YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfər müasir dövrün ən möhtəşəm nailiyyətlərindən biridir

Anar Məmmədov

Milli Məclisin deputatı

Beş il öncə - 44 günlük Vətən müharibəsinin 24-cü günündə, oktyabrın 20-də Zəngilanın azad olunması əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addım oldu.

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib. Oktyabrda işğal edilən Zəngilan elə oktyabrda da işğaldan azad edildi. Bu müjdəli xəbəri xalqa 44 günlük Vətən müharibəsinin 24-cü günündə Ali Baş Komandan İlham Əliyev verdi: “Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: “Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”. Ali Baş Komandan bəyan edir ki, Azərbaycan Ordusu öz missiyasını yerinə yetirir, düşmənə layiqli cavab verilir, erməni əsgəri igid oğullarımızın qarşısında acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

Zəngilan işğal illərində yerlə-yeksan olunmuşdur. Ermənistanın faşist ordusu rayondakı tarixi abidələri, mədəniyyət ocaqlarını, məscid və qəbiristanlıqları, eləcə də yaşayış məntəqələrinin əksəriyyətini, sosial-iqtisadi infrastrukturları dağıdaraq vəhşi xislətini ortaya qoymuşdu. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” Dövlət Təbiət Qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.

İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən də vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.

Böyük Qayıdışın ilk addımlarından biri də məhz Zəngilan rayonunda atılmışdır. Beləki, işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi. Zəngilanda, xüsusilə də ilk “Ağıllı kənd” layihəsinin icra olunduğu Ağalı kəndində sürətli bərpa və yenidənqurma işləri, həmçinin yaşayış komplekslərinin, infrastruktur layihələrinin və Zəngəzur dəhlizi boyunca avtomobil və dəmir yolu layihələrinin həyata keçirilməsi bu günün əhəmiyyətini artırır.