YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev Milli Konstitusiyanın müəllifidir” mövzusunda dəyirmi masa keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının inzibati binasında “Heydər Əliyev Milli Konstitusiyanın müəllifidir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyasının hazırlanması və qəbulunda oynadığı tarixi rolu vurğulayıb. Sahib Şükürov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması mühüm və rəmzi xarakter daşıyır. Bu qərar həm dövlət müstəqilliyimizin və hüquqi əsaslarımızın möhkəmləndirilməsi istiqamətində atılmış addımlara diqqət çəkmək, həm də Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə verilən yüksək qiymətin bariz ifadəsidir.

Daha sonra çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova bildirib ki, Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunub. Bu mühüm sənədin hazırlanması və qəbulu dövlətçilik təcrübəsinə malik bir lider olan Heydər Əliyevin siyasi uzaqgörənliyi, dərin hüquqi bilikləri və xalqına olan sarsılmaz inamı nəticəsində mümkün olub.

Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, partiya fəalları Nərmin Abışova, Ülkər Abdullayeva, Firəngiz Məmmədyarova və “Göyçay” qəzetinin baş redaktoru Adil Məmmədov vurğulayıblar ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq müasir hüquqi dövlətin təməlini qoyub.

Çıxışlarda, həmçinin qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması müstəqil dövlətçiliyimizin hüquqi əsaslarına verilən dəyərin və konstitusiya dəyərlərinin cəmiyyətimizdə daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımdır.