YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda Zəfər Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən Şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, xalqımız artıq beş ildir ki, müasir tariximizin ən parlaq səhifəsini - Zəfər Gününü, yəni milli birliyimizin və iradəmizin təntənəsini böyük qürurla qeyd edir. Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, bu böyük qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın ölkə rəhbərinin ətrafında “dəmir yumruq” kimi birləşməsi nəticəsində qazanılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində geniş bərpa və yenidənqurma işləri aparılır. Yaşayış evləri, yol-nəqliyyat və iqtisadi infrastruktur sürətlə bərpa edilir, azad edilmiş torpaqlarda müasir standartlara uyğun yeni həyat qurulur.

Daha sonra çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Bu müharibə nəticəsində Azərbaycan xalqı işğal altında olan ərazilərini azad edərək tarixinin ən parlaq səhifəsini yazdı.

Faiq Qürbətov 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin tam suverenliyinin bərpa olunduğunu, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağımızın ucaldılmasının xalqımız üçün böyük qürur anı olduğunu qeyd edib. O, həmçinin bu il Zəfərin 5-ci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradın dövlətimizin qüdrətini, ordumuzun rəşadət və hünərini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid ataları, ərazi partiya təşkilatlarının sədrləri və digər iştirakçılar qeyd ediblər ki, Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Natiqlər bildiriblər ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq və iftixar dolu səhifəsidir, xalqımız isə dövlət başçısının ətrafında sıx birləşərək bu Zəfəri mümkün edib.

Tədbir çərçivəsində Təzəkənd kənd ərazi partiya təşkilatının sədri Rüdinil Bağırov 65 illik yubileyi münasibətilə YAP Biləsuvar rayon təşkilatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub.