YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluğumuzun rəmzi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Əminəm ki, bu səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək. Əminəm ki, bu gün əldə olunan razılaşmalar ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.” Oktyabrın 20-də Qazaxıstanda dövlət səfərində olan cənab İlham Əliyev ilə qazaxıstanlı həmkarının  mətbuata birgə bəyanatlarında Kasım-Jomart Tokayev bu məqamı da qeyd etdi ki, Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirirəm. Cənab İlhamƏliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir.

Qazaxıstan ilə Azərbaycan arasında müttəfiqlik, tərəfdaşlıq münasibətlərinin parlaq və ümidverici gələcəyi var. Prezident İlham Əliyev bildirdi ki, Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir. Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur. Xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib. O da qeyd edildi ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı Böyük Qayıdış layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir.

Dövlət başçısı İlham Əliyev səfərdən əvvəl “Kazinform” agentliyinə müsahibəsində də bu məqamlara xüsusi diqqət yönəltmişdi. Ölkələrimiz arasında hərtərəfli tərəfdaşlığın və qarşılıqlı strateji fəaliyyətin  müştərək səylərimizi nümayiş etdirdiyini bildirən cənab İlham Əliyev vurğuladı ki,  bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.

Cənab İlham Əliyev bu reallıqları da diqqətə çatdırdı ki, ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Azərbaycan-Qazaxıstan əlaqələri  bütün sahələrdə uğurla inkişaf edir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə  mühüm təsir göstərir.  İki ölkə  arasında  imzalanan sənədlər münasibətlərin xarakterini  nümayiş etdirir.