıq səma altında muzey kimi qorunub saxlanılmasına nail olunsun. Bu, Azərbaycanın yeni nəsillərinə erməni vəhşiliyinin miqyasını real olaraq çatdırmaq və vətənpərvərlik tərbiyəsini həyata keçirmək üçün çox faydalı olar.

- İsa müəllim, Azərbaycan məğlub Ermənistana düşdüyü çətin vəziyyətdən çıxmaq üçün növbəti şansı verərək, sülh müqaviləsinin imzalanmasını təklif eyni zamanda, «bu təklif masa üzərində əbədi saxlanmayacaq» çağırışını etdi. Qarşı tərəfin bu təklifi təxribatlar törətməklə, atəşkəsi pozmaqla cavablandırmasını neçə dəyərləndirirsiniz?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistana etdiyi sülh müqaviləsinin imzalanması çağırışı müstəqil dövlətimizin Qarabağda qazandığı tarixi Zəfərdən sonra regionda yaradılmış yeni reallığın ən gerçək tələbidir. Bu, Azərbaycan Prezidentinin müharibə yox, sülh tərəfdarı olmasının, ölkəmizin zorla müharibəyə təhrik və məcbur edilməsinin ifadəsidir. Ermənistana edilən sülh müqaviləsi təklifi Qafqaz regionunda sabitliyin əmin-amanlığın, qarşılıqlı etimadın və əməkdaşlığın təmin edilməsinə hesablanmış gerçək bir çağırışdır.

Sülh müqaviləsi qonşu dövlətlərlə – Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və İran İslam Respublikasının Cənubi Qafqaz Respublikaları ilə əlaqələrinin yenidən bərpa edilməsi və inkişaf etdirilməsi üçün müəyyən edilmiş ən düzgün və səmərəli strategiyadır.

Nəhayət, sülh müqaviləsinin imzalanması Ermənistan Respublikasının düçar olduğu dərin siyasi-iqtisadi və mənəvi böhranın burulğanından xilasının ən əlverişli və alternativsiz yoludur. Son aylarda Ermənistanın Sülh müqaviləsinə doğru addımlar atmaq əvəzinə ölkəmizin sərhədlərində atəşkəs rejimini pozması, müxtəlif təxribatlar törətməsi bu ölkədə hələ də ağılın deyil, eyforiyanın hökm sürməsinin əlamətləridir. Ermənistan Respublikasının  rəhbərliyinin Sülh müqaviləsindən qaçması onsuz da bədbəxt günə salınmış erməni xalqının daha dərin uçuruma doğru sürükləndirilməsi deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu Sülh müqaviləsi təklifi isə regionda möhkəm və etibarlı sabitliyin təmin edilməsinə, yeni nəqliyyat-kommunikasiya qovşaqlarının yaradılmasına, iqtisadi əlaqələrin genişləndirilməsinə, qarşılıqlı inteqrasiya proseslərinin qurulmasına təminat verən real birgə əməkdaşlıq platformasıdır.

Azərbaycanın təklif etdiyi və uğrunda mübarizə apardığı Zəngəzur dəhlizi Avropa ilə Asiyanı əlaqələndirən yeni beynəlxalq nəqliyyat qovşağının yaradılmasına xidmət edir. Bu, eyni zamanda, Ermənistan üçün də region ölkələri və dünya dövlətləri ilə əlaqələr qurmaq baxımından ən münasib çıxış yoludur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da blokadadan çıxarılması və ölkəmizin əsas hissəsindəki rayonlarla birbaşa əlaqələrinin yaradılması üçün də Zəngəzur dəhlizi çox əhəmiyyətli və əlverişli vasitədir. Nəticə etibarilə Zəngəzur dəhlizi məsələsinin həlli Azərbaycanın irəli sürdüyü Ermənistan Respublikası ilə Böyük Sülh Sazişinin müddəaları ilə bir-birini tamamlayır.

Prezident İlham Əliyevin Sülh Sazişi ideyası Böyük Qayıdışın fəlsəfəsini, reallığın və gələcək perspektivlərini əhatə edən uzaqgörən bir parlaq gələcək strategiyadır.

Azərbaycan xalqı ürəkdən inanır ki, xalqımıza tarixi Zəfər qazandıran Prezident İlham Əliyev ölkəmizdə sülhüm, əmin-amanlığın, yüksək rifahın və böyük inkişafın bundan sonra da davamlı şəkildə təmin edilməsinin daha parlaq nümunələrini göstərəcəkdir.

Regionda sülhün və əməkdaşlığın təmin edilməsi, Ermənistanın böhrandan xilas olması Sülh sazişi imzalanmadan həyata keçirilə bilməz.

Bütün bunlara görə Sülh sazişi təklifi Böyük Qayıdışın reallığı və böyük çağırışıdır.