YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı şəhəri günü: İşğaldan azad edilən torpaqlarımızda yeni həyat

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Beş  il öncə  Azərbaycan Ordusu yazdığı tarixlə xalqımızın səbirsizliklə gözlədiyi bu günləri bəxş etdi. Artıq  qələbə günlərini, torpaqlarımızın işğaldan azad olunduğu tarixləri böyük qürur hissi ilə qeyd edirik.

Oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür. Qubadlının azad olunmasından beş   il ötür. Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Bu gün Qarabağ münaqişəsi tarixə qovuşsa da, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün  qarşı tərəfə sülh təklifi edilsə də mənfur düşmənin 30 ildə bu torpaqlarımızdakı vəhşiliklərini, çox da uzaq olmayan 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi, həmçunin Kəlbəcərin, Laçının boşaldılması zamanı  törətdikləri  təxribatları, vandalizmi unutmamışıq. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışıq.

Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.  Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub. 

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il dekabr ayının 23-də Qubadlı rayonuna səfər etdilər. Səfər zamanı Müzəffər Ali Baş Komandan Qubadlı şəhərində Azərbaycan Bayrağını ucaltdı.   Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin 2021-ci il 25 oktyabrda Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Ölkə Prezidenti   görüşdə hazırda Qubadlıda görülən işlər və gələcək planlarla bağlı fikirlərini açıqladı.  İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qubadlının yenidən qurulacağı, tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqları bildirildi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.  İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir.

2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib.   Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib.

Qubadlının Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur. Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 28,5 kilometr uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir.

Digər azad edilmiş torpaqlarda olduğu kimi, Qubadlıda da quruculuq, bərpa işləri, müasir nəqliyyat, enerji və sair sosial-iqtisadi infrastruktur layihələri icra olunmaqdadır. Qubadlı böyük potensiala malikdir. Zəngin təbiəti, təbii sərvətləri vardır. Həkəri, Bazarçay, Bəsitçay və Tərtər çayı vasitəsilə  su resurslarımızdan da səmərəli istifadə etmək imkanı qazandıq. Ən əsas məsələ  Qubadlı sakinlərinin də  bölgənin inkişaf konsepsiyasında yaxından iştirak etməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin   görülən işlərlə yaxından tanış olmaq üçün mütəmadi bölgələrə səfəri ictimaiyyətdə böyük rəğbət hissi yaradır.