YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda “Zəfər Kuboku” turniri keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Tovuz Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoru və Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat üzrə “Zəfər Kuboku” turniri keçirilib. Turnirdə 16 yaşadək məktəblilər iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Tədbiri Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə açaraq qeyd edib ki, Zəfər Gününün beşinci ildönümü münasibətilə rayon üzrə tədbirlər planına uyğun şəkildə müxtəlif tədbirlər keçirilir. O bildirib ki, turnirin məqsədi şagirdlər arasında idman hərəkatını gücləndirmək, məktəblilər arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq, komanda bacarıqlarını inkişaf etdirmək, milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.

Daha sonra çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov yarış iştirakçılarını salamlayaraq xalqımızı Azərbaycan tarixinin qızıl səhifələrindən biri olan Zəfər Günü münasibətilə təbrik edib. O vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı azad edib. Şəhidlərimizin yenilməz iradəsi və qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, bu Zəfər nəticəsində isə Azərbaycan regionda sülhün və inkişafın təminatçısına çevrilib.

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova Azərbaycanın zəngin şahmat ənənələrinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. O qeyd edib ki, bu ənənələr əsasında ölkəmizdə bir çox adlı-sanlı şahmatçılar yetişib və bu idman növü bu gün də dövlət qayğısı ilə əhatə olunur.

Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva isə çıxışında ölkəmizdə idmanın inkişafına və gənclər siyasətinə göstərilən dövlət qayğısından bəhs edib. O, bu kimi tədbirlərin gənclərin intellektual inkişafına və komanda bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Ümumilikdə 64 şagirdin qatıldığı turnir gərgin və maraqlı mübarizə şəraitində keçib. Yarışın sonunda oğlan və qızlar arasında I, II və III yerləri tutmuş şahmatçılar kubok, medal və diplomlarla təltif olunublar.