Xəbərlər
Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 oktyabr 2025-ci il tarixində Qazaxıstanın “Kazinform” dövlət informasiya agentliyinə verdiyi geniş və məzmunlu müsahibə bir daha sübut edir ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə dövlətlərarası deyil, eyni zamanda xalqlarımızın ortaq mənəvi, tarixi və mədəni irsinə söykənən sarsılmaz qardaşlıq telləri ilə bağlıdır. Dövlət başçımızın fikirləri açıq şəkildə göstərir ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri zamanın sınağından uğurla çıxmış, dərin köklərə malik və ardıcıl surətdə inkişaf edən möhkəm bir bazaya əsaslanır. Prezident İlham Əliyev bu münasibətlərin əsl nümunəvi modelə çevrildiyini və qarşılıqlı hörmət, etimad və ortaq məqsədlərə əsaslandığını çox düzgün və dəqiq şəkildə ifadə edib. Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, son üç ildə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi dialoqun intensivliyini və iki ölkə arasında olan münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqləyir. Bu səfərlər, eyni zamanda, regional və beynəlxalq miqyasda ölkələrimizin ortaq mövqelərinin formalaşmasına, aktual məsələlərin çevik və koordinasiyalı şəkildə həllinə imkan yaradır. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələr Türk Dövlətləri Təşkilatı çərçivəsində də daha da güclənib və bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də mədəni sahələri əhatə edir. Ötən il Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü, eləcə də bu yaxınlarda Qəbələdə baş tutan 12-ci Zirvə Görüşü bu birliyin real nəticələr verdiyini bir daha nümayiş etdirdi. Bu zirvələrdə qəbul olunan mühüm qərarlar Türk dünyasının iqtisadi, siyasi və müdafiə potensialının artırılmasına, regional sabitliyin və rifahın təmininə xidmət edir. Eyni zamanda, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşası Qazaxıstanın Azərbaycana mənəvi dəstəyinin və humanitar sahədə əməkdaşlığın parlaq nümunəsidir. Bu təşəbbüs, bir təhsil layihəsi olmaqla yanaşı, həm də türk dünyasının ortaq dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin dinamik və davamlı artım tempini vurğulayaraq, ticarət dövriyyəsinin ötən ilə nisbətən üç dəfədən çox artdığını qeyd etdi. Bu, Orta Dəhliz kimi strateji əhəmiyyətli nəqliyyat marşrutunun və infrastrukturun modernləşdirilməsinin real nəticəsidir.
Millət vəkilinin sözlərinə görə, hazırda ölkəmizdə Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-yə yaxın kommersiya strukturunun qeydə alınması iqtisadi mühitə olan yüksək inamın təzahürüdür. Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı sərmayələrin həcmi iki ölkənin uzunmüddətli iqtisadi tərəfdaşlığa sadiqliyinin bariz göstəricisidir. Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhliz vasitəsilə yük daşımalarının artırılması təkcə iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi mənzərəsinin dəyişməsinə səbəb olan amildir. Dövlətimizin başçısının vurğuladığı kimi, 2024-cü ildə tranzit daşımaları 20 faiz artaraq 3,5 milyon tondan çox olması, Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutuna çevrildiyini nümayiş etdirir. Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı fiber-optik kommunikasiya xətləri isə nəqliyyat və informasiya texnologiyaları sahəsində rəqəmsal inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihə ölkələrimiz arasında əməkdaşlığı yeni rəqəmsal dövrün tələblərinə uyğun bir mərhələyə daşıyacaq.
Fatma Yıldırım qeyd edib ki, müsahibə zamanı cənab İlham Əliyevin Xəzər dənizində yaranmış ekoloji təhlükələr barədə dedikləri çox ciddi və düşünülmüş xəbərdarlıqdır. Dayazlaşma prosesi təkcə ekoloji deyil, həm də iqtisadi və sosial fəsadlara səbəb ola bilər. Burada bütün Xəzəryanı dövlətlərin birgə və koordinasiyalı fəaliyyətinə böyük ehtiyac var. Prezident İlham Əliyev bu istiqamətdə Azərbaycanın lider mövqeyini bir daha nümayiş etdirib və region dövlətlərini ortaq məsuliyyətə çağırıb.
Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi iki ölkə arasında münasibətlərin real vəziyyətinin dolğun ifadəsi olmaqla yanaşı, həm də gələcək əməkdaşlığın strateji yol xəritəsidir. Azərbaycan ilə Qazaxıstan arasındakı dərin qardaşlıq münasibətləri regional sabitliyin və inkişafın mühüm təminatçılarından biridir, - deyə Fatma Yıldırım vurğulayıb.