YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri xalqımıza qürur və sevinc hissi yaşadır

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Qubadlı şəhərinin azad edildiyi gün Qubadlı sakinləri və bütün Azərbaycan xalqı üçün qürur, iftixar və vətənpərvərlik rəmzidir. 2020-ci ilin həmin tarixi günündə Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etməklə Vətən müharibəsində növbəti parlaq qələbəyə imza atdı.

Qubadlının azad edilməsi yalnız hərbi uğur deyil, həm də ədalətin, haqqın və xalqın iradəsinin təntənəsi idi. 27 il düşmən tapdağı altında qalan bu qədim diyarın azad olunması xalqımıza böyük ruh yüksəkliyi və gələcəyə inam bəxş etdi.

44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Qısa müddət ərzində şəhərin baş planı təsdiqlənmiş, müasir infrastruktura malik Ağıllı şəhər konsepsiyasına uyğun tikinti və abadlıq layihələri icra olunmağa başlanmışdır.

Bu gün Qubadlıda yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, sosial obyektlər, yol və enerji infrastruktur layihələri həyata keçirilir. Qayıdış prosesi artıq reallığa çevrilir – doğma torpaqlarına qovuşan qayıdışçılar üçün müasir şərait yaradılır. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yollarının tikintisi regionun logistikasında mühüm rol oynayacaq. Bu yollar həm iqtisadi dövriyyəni, həm də əhalinin rahat hərəkətini təmin edəcək. 27 oktyabr 2021-ci ildə yaradılan “Qubadlı” gömrük postu strateji əhəmiyyətli sərhəd nəzarəti sisteminə çevrilib. Bu post təkcə təhlükəsizlik funksiyası daşımır, həm də azad edilmiş ərazilərdə iqtisadi dövriyyənin qanuni əsaslarla tənzimlənməsini təmin edir.

Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva 2021-ci ilin oktybrında və 2023-cü ilin mayında Qubadlıya səfər etməsi, burada aparılan tikinti və bərpa işləri ilə yaxından tanış olması, vətəndaşlarla görüşərək Qubadlının yenidən dirçəlməsi istiqamətində vacib tapşırıqlar verməsi Qubadlıya dövlətin diqqət və qayğısının bariz nümunəsidir.

Qubadlı rayonunun hər guşəsində Azərbaycanın gücü, dövlətimizin qayğısı və xalqımızın yenilməz ruhu hiss olunur. Qubadlı şəhərinin azad edilməsi və bərpası bir daha sübut etdi ki, Azərbaycan dövləti və xalqı torpaqlarının azadlığı, inkişafı naminə hər zaman bir yumruq kimi birdir.

25 oktyabr - Qubadlı şəhəri günü təkcə bir tarix deyil, bu gün qəhrəmanlıq, birlik və milli iradə günüdür. Hər il bu gün Qubadlı şəhərinin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla anılır, Qubadlının yenidən qurulması istiqamətində görülən işlər xalqımıza qürur və sevinc hissi yaşadır. Bu gün dirçələn Qubadlı qalib Azərbaycanın qüdrətinin, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən siyasətinin və xalqımızın sarsılmaz iradəsinin rəmzidir.