YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı etimad, səmimi münasibət

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Oktyabrın 20-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət   səfəri, səfər çərçivəsində Prezidentlərin təkbətək görüşü, imzalanan sənədlər, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı iki ölkənin münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynadı.

Xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir.  İki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri vardır. Ölkələrimizin  30 ildən artıq  əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır. Bu baxımdan ölkələr arasında əlaqələrin inkişafında etimad əsas amildir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi qarşıdakı hədəflərin müəyyənləşdirilməsində mühüm addım kimi dəyərləndirildi. İmzalanan bir sıra yeni sənədlər  çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək.

Qeyd etdiyimiz kimi, əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlərdə diqqəti çəkən əsas məqam Prezidentlərin təkbətək görüşləridir. Bu görüşdə aktual məsələlər ətrafında aparılan müzakirələr qarşıda duran hədəflərə bələdçilik edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  görüşdə bildirdi ki, Sizi Qazaxıstan Respublikasında rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir. Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün böyük prioritetdir. İqtisadi-ticari, siyasi tərəfdaşlığın inkişaf etdirilməsi bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir. Prezident İlham Əliyev vurğuladı ki, biz qardaş Qazaxıstan xalqına münasibətdə də eyni hissləri bölüşürük. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. İkitərəfli münasibətlərimizə gəldikdə isə biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.

Prezidentlərin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışları, mətbuata bəyanatları iki ölkənin münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib.  Bakı və Astananın fəal qarşılıqlı fəaliyyətinin ciddi geosiyasi əhəmiyyət daşıdığını əsaslı şəkildə diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir.  Cənab İlham Əliyev mətbuata bəyanatında da Zəngəzur dəhlizinin açılması məsələsindən danışaraq vurğuladı ki, hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər. O da qeyd olundu ki, TRIPP layihəsi mütləq reallaşdırılacaq.  Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq.

Cənab İlham Əliyev Qazaxıstana dövlət səfərindən öncə “Kazinform” agentliyinə verdiyi müsahibəsində də iki ölkənin tarixə söykənən əlaqələrindən, gələcək inkişafından geniş bəhs edərək  bildirdi ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.