Xəbərlər
Etimadın daha bir göstəricisi
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Qazaxıstan dünyanın iqtisadi səhnəsində özünəməxsus rolu olan bir ölkədir və bu səbəbdən də ölkələrimiz arasındakı münasibətlərin inkişafı hər iki dövlətin maraqlarına cavab verir. Azərbaycan ilə Qazaxıstan arasında tranzit sahəsində əlaqələrin inkişaf etdirilməsi Asiya ilə Avropa arasında körpü rolu oynayır. Şübhəsiz ki, həm Azərbaycan, həm də Qazaxıstan liderlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafına böyük dəstək və təkan verir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana dövlət səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi bazanın yaradılması gələcəyə daha böyük əminliklə baxmağı şərtləndirir. İki ölkə arasında bu günədək 170 sənəd imzalanıb. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Artıq 20 ildir ki, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə mövcuddur. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Cənab İlham Əliyevin bu dəfəki səfərində də müxtəlif istiqamətlər üzrə 10-dan artıq sənəd imzalandı.
Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir.
Azərbaycan və Qazaxıstan Prezidentlərinin təkbətək görüşündə, həmçinin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iki ölkənin ayrı-ayrı sahələrdə uğurla inkişaf edən əlaqələrindən geniş bəhs edildi. Prezidentlərin mətbuata birgə bəyanatları da münasibətlərimizin təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev bildirdi ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə vurğuladı ki, qardaş Azərbaycan xalqının liderini, görkəmli dövlət xadimi Prezident İlham Əliyevi qazax torpağında qəbul etmək bizim üçün böyük şərəfdir. Ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək.
Möhkəm təmələ əsalanan Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir. İki dost ölkə yalnız ikitərəfli deyil, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Dövlət başçısı İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs etdi. Bu reallığa diqqəti yönəltdi ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Azərbaycan və Qazaxıstan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır.
