YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qazaxıstan əlaqələri möhkəm təmələ əsaslanır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşıb. Qarşılıqlı səfərlər bunun bariz nümunəsidir. Azərbaycan ilə Qazaxıstan arasında hər bir sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi, siyasi, ticari-iqtisadi, mədəni-humanitar əlaqələr daha da möhkəmlənir.   Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Ortaq soykökə və ümumi tarixə söykənən Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə yüksəlir. Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir.

Bu reallıqlar cənab İlham Əliyevin bu günlərdə Qazaxıstana dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərdə, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışlarda, Prezidentlərin mətbuata bəyanatlarında, həmçinin dövlətimizin başçısının səfərdən əvvəl “Kazinform” agentliyinə verdiyi müsahibəsində bir daha diqqətə çatdırıldı.

Azərbaycan ilə Qazaxıstan  arasında diplomatik əlaqələr 1992-ci il avqustunda  yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Azərbaycan-Qazaxıstan əlaqələri türk dövlətlərinin bir araya gəldiyi Türk Dövlətləri Təşkilatında uğurla inkişaf edir. Bu təşkilat siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. Cənab İlham Əliyev istər Qazaxıstan səfərində, istərsə də sözügedən  müsahibəsində türk dünyasının birliyini xüsusi qeyd etdi. Vurğulandı ki, birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.

Möhkəm təmələ əsaslanan Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır. Strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olan Azərbaycan-Qazaxıstan əlaqələrinin kompleks şəkildə möhkəmləndirilməsi üçün Ali Dövlətlərarası Şuranın təsis edilməsi, artıq ikinci iclasının keçirilməsi mühüm addımdır. Dövlət başçısının Qazaxıstana səfəri zamanı keçirdiyi görüşlərdə müzakirə olunan beynəlxalq və regional məsələlər, müxtəlif sahələr üzrə sənədlərin imzalanması xoş gələcəkdən xəbər verir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş uğurlar ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolu əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illərdə daha da inkişaf edib. Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Sözügedən səfərdə təhlükəsizlik məsələləri, Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfələri geniş müzakirə edildi. Qazaxıstan Qarabağ məsələsində ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazının adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü, artıq onun reallığa çevrilməsi də iki xalq arasında əsl dostluğun, qardaşlığın rəmzi, tarixi Zəfərimizin yeni reallıqlarının təqdimatıdır. Azərbaycan-Qazaxıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib.